ANA SƏHİFƏ » Qərarlar » 29.11.02 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair
 

29 noyabr 2002-ci il                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Sal­ma­nova, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun və Azərbaycan Res­­publikası Milli Məclisi Aparatının Ümumi şöbəsi müdürinin müavini İ.Əbdül­əzizovun,
ekspert, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin mülki-proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri namizədi A.Qasımovun,
mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti idarəsinin rəisi T.Məmmədovanın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin müdiri Ə.Əfəndiyevin  iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 29 oktyabr tarixli, 8-2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim F. Babayevin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni numayəndələri B.Əsədov və İ.Əbdüləzizovun çıxışlarını, ekspert A.Qasımovun, mütəxəssislər T.Məmmədova və Ə.Əfəndiyevin rəylərini dinləyib, iş materiallarını araşdıraraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin  ikinci hissəsinin müddəalarının həmin Məcəllə qüvvəyə minənədək ötən illərin məzuniyyətindən istifadə etməmiş işçilərə şamil edilib-edilmədiyini müəyyənləşdirmək üçün bu normanın  şərh olunmasını xahiş edir.
İşin materiallarına Azərbaycan Respublikasının Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-70, 74, 113, 134, 144 və 317-ci maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Azərbaycan Respublikası Konstitusiyasının preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir.  Azərbaycan Respublikasının Konstitusiyası sosial dövlətin təsvirini verməsə də dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur (16-cı maddənin I hissəsi). Dövlətin sosial dövlət kimi tanınması üçün Konstitusiya dövlətin diqqət sahəsində olan sosial siyasətinin konturlarını və vəzifələrini özündə əks etdirir (maddə 35, 38).
Beləliklə, Konstitusiyanın müddəalarına görə dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.
Ölkədə planlı təsərüfatdan bazar iqtisadiyyatına  keçid, mülkiyyətin müxtəlif formalarla həyata keçirilməsi, əmək şərtlərinin müəyyən edilməsi, müqavilələrin xüsusi əhəmiyyət kəsb etməsi, əməyə aid beynəlxalq normativ aktların, eləcə də əmək münasibətlərində əmək kollektivlərinin rolunun artması, yeni əmək münasibətlərinin yaranması və digər hallar yeni Əmək Məcəlləsinin qəbul edilməsinə şərait yaratmışdır.
Əmək Məcəlləsinin mahiyyəti və məzmunu Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gəlir. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüqüqu vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Konstitusiyanın 37-ci maddəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
“Ödənişli illik məzuniyyətlər haqqında” Beynəlxalq Əmək Təşkilatının 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyanın 3-cü maddəsinə görə, məzuniyyətə gedən hər bir şəxs məzuniyyətin bütün dövründə milli qanunlarla və qaydalarla təsbit olun­muş üsullarla hesablanmış, əgər onun natura ilə haqqının pul ekvivalenti varsa onu da əlavə etməklə ya özünün adi haqqını və ya kollektiv müqavilə ilə müəyyən edilmiş haqqını almalıdır.
“Ödənişli məzuniyyətlər haqqında” Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.
Konstitusiyanın bu muddəalarına və beynəlxalq Konvensiyalara uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsi iş vaxtı, əmək müqaviləsi, əmək normaları, əməyin ödənilməsi qaydaları, əmək və icra intizamı və digər qaydalarla yanaşı istirahət vaxtı və məzuniyyət verilməsinin qaydalarını da müəyyənləşdirmişdir.
Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti–işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
  Qeyd edilməlidir ki, 1994-cü ildə qəbul olunmuş və 1997-ci ildə Əmək Məcəlləsinə əlavə edilmiş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilən məzuniyyət növləri sırasında əmək məzuniyyəti də göstərilmişdir. Bu Qanunla əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarət olmaqla əsas məzuniyyət 21, 30 təqvim günü, əlavə məzuniyyət isə 3, 6, 9 təqvim günü müəyyən edilmişdir.
Həmin Qanunun 32-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən sosial məzuniyyətlər və uşaqlı analara verilən məzuniyyətlər istisna olmaqla qalan hallarda istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilir.
Qanunverici sosial hüquqların tənzimlənməsi və iqtisadi məsələlərin həll edilməsində kifayət qədər geniş səlahiyyətə malikdir. Bu müddəa əmək münasibətləri və sosial təminat məsələlərinin ümumi qaydalarının Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilməsini nəzərdə tutan Konstitusiyanın 94-cü maddəsi­nin I hissəsinin 16-cı bəndinə əsaslanır. Konstitusiya hüququndan istifadə edərək Milli Məclis 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində “Məzuniyyətlər haqqında” Qanunun 32-ci maddəsindən fərqli olaraq əmək müqaviləsinə xitam verilərkən işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin yalnız əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutmuşdur.
Göründüyü kimi adı çəkilən normalarda istifadə olunmayan iş illərinin məzuniyyətinin əvəzinin pul ilə ödənilməsinin tənzimlənməsinə qanunverici fərqli yanaşmışdır.
Konstitusiya Məhkəməsi hesab edir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsi tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi və Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsi nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsində isə göstərilmişdir ki, bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi və Əmək Məcəlləsinin 317-ci maddəsi baxımından əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərin pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərin pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq tənzimlənməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I :
 
1. Əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir.  
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
 Sədrlik edən                                                                  Xanlar Hacıyev