ANA SƏHİFƏ » Qərarlar » 17.06.03 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair

 
 
Azərbaycan Respublikası adından
 
Azərbaycan  Respublikası
Konstitusiya  Məhkəməsinin
 
Q Ə R A R I
 
Azərbaycan  Respublikası Əmək Məcəlləsinin 115-ci
maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair
 
 
17 iyun 2003-cü il                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Ə. Sultanov (Sədrlik edən), hakimlər: F.Babayev,
B.Qəribov(məruzəçi-hakim),R.Qvaladze,E.Məmmədov,
İ. Nəcəfov S. Salmanovadan ibarət tərkibdə,
İ. İsmayılovun katibliyi ilə,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B. Əsədov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Ümumi Şöbə müdirinin müavini İ. Əbdüləzizov və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq şöbəsinin böyük referenti H. Əşrəfovun,
ekspert, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin mülki-proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri namizədi A. Qasımovun,
mütəxəssislər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti idarəsinin rəisi T. Məmmədovanın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin müdiri Ə. Əfəndiyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 15 may tarixli № 8-4/03 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
hakim B. Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri B.Əsədov, İ.Əbdüləzizov və H. Əşrəfovun çıxışlarını, ekspert A.Qasımovun rəyini, mütəxəssislər T. Məmmədova və Ə. Əfəndiyevin arayışlarını dinləyib, konstitusiya işinin materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsində əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə, 116-cı maddəsinin birinci hissəsində isə əmək stajından asılı olaraq əlavə məzuniyyət verildiyinin müəyyənləşdirildiyini, bu Məcəllənin 136-cı maddəsinin ikinci hissəsində isə işçinin eyni vaxtda həmin Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilməsinin göstərildiyini qeyd edir. Əlavə məzuniyyətlərin cəmlənməsi qaydası haqqında Əmək Məcəlləsinin 136-cı maddəsinin ikinci hissəsinin aydın tərtib edilmədiyi üçün onun tətbiqinin idarə, müəssisə və təşkilatların fəaliyyətində, habelə məhkəmə təcrübəsində çətinlik yaratdığına, vahid məhkəmə təcrübəsinə mənfi təsir etdiyinə əsaslanaraq, Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci, 116-cı maddəsinin birinci, 136-cı maddəsinin ikinci hissələrinin şərh edilməsini xahiş edir.
İşin materiallarına düzgünlüyü Azərbaycan Respublikasının Milli Məclisi Aparatında təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115, 116 və 136-cı maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar qeyd edir ki, istirahət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquqlar və azadlıqlar sırasındadır.
Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda  da öz əksini tapmışdır. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixdən Azərbaycan Respublikasının qoşulduğu  Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.
Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq istirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri də Azərbaycan Respublikasının Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır.
Konstitusiya Məhkəməsinin 2000-ci il 29 noyabr tarixli qərarında qeyd edildiyi kimi işçilərə əsas məzuniyyətlərlə yanaşı əməyin xarakterindən və əmək stajından asılı olaraq əlavə məzuniyyət müddətinin verilməsi bir tərəfdən əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar işçilərin səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət səmərəli işləmələrinə görə mükafatlandırılmasına yönəlib.
Əmək Məcəlləsinin məzuniyyətin növlərini nəzərdə tutan 112-ci maddəsinin birinci hissəsinin «a» bəndinə görə əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir.
Bu Məcəllənin 113-cü maddəsinin ikinci hissəsində göstərilir ki, əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub istər birlikdə istərsə də ayrılıqda verilə bilər.
Həmin Məcəllənin 115-ci maddəsinin birinci hissəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci hissəsində qeyd olunur ki, əmək stajından asılı olaraq işçilərə, beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü,  on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.  O  da qeyd olunmalıdır ki, əmək stajına o cümlədən əmək şəraitinə görə əlavə məzuniyyətlər bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş işçilərə tətbiq edilmir.
Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənməsi qaydasını müəyyənləşdirən Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
