ANA SƏHİFƏ » Qərarlar » 27.12.02 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair

  
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair
 
 
27 dekabr 2002-ci il                                                                          Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova və Ə.Sul­ta­novdan (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
tərəflərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı  İ.Rəfibəylinin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki prosses, əmək və ekologiya hüququ kafedrasının müəllimi  M.Əliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 31 oktyabr tarixli, 8-2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim Ə.Sultanovun məruzəsini, tərəflərin qanuni nümayəndələri B.Əsədov və İ.Rəfibəylinin çıxışlarını, ekspert M.Əliyevin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinin şərh olunmasını xahiş edir. Sorğuda göstərilir ki, bu normalara müvafiq olaraq borcludan alınmalı olan pul vəsaiti kifayət etmədikdə məhkəmə məsrəflərinin və icra xərclərinin birinci növbədə ödənilməsi tələbkarın müdafiə imkanlarının məhdudlaşdırılmasına, onun qanuni tələblərinin tam icra edilməməsinə, icra mərhələsində xüsusi və fərdi maraqlar arasında ziddiyətlərin yaranmasına səbəb olur.
İş materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düz­günlüyü təsdiq edilmiş Mülki Məcəllənin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddələrinin rəsmi mətnləri vardır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.
Hər bir öhdəlik tələbkarın gələcəkdə maraqlarının ödənilməsi məqsədi ilə borclu tərəfindən müəyyən hərəkətlərin ediləcəyi inamına əsaslanır. Belə inam ilk növbədə ondan irəli gəlir ki, onun hüquqları dövlətin məcburi təsir tədbirləri ilə təmin olunur.
Mülki Məcəllənin xüsusi bölməsində öhdəliklərin pozulmasına görə dövlətin məcburi təsir tədbirlərinin və başqa hüquqi vasitələrinin, habelə onların icra olunmasının növbəliliyi müəyyən edilmişdir.
Belə ki, Mülki Məcəllənin 440.4-cü maddəsində göstərilir ki, borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.
«Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində isə göstərilir ki, məhkəmə icraçısı tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi  ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir.
Beləliklə adı çəkilən normalarda tələbkarın tələblərinin sonuncu olaraq  ödənilməsi  nəzərdə tutulmuşdur.
Hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə, dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlığın təmin olunması vacib şərtlərdəndir.Məhz insan hüquq və azadlıqlarının təmin olunmasını özü­nün ali məqsədi elan etmiş demokratik dövlət fərdin qanuni maraqlarının müdafiəsinə üstünlük verir.
Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və əsas azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hü­qu­qu vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.
Əsas Qanunun 71-ci maddəsinin I və II hissələrində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Mülkiyyət hüququ və  məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair bir saylı  Protokolun 1-ci maddəsinə əsasən  hər bir fiziki və ya hüquqi şəxs  öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiy­yət­dən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
İnsan hüquqları haqqında Ümumi Bəyyannamənin 8-ci maddəsinə əsasən isə, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan <<məhkəmə baxışına hüquq>> xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş <<məhkəmə icraatı>> anlayışının ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının müddəalarında, Avropa Məhkəməsinin konkret işlər üzrə mövcud qərarlarında fiziki və hüquqi şəxslərin mülkiyyət və məhkəmə müdafiə hüquqlarının təmin olunması nəzərdə tutulmuşdur.
Həmin müddəalar dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən məhkəmə qaydasında müdafiəsini zərüri hesab edir.
Mülki Məcəllənin 440.4-cü maddəsində müəyyən edilmiş bölgü qaydası və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar iddiaçının mülkiyyət hüququnun və qanuni maraqlarının lazımi qaydada yerinə yetirilməsinə imkan vermir, mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır, konstitusiya mül­kiy­yət hüququnu qorumağa dövlətin təminat verməsi vəzifəsinin mahiyyətini təhrif edir.
Konstitusiya Məhkəməsi  bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.
Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazlıq pozulmuş olur.
Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.
Beləliklə Mülki Məcəllənin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar tələbkarın Konstitusiyada təsbit edilmiş mülkiyyət və məhkəmə müdafiə hüquqlarını məhdudlaşdırır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Göründüyü kimi Mülki Məcəllənin 440.4-cü maddəsindən fərqli olaraq prosessual qanunvericilikdə iddiaçının tələblərinin ilk növbədə ödənilməsi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq belə hesab edir ki, Mülki Məcəllənin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsi ilə müəyyən edilmiş pul məbləğinin bölüşdürülməsi qaydası Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələri ilə uzlaşmır.             
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81-83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci  maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60  və 71-ci maddələrinə  uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Qərar dərc edildiyi gündən  qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
 4. Qərar qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə və ya dəyişdirilə,  yaxud rəsmi təfsir edilə bilməz.  
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev