ANA SƏHİFƏ » Qərarlar » 25.03.03 AR Mülki Prosessual Məcəlləsinin 71.4-cü maddəsinin AR Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və 61-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.4-cü maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinin I hissəsinə və
61-ci maddəsinin I hissəsinə  uyğunluğunun yoxlanılmasına dair
 
 
25 mart 2003-cü il                                                                                                     Bakı şəhəri
 
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin,
cavabverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı İ.Babayevin,
ekspert Bakı Dövlət Universiteti hüquq fakültəsinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi M.Dəmirçiye­va­nın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 14 yanvar tarixli 8-1/2003 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, tərəflərin nümayəndələri Ə.Mirzə­li­yev və İ.Babayevin çıxışlarını, ekspert M.Dəmirçiyevanın rəyini dinləyib, konstitusiya işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.4-cü maddəsinə əsasən həmin Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar və əsaslar olduqda işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər.
Mülki Prosessual Məcəllənin 19.2.2-ci maddəsinə əsasən o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və ya qohumu olmuşsa, ya da  qohumluq əlaqəsindədirsə, işdə iştirak  edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər. Məcəllənin 19.2.3-cü maddəsinə görə isə, o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, onda işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz  oluna bilər.
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Mülki Prosessual Məcəllənin 71.4-cü maddəsinin insan hüquq və azadlıqarının müdafiəsi üsullarını məhdudlaşdırdığını göstərir və onun Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.
İşin materiallarına Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş   Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 20, 69 və 71-ci maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.
Mülki prosessual qanunvericilikdə şəxsə hüquq və azadlıqlarını bilavasitə və ya nümayəndə vasitəsilə həyata keçirməsi imkanı yaradılmışdır.
Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayyəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.
Məhkəmədə nümayəndəlik dedikdə təmsil edilən üçün daha əlverişli qərar qəbul edilməsi məqsədilə, habelə onun hüquqlarının həyata keçirilməsinə yardım edilməsi, prosesdə onun hüquqlarının pozulmasının qarşısının alınması və mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə köməklik göstərilməsi üçün bir şəxsin digərinin maraqları naminə təmsil edilənin adından ona verilmiş səlahiyyətlər daxilində  məhkəmədə  fəaliyyəti nəzərdə tutulur.
Məhkəmədə nümayəndə vasitəsilə öz işlərini mülki prosesin bütün iştirakçıları deyil, yalnız tərəflər, mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxslər və mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər apara bilərlər.
Məhkəmədə nümayəndəliyin zəruriliyi müxtəlif hallarla şərtlənir. İşdə iştirak edən bəzi şəxslər mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadıqları üçün (yetkinlik yaşına çatmayanlar, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər) məhkəmədə öz işlərini şəxsən apara bilmirlər, ona görə də onların hüquqlarını nümayəndələri müdafiə edirlər. Hüquqi şəxslərin məhkəmədə bilavasitə iştirakı mümkün olmadığı üçün onlar da öz prosessual hüquq və vəzifələrini nümayəndələri vasitəsi ilə həyata keçirirlər.
Nümayəndəlik həmçinin insan hüquq və azadlıqlarının məhkəmədə  müdafiə olunması üçün işdə iştirak edən şəxslərin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan istifadə etmək arzusundan irəli gəlir. Bu isə bilavasitə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında öz əksini tapmışdır.
Belə ki, məhkəmədə nümayəndəlik vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiə hüququnun (60-cı maddəsinin I hissəsi) həyata keçirməsinə imkan yaradır.
Bundan başqa, Konstitusiyanın 61-ci maddəsinin I hissəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Lakin mülki prosessual qanunvericiliyin bəzi müddəaları vətəndaşların yuxarıda göstərilən konstitusiya hüquq və azadlıqlarını həyata keçirməsinə mane olur.
Belə ki, Məcəllənin 71.4-cü maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar və əsaslar olduqda, işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər.
Mülki Prosessual Məcəllənin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün hallar və əsaslar göstərilmişdir. Məcəllənin 20-ci maddəsində isə, ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün hallar və əsaslar öz əksini tapmışdır.
Nümayəndəyə etiraz Mülki Prosessual Məcəllənin 19 və 20-ci maddələrində göstərilən bütün əsaslarla deyil, yalnız 19.2.2, 19.2.3, 20.2.1 və 20.2.2-ci maddələrində  göstərilən hallarda verilə bilər.
Məcəllənin 19.2.2 və 19.2.3-cü maddələrinin mənalarına görə, nümayəndə tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin  birbaşa qohumudursa, qohum olmuşsa, yaxud qohumluq əlaqəsindədirsə; eləcə də o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, bu hallar işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz edilməsi üçün əsasdır.
Mülki Prosessual Məcəllənin 20.2.1 və 20.2.2-ci maddələrinə əsasən nümayəndə işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa; məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə, o, işdə iştirak edə bilməz.
Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 19.2.2, 19.2.3, 20.2.1 və 20.2.2-ci maddələrində göstərilən hallar məhkəmə prossesində iştirak etmək üçün özünə nü­mayəndə  seçmiş işdə iştirak edən şəxslərin iradəsini ifadə etməsinə birbaşa toxunur.
Mülki Prosessual Məcəllənin 19 və 20-ci maddələrində göstərilən digər hallar və əsasların nümayəndəyə şamil edilməsi isə ümumiyyətlə qəbul olunmazdır. Hakimlərdən fərqli olaraq bu əsaslarla nümayəndəyə etiraz edilməsi praktiki olaraq müm­kün deyil və yaxud nümayəndələrin mülki prosesdə iştirak edə bilməməsini nəzərdə tutan oxşar hallar həmin Məcəllənin nümayəndəliyə aid müddəalarında öz əksini tapmışdır.
Beləliklə, Konstitusiya Məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 71.4-cü maddəsinə əsasən bu Məcəllənin 19, 20-ci maddələrində göstərilən hallar və əsaslarla etiraz verilməsinin nümayəndəyə şamil edilməsi Konstitusiyada təsbit olun­muş hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi hüququ (maddə 60) və yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ (maddə 61) ilə uzlaşmır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanu­nunun 75, 76, 78, 80, 82, 83 və 85-ci maddələrini rəhbər tutaraq,  Azərbaycan Res­publikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və 61-ci maddəsinin I hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə  və yaxud rəsmi təfsir edilə bilməz.   
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev