ANA SƏHİFƏ » Qərarlar » 08.04.02 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü
maddələrinin şərh edilməsinə dair
 
 
8 aprel 2002-ci il                                                                   Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nə­cəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri: Azərbaycan Respublikası Baş Prokurorunun müavini E.Nuriyev və Azərbaycan Res­publikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini İ.Rəfibəylinin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət Hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Səməndərovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsi barədə Azərbaycan Respublikası Prokurorluğunun 2002-ci il 11 fevral tarixli 06/302 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri E.Nuriyev və İ.Rəfibəylinin çıxışlarını, ekspert F.Səməndərovun rəyini dinləyib iş materiallarını nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda göstərilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 2.4-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində vergi cinayətləri haqqında müddəaların nəzərdə tutulmasını mümkün hesab etmişdir.
Cinayət Məcəlləsinin 15, 75 və 213-cü maddələrinə görə isə vergiləri və başqa icbari ödənişləri ödəməkdən xeyli və külli miqdarda yayınma az ağır cinayət kimi qəbul olunur və belə cinayətlərin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Vergi ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb etmə müddətləri barədə qanunvericilikdə ziddiyyətli müddəaların mövcudluğunu ehtimal edən və bu müddəaların tətbiqi ilə bağlı çətinlikləri nəzərə alan Azərbaycan Respublikasının Prokurorluğu Vergi Məcəlləsinin 56-cı maddəsinin və Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh olunmasını xahiş edir.
Sorğu ilə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq olunmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56-cı maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özü­nün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloci və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur.
Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Beləliklə, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir.
Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur.
Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Vergi Məcəlləsinin təhlili göstərir ki, vergi yığımı ilə bağlı vergi ödəyiciləri ilə dövlət arasında yaranan münasibətlər xarakterinə görə tərəflərin qeyri-bərabərliyinə, iştirakçılardan birinin digərinə nisbətdə iradə üstünlüyünə əsaslanan münasibətlərdir.
Vergi Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsas­lanaraq vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini də tənzimləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin I hissəsində təsbit olunur ki, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir.
Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır.
Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Bununla belə, hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 53.2-ci maddəsində nəzərdə tutulduğu kimi heç kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz.
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 51 və 52-ci maddələrinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi vergi orqanları tərəfindən və ya verilmiş iddia üzrə Mülki-Prosessual Məcəlləyə müvafiq olaraq məhkəmə tərəfindən həyata keçirilir.
Vergi Məcəlləsindəki maliyyə sanksiyalarının tətbiq edilməsi vergi vəzifələrinin yerinə yetirilməməsi və ya layiqincə yerinə yetirilməməsi nəticəsində büdcənin məruz qaldığı əmlak itkilərinin bərpa edilməsi məqsədi daşıyır.
Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilən qanunvericilik aktları sırasında İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi də nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin vergi hüquq pozuntularına aid hissəsi bəzi hallarda İnzibati Xətalar Məcəlləsinin müddəalarına yaxındır. Vergi Məcəlləsinin 53.4-cü maddəsində də nəzərdə tutulur ki, vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə və İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə müəyyən edilməlidir.
Vergi qanunvericiliyinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda həmçinin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət tərkibi və buna görə müvafiq məsuliyyət Vergi Məcəlləsinin müddəaları ilə yox, Cinayət Məcəlləsinin müddəaları ilə müəyyən olunmalıdır.
Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vergi ödəməkdən yayınma ilə bağlı cinayət tərkibi Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulur.
Bu Məcəllənin cinayət məsuliyyəti ilə bağlı müəyyən olunan əsas müddəalarından biri də cinayət məsuliyyətinə cəlb etmə müddətləridir. Bu müddətlər hər hansı bir cinayət üzrə onun təsnifatından (böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətə aid olduğundan) asılı olaraq cinayət törədildiyi gündən Cinayət Məcəlləsinin 75.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmənin və ya azad olunmanın mümkünlüyünü müəyyənləşdirir.
Cinayət Məcəlləsinin 213-cü maddəsinin təhlili göstərir ki, 213.1-213.3-cü maddələri ilə tövsif olunmuş əməllər Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlər, 213.4-cü maddəsində təsvir olunan əməl isə həmin Məcəllənin 15.3-cü maddəsinə görə az ağır cinayət hesab olunur.
Beləliklə, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən bu Məcəllənin 213.1-213.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmiş şəxs cinayət törətdiyi gündən 2 il keçdikdə, 213.4-cü maddəsində nəzərdə tutulan əmələ görə isə – 7 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Yuxarıdakılardan belə nəticəyə gəlmək olar ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır.
Vergi və Cinayət Məcəllələrində vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etməklə bağlı müxtəlif müddətlərin nəzərdə tutulması vergi mü­nasibətlərinin sabitliyinə, o cümlədən vergi ödəyicilərinin hüquqi və iqtisadi vəziyyətlərinin möhkəmliyinin və davamlılığının təmin olunmasına xidmət edir. Bu baxımdan