ANA SƏHİFƏ » Qərarlar » 27.03.03 2003–cü il martın 5–də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində AR Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A   R  I
 
2003–cü il martın 5–də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı
Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli  Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələrinə dair
 
 
27 mart 2003-cü il                                                                                                   Bakı şəhəri
 
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nə­cə­fov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi V.Zeynalovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katib Q.Orucovun, üzvləri V.Əsədov, T.Həsənov, R.İb­­rahimov, V.Kazımova, İ.Məmmədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə, A.Ta­­ğıyev, F.Cavadov, Ə.Əliyev və X.Əhmədovun,
mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə müvafiq olaraq xüsusi konstitusiya  icraatı qaydasında açıq məhkəmə iclasında 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə  keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.
Hakim B.Qəribovun məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Ko­mis­siyasının sədri  M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibi Q.Oru­co­vun, üzvləri F.Javadov, A.Tağıyev, İ.Məmmədov, T.Həsənov, A.Minbaşı, X.Əhmə­dovun cıxışlarını dinləyib, mütəxəssislər H.Hüseynova və U.Həmidovanın rəylərini nəzərə alaraq, Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi
  
M Ü Ə Y Y Ə N   E T D İ:
 
2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki  Komissiyası 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə   keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının 1 saylı  protokollarını və qanuna müvafiq olaraq ona əlavə edilən sənədləri 2003-cü il martın 17-də Azərbaycan Respublikasının  Konstitusiya  Məhkəməsinə təqdim  etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə  əsasən Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin  nəticələrinin düzgünlüyünü qanunla müəyyən  edilmiş qaydada yoxlayır və təsdiq edir.
«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası  Qanununun  75-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi  müvafiq  mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı dairə seçki  komissiyalarının I saylı protokollarının (ona əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlamışdır.
Təqdim edilmiş sənədlərdən görünür ki, 2003-cü il martın 5-də göstərilən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Prokurorluğuna, Ali Məhkəməsinə, Apellyasiya Məhkəməsinə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən  birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulmasına dair şikayətlərin daxil olub-olmaması və daxil olubsa onlara qanunla müəyyən edilmiş qaydada baxılmasının nəticələri barədə arayış verilməsi üçün sorğu göndərmişdir.
Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsindən daxil olmuş 2003-cü il 19 mart  tarixli məktubda qeyd olunur ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı yalnız 14 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyin qeydə alınması ilə bağlı bir şikayət ərizəsi daxil olmuşdur.
Həmin ərizə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 27 fevral tarixli qərardadı ilə 14 saylı birmandatlı seçki dairəsinin olduğu yerə görə baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. 
Bu məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon məhkəməsindən daxil olmuş 2003-cü il 19 mart tarixli, 21 saylı arayışda göstərilir ki, şikayətçinin müraciətinə əsasən bu məhkəmənin 2003-cü il 11 mart tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 25 mart tarixli, 3M–585/03 saylı  məktubundan görünür ki, 2003-cü il martın 5-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair heç bir şikayət daxil olmamışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2003-cü il 24 mart tarixli, 02/1-165 saylı məktubunda da göstərilir ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş  əlavə seçkilərlə bağlı məhkəmələrin məlumatlarına əsasən vətəndaşların seçki hüquqlarının pozulması  barədə şikayətlər daxil olmamışdır.
Azərbaycan Respublikası Prokurorluğunun 2003-cü il 24 mart tarixli, 07/137-1066 saylı məktubunda qeyd olunur ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulması haqqında Azərbaycan Respublikasının Prokurorluğuna hər hansı şikayət daxil olmamışdır.
İşdə olan sənədlərin və mütəxəssislərin rəylərinin təhlili göstərir ki, 2003-cü il martın 5-də  14 saylı Qaradağ,  69 saylı İsmayıllı, 91 saylı Xanlar-Daşkəsən birmandat­­lı seçki dairələrində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş əlavə seç­kilər üzrə dairə seçki komissiyaları tərəfindən tərtib edilmiş I saylı protokollar və onla­ra əlavə edilmiş sənədlər “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haq­­qında” Azərbaycan Respublikasının Qanununa uyğundur.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini, “Konstitusiya Məh­kəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
Q Ə R A R A   A L D I:
 
1. 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə  keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.
2. Qərar elan olunduğu gündən quvvəyə minir.
3. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev