ANA SƏHİFƏ » Qərarlar » 31.01.03 «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməs

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q   Ə   R   A   R  I
 
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu
ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə
 
 
31 yanvar 2003-cü il                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nə­cəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin qanuni nümayəndələri Səbail rayon məhkəməsinin sədri İ.Nəsirov, Səbail rayon məhkəməsinin hakimi Y.Kərimov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Kərimov, Azərbaycan Respublikası Nazirliər Kabinetinin hüquq şöbəsinin əməkdaşı H.Əşrəfov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qey­diy­yat İdarəsinin şöbə rəisi F.Babayevin və vətəndaş E.Əlizadənin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə mü­vafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh edilməsi barədə Səbail rayon məhkəməsinin 2002-ci il 30 dekabr tarixli, S-01 saylı müraciəti ilə bağlı konstitusiya işinə baxdı.
Hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri İ.Nəsirov, Y.Kərimov, S.Kərimov, H.Əşrəfov, F.Babayevin və vətəndaş E.Əlizadənin çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
M  Ü  Ə  Y  Y  Ə  N     E  T  D  İ:
 
Səbail rayon məhkəməsinin icraatında ərizəçi E.Əlizadənin cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı mülki iş vardır. İş üzrə ərizəçi hesab edir ki, Azərbaycan Respublikasında köhnə sovet pasportlarının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə əvəzlənməsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsi mövcud qanunvericiliyə istinad edərək yaşayış yeri olmadığına görə ona şəxsiyyət vəsiqəsi vermir və bununla da onun vətəndaşlıq və digər hüquqlarını pozur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsi isə öz hərəkətlərini «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müvafiq müddəası ilə əsaslandırır. 
Səbail rayon məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək mülki iş üzrə tətbiq oluna biləcək «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin «yaşayış yeri»nə aid müddəalarının şərh olunmasını xahiş edir.
Müraciətlə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq olunmuş «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinin, «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 3-cü maddəsinin, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 4-cü maddəsinin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1, 2 və 5-ci maddələrinin, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin rəsmi mətnləri əlavə edilmişdir.
Səbail rayon məhkəməsinin müraciəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Səbail rayon məhkəməsinin müraciəti məhz bu hüquqlar üzərində ətraflı hüquqi təhlil aparmaq zərurəti yaradır.
Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir.
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər-doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır.
Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək, ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əsasında verilir. Pasportun alınması vətəndaşın Azərbaycan Respublikasının ərazisindən kənara getmək arzusundan asılıdır.
Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə  və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 4-cü maddəsinin birinci hissəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.
Bu normadan aydın olur ki, vətəndaş ərizə və Qanunda göstərilən sənədləri təqdim etdiyi halda ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müt­ləq verilməlidir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir.
Qanunun göstərilmiş maddəsində işlənilən «yaşadığı yerin müvafiq dövlət orqanı» sözləri baxılan müraciətlə bağlı açıqlanmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə «müvafiq dövlət orqanı» dedikdə digər xüsusi qərar qəbul edilənədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi orqanları (pasport-qeydiyyat qurumları) başa düşülür. Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır.
Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən gedə bilər.
Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ sözsüz ki, beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və İnsan hüquq və əsas azıdlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 saylı Protokolunun 2-ci maddəsində də göstərilmişdir. 
Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ insanın azadlıq hüququndan irəli gəlir. Geniş mahiyyətinə görə azadlıq isə öz mülahizəsinə uyğun olaraq hərəkət etmək imkanıdır. Bunları nəzərə alan Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. 
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunu vətəndaşlıq hüququnu təsdiq edən sənədə və onun verilməsinə həsr olunmuşdursa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun predmeti isə  tamamilə fərqlidir. Adından da göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması ilə bağlıdır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır.
Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin üçüncü hissəsində müəyyən olunduğu kimi bu hüququn məhdudiyyətləri qanunla müəyyən olunmalı, dövlət təhlükəsizliyinin, içtimai əsayişın, əhalinin sağlamlığının və ya mənəviyyatının və yaxud digər şəxslərin hüquq və azadlıqlarının mühafizə olunması baxımından zəruri olmalıdır. Bu ictimai və xüsusi maraqların arasında tarazlaşma axtarışının zərurəti ilə əlaqələndirilir.
Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda dəqiq göstərilmişdir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir.
Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin  mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa  şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. 
Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər.
Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər.
Konstitusiyanın 53-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
 Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər.  Belə ki, Konstitusiyanın 25-ci maddəsinin III hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, si­yasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.
Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunda həmin sənədin verilməsindən imtina olunması üçün ümumiyyətlə heç bir hal nəzərdə tutulmadığına görə şəxsiyyət vəsiqəsinin təsvirinin "yaşayış yeri" bölməsində digər bölmələrin doldurulması üçün istifadə olunan oxşar üsullardan istifadə etməklə xüsusi qeydlər aparılmalıdır. Bu zaman şəxsiyyət vəsiqəsinin «atasının adı» bölməsinin atası məlum olmayan şəxslər üçün, «hərbi vəzifə» bölməsinin qadınlar üçün, «gözlərinin rəngi» bölməsinin kor olan vətəndaşlar üçün doldurulması təcrübəsi də nəzərə alına bilər.
Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.
Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır.
Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85 maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I:
 
1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları  nəzərdə tutulur.
2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin  mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bil­məz.
3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatın»da dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
   
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev