ANA SƏHİFƏ » Qərarlar » 25.02.03 Azərbaycan Respublikası MPM-nin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci mad. I his., 26-cı mad., 60-cı mad. I his. uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə,
26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə
uyğunluğunun yoxlanılmasına dair
 
 
25 fevral 2003-cü il                                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Ə.Sultanov (Sədrlik edən), hakimlər: F.Babayev (məruzəçi-hakim), B.Qəribov, E.Məmmədov, S.Sal­ma­nova və İ.Nəcəfovdan ibarət tərkibdə,
məhkəmə katibi  İ.İsmayılovun,
sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,
cavabverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Apatının əməkdaşı S.Kərimovun,
ekspert Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi M.Əliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Res­publikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinin I hissə­sinə, 60-cı maddəsinin I hisəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 14 yanvar tarixli, 8-1/2003 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim F.Babayevin məruzəsini tərəflərin qanuni nümayəndələri B.Əsədov və S.Kərimovun çıxışlarını, ekspert M.Əliyevin rəyini dinləyib iş materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş bütün qətnamələrindən, iddia məbləği şərti maliyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla verilə bilər.
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Mülki Prosessual Məcəllənin 359-cu maddəsində iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsini istisna edən müddəasının fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırması kimi qiymətləndirərək onun Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edir.
İşin materiallarına Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Mülki Prosessual Məcəlləsinin 4-cü və 359-cu maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda təsbit olunmuş hüquq və azadlıqların təmin olunması baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Mülki Prosessual Məcəllənin təhlilindən aydın olur ki, qanunverici yuxarı instansiya məhkəmələrinə (apellyasiya, kassasiya instansiya məhkəmələri) şikayət etmək hüququnun təmin olunmasını tənzimləyərkən məhkəmə instansiyalarında işə baxılması ardıcıllığına riayət edilməsini şərtləndirmişdir. Belə ki, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada mülki işlər üzrə birinci instansiya məhkəmələrinin aktlarından apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə, onun aktlarından isə kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə verilə bilər. Qanunverici tərəfindən məhkəmə aktlarından şikayət verilməsini tənzimləyən belə bir qaydanın müəyyən edilməsi qanunsuz və əsassız çıxarılmış məhkəmə aktlarının, o cümlədən qətnamələrin ləğv edilməsinə və ya dəyişdirilməsinə imkan yaradır, hər bir mübahisənin hüquq və ədalət əsasında həllinə təminat verir.
Lakin Mülki Prosessual Məcəllənin 359-cu maddəsinin təsbit etdiyi “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla…” müd­dəası həmin işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən Məcəllənin müvafiq maddələrinə əsasən şikayət vermək hüququndan məhrum edir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş, hamının qanun və məhkə­mə qarşısında bərabər olmasını, hüquq və azadlıqların məhkəmə təminatını və məh­kəməyə təkrar müraciət etmək hüququnu müəyyənləşdirən Konstitusiya müd­dəaları mühüm əhəmiyyət kəsb edir (25, 26,60 və 71-ci maddələr).
Belə ki, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Bu müddəadan göründüyü kimi hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik hüququ qanunlara hamı tərəfindən əməl olunmasını, məhkəmə qarşısında isə hamının bərabər olmasını müəyyənləşdirir. Bu hüquq insan və vətəndaş üçün həyatı əhəmiyyətə malik olan hüquqlar, azadlıqlar və vəzifələrin bərabərliyini ehtiva etdiyinə görə də Konstitusiyada öz təminatını tapmışdır.
Konstitusiyanın 26-cı maddəsinə müvafiq olaraq hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bundan başqa Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarınında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapmışdır.
Baxılan məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, bu hüquq hər kəsə məxsus olan mülki hüquq və vəzifələr ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir.
Məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımı qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər.
Məhkəmə müdafiə hüququ mütləq deyil. Sözsüz ki,o prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Lakin iddia məbləği və bu günə qədər qeyri müəyyən olan  “…qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr” lə bağlı hallardan asılı olaraq bu hüququn itirilməsi demokratik cəmiyyət üçün vacib və əhəmiyyətli olduğündan yolverilməzdir.
Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə əsasən Konstitusiyada təsbit edlimiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Ədalətli məhkəmə baxışı əsasında hüquqların tam bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8, 10-cu maddələrində, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 6, 13-cü maddələrində və Məhkəmə Orqanlarının Müstəqilliyinin Əsas Prinsipləri qətnaməsinin 4-cü maddəsində öz əksini tapmışdır.
Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mü­da­fiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ yuxarıda qeyd edilən bütün məhkəmə instansiyalarına müraciət etmək hü­ququ kimi qəbul oluna bilər. Belə olan halda, Mülki Prosessual Məcəllənin 359-cu maddəsinin “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən az olduqda və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla” müddəasında apellyasiya şikayəti verilməsinin mümkünsüzlüyü həmin maddənin tələbi ilə uzlaşmır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 3 avqust tarixli qərarında göstərilmişdir ki, insan hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsinə əsasən, bu Konvensiyanın 6-cı maddəsinin tələbləri mülki və cinayət işlərinin ədalətli həll olunması ilə bağlı nəinki birinci instansiya məhkəmələrinə, həmçinin apellyasiya instansiyasına da aiddir. Bu tələb birinci instansiya məhkəmələrinin qərarlarından (aktlarından) verilmiş şikayətlər əsasında apellyasiya və kassasiya qaydasında baxılan işlərin ədalətli həll olunmasına yönəlmişdir. 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 359-cu maddəsinin “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla…” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə,   60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə, həmçinin beynəlxalq-hüquqi aktların yuxarıda göstərilən muvafiq normalarına zidd olmaqla vətəndaşların məhkəmədə öz hüquqlarını  tam və səmərəli həyata keçirməsində məhdudiyyət yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla…” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.                           
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                              Ələddin Sultanov