ANA SƏHİFƏ » Qərarlar » 19.04.02 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
420.3-cü maddəsinə dair
 
 
19 aprel 2002-ci il                                                                                      Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), İ.Nəcəfov, S.Sal­ma­nova və Ə.Sultanovdan  ibarət  tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə və Azərbaycan Res­publikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı E.Əsgərovun,
ekspert, Bakı Dövlət Universiteti hüquq fakültəsinin cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru R.İsgəndərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə mü­vafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 13 mart tarixli 8-2/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri M.Ağazadə və E.Əsgərovun çıxışlarını, ekspert R.İsgəndərovun rəyini dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranan çətinlikləri nəzərə alaraq, həmin maddənin şərh olunmasını xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düz­günlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87, 409, 420-ci maddələrinin rəsmi mətnləri vardır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.
Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə görə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən  məhkumun vəziyyətini pisləşdirən qərar yalnız bu Məcəllənin 420.2-ci maddəsində göstərilən hallarda qəbul edilə bilər.
Məcəllənin 420.2-ci maddəsində isə müəyyən edilmişdir ki, işə andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılması zamanı cəzanın ağırlaşdırılmasına və ya daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinə yalnız ilkin hökmün dövlət ittihamçısının kassasiya protesti əsasında ləğv edildiyi halda yol verilir.
Göstərilən maddələrin məzmunundan məlum olur ki, məhkəmə qərarı kassasiya instansiyası məhkəməsi tərəfindən məhkumun vəziyyətini pisləşdirən əsaslarla yalnız dövlət ittihamçısının protestinə əsasən ləğv edilə bilər və ancaq bu halda apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışı zamanı məhkumun vəziyyətini ağırlaşdıra bilər.
Beləliklə, zərər çəkmiş faktiki olaraq məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla kassasiya instansiyası məhkəməsinə müraciət etmək hüququndan məhrum edilmiş olur.
Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 87.6.14-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin məhkəmənin hökmündən və məhkəmənin digər qərarlarından heç bir məhdudiyyət qoyulmadan apellyasiya və ya kassasiya şikayəti vermək, 392.2-ci maddəsinə görə isə məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsinə dair apellyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq, həmin Məcəllənin 383.1.5 və 409.4-cü maddələrində yuxarıda adı çəkilən normaların tələblərinə zidd olaraq zərər çəkmişin bu hüququ  yalnız birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər ilə məhdudlaşdırılmışdır.
Konstitusiya Məhkəməsi hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüquq aktlarının və Cinayət-Prosessual Məcəlləsinin bir sıra normaları ilə uzlaşmır.
Azərbaycan Respublikasının Konstitusiyası (12-ci maddə) hüquqi dövlətin prinsiplərinə əsaslanaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edir.
Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı (Konstitusiyanın 26-cı maddəsinin II hissəsi), onun orqanları və vəzifəli şəxsləri tərəfindən məhkəmə icraatının həyata keçirilməsi prosesində buraxılan hər bir qanun pozuntusunu aradan qaldırmalı  olan təsirli hüquqi mexanizm yaratmalıdır.
Cinayət-Prosessual Məcəlləsində zərər çəkmişin məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasına, yaxud daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinə dair məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququndan məhrum edilməsi hər kəsin öz maraqlarını qanunun qadağan etmədiyi bütün üsul və vasitələrlə müdafiə olunması hüququnu məhdudlaşdırır (Konstitusiyanın 26-cı maddəsinin I hissəsi).
Cinayət-Prosessual Məcəlləsinin bu müddəası hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verən Konstitusiyanın 60-cı maddəsinə də müvafiq deyil. Konstitusiya Məhkəməsi qeyd etməyi vacib bilir ki, Konstitusiyanın göstərilən normasına əsasən, şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bütün məhkəmə instansiyalarına aiddir.
Məhkəmə müdafiəsi beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.
Yanlış məhkəmə qərarı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz və belə qərardan şikayət vermək hüququnun məhdudlaşdırılması ədalət prinsipinə zidd hesab olunmalıdır.