Həmin maddənin ikinci hissəsində isə qeyd olunur ki, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Qanunverici tərəfidən  Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərin mahiyyətləri müxtəlifdir.
Belə ki, 115-ci maddədə müəyyənləşdirilən əlavə məzuniyyət müddətləri ilk növbədə əmək öhdəliklərini yerinə yetirən zaman işçinin sağlamlığına zərər yetirən mənfi amillərin təsirini kompensasiya etmək məqsədi güdürsə, 116-cı maddədə göstərilən əlavə məzuniyyətlərin müddətləri işçinin təssərüfat sahəsində uzun müddət işləməsinin stimullaşdırılmasına xidmət edir.
İşçinin əmək stajına görə, əlavə məzuniyyət hüququnun qanunvericilikdə nəzərdə tutulan müəyyən iş stajına malik olduğu andan, yaranmasından fərqli olaraq, əmək şəraitinə və əmək funsiyalarının xususiyyətlərinə görə, əlavə məzuniyyət hüququnun əmələ gəlməsi işçinin əmək şəraiti zərərli və ağır olan müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində üst-üstə azı altı ay işlədiyi müddətin mövcudluğu ilə əlaqələndirilmişdir.
Bu hal, digər əsaslarla yanaşı, göstərilən hüquqların hüquqi təbiətinə görə birini digərindən fərqləndirən əsas amillər sırasındadır.
Əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə, işçilərin sağlamlığına pis təsir göstərən neqativ amillərin intensivliyi və davamlılığını, müxtəlif peşə xəstəliklərinə daha tez tutulmaq təhlükəsinin reallığını əsas götürərək, qanunverici Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsində əlavə məzuniyyətlərin müddətlərinin aşağı həddini müəyyənləşdirmişdir.
Bununla belə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrindəki bir neçə əlavə məzuniyyətlərə hüququn mövcudluğu heç də onlardan eyni vaxtda tam həcmdə istifadə edilməsini nəzərdə tutmur. Məcəllənin 136-cı maddəsinin ikinci hissəsinə görə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində  müəyyənləşdirilmiş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Belə ki, Məcəllənin 115-ci maddəsinin birinci hissəsinin məzmunundan aydın olur ki, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Bu maddənin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının, əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyini nəzərdə tutan ikinci hissəsindən belə qənaətə gəlinir ki, qanunverici əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə bir neçə əlavə məzuniyyət müddətini müəyyənləşdirir.
Əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə konkret üç əlavə məzuniyyət müddəti göstərilir.
Həmin Məcəllənin 136-cı maddəsinin birinci hissəsində qeyd olunur ki, bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrdə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyət hüquqlarını tanımaqla onların müddətlərinin əsas məzuniyyətlə cəmlənərək birlikdə verilməsini imperativ norma kimi müəyyənləşdirir. İşçiyə məzuniyyət verilərkən, bu hüquqlardan hər hansı birinin əsas məzuniyyətə birləşdirilməsinin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatdan kənarda qalmasına və deklarativ xarakter daşımasına zəmin yaratmış olardı.
Qanunverici sosial hüquqların tənzimlənməsi və iqtisadi məsələlərin həll edilməsində kifayət qədər geniş səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Milli Məclisi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsaslanmaqla, konstitusiya hüququndan istifadə edərək Əmək Məcəlləsinin 136-cı maddəsinin ikinci hissəsində işçinin əsas məzuniyyətinə bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətlərdən yalnız birinin, daha çox müddətlisinin birləşdirilməsini nəzərdə tutmuşdur.
Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə, əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 saylı Fərmanına əsasən bu səlahiyyətin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verildiyinə baxmayaraq, qeyd olunan sənəd təsdiq olunmamışdır.
Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.
         Yuxarıdakiları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası  Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi:      
 
QƏRARA  ALDI:
 
 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müddəasının icrasını təxirə salınmadan təmin etsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar  «Azərbaycan»  qəzetində  və  « Azərbaycan    
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı» nda dərc edilsin.
5.      Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə  bilməz.
         
 
Sədrlik edən,                                                                          Ələddin Sultanov