Cinayət-Prosessual Məcəlləsində zərər çəkmiş üçün məhkumun vəziyyətini pisləşdirən əsaslarla məhkəmə qərarlarından kassasiya instansiya məhkəməsinə müraciət edilməsinə faktiki olaraq qadağa qoyulması onu göstərir ki, zərər çəkmiş məhkəmənin qanunsuz, əsassız və ədalətsiz qərarına tabe olmalıdır.
Konstitusiyanın 68-ci maddəsinin I hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Zərər çəkmişin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir.
Cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Bu isə məhkəmədə işə baxılarkən çəkişmə və tərəflərin hüquq bərabərliyinin təmin edilməsini, onlara öz maraqlarını müdafiə etmək üçün kifayət qədər prosessual səlahiyyətlərin verilməsini tələb edir.
Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi Konstitusiyada (maddə 127) və Cinayət-Prosessual Məcəlləsində öz əksini tapmışdır (maddə 32).
Cinayət-Prosessual Məcəlləsinin göstərilən maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir.
Çəkişmə hüququ çəkişən tərəflərin mövqeyi və tələblərini əsaslandırmaq üçün bərabər vasitələr və imkanlardan istifadə etmək, digər tərəfin mövqeyi və tələbləri ilə razı olmamaq hüququnun tanınmasını nəzərdə tutur.
Prosessual bərabərlik o deməkdir ki, ittiham tərəfi cinayət təqibi ilə bağlı ittihamı sübuta yetirmək, müdafiə tərəfi isə ittihamı təkzib etmək üçün məhkəmə prosesində eyni hüquqlara malikdir. Təqsirləndirilən şəxs (məhkum) kimi, zərər çəkmiş də məhkəmə iclasında yaranan və hökmlə həllini tapan bütün məsələlərə, o cümlədən təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini irəli sürə bilər (CPM-nin 32.2.3-cü maddəsi).
Cinayət-Prosessual Məcəlləsində təqsirləndirilən şəxsin, sonra isə məhkumun cinayətin tövsifi və ona təyin edilmiş cəzanın tətbiqi ilə bağlı heç bir məhdudiyyət qoyulmadan öz təkliflərinin irəli sürmək hüququnun olması, zərər çəkmişin isə belə hüquqdan tam istifadə edə bilməməsi zərər çəkmişin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu əsassız olaraq məhdudlaşdırır, məhkəmə icraatının çəkişmə əsasında həyata keçirilməsi, tərəflərin məhkəmə qarşısında bərabərlik prinsiplərini pozmuş olur.
Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinin müddəaları faktiki olaraq zərər çəkmiş şəxsin hüquqlarının təmin olunmasını dövlət ittihamçısının mövqeyindən asılı vəziyyətə salır. Bu isə cinayət prosesində müstəqil tərəf olan zərər çəkmiş şəxsin hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən isə Cinayət-Prosessual Məcəlləsinin heç bir normasında dövlət ittihamçısına zərər çəkmiş şəxsin maraqlarını təmsil etmək hüququ verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 84.4-cü maddəsində cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorun məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak etmək hüququ olmadığının nəzərdə tutulmasına baxmayaraq, ittihamçının mövcud prosessual vəziyyəti zərər çəkmiş şəxsin maraqlarının tam müdafiə olunmasını təmin etmir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxsin cəzanın ağırlaşdırılmasına və ya daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinə dair yuxarı məhkəmə instansiyalarına şikayət vermək hüququnun olması Konstitusiya tələblərindən irəli gəldiyindən, bu hüquq Cinayət-Prosessual Məcəlləsində öz əksini tapmalıdır .
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1 və 6-cı bəndlərinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatına, məhkəmə icraatı və məhkəmə qərarlarının icrasına dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A    A L D I :
 
1. Azərbaycan Respublikası Konstitusiyasının 12, 60 və 68-ci maddələrinin tələblərindən irəli gələn məhkum edilmiş şəxsin vəziyyətinin pisləşdirilməsinə dair zərər çəkmişin yuxarı məhkəmə instansiyalarına şikayət vermək hüququnun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları ilə (383.1.5, 409.4 və 420.3-cü maddələri) məhdudlaşdırılmasını nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, bu Qərarın və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Konstitusiya Məhkəməsinin 2002-ci il 19 mart tarixli Qərarının müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik etsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan, vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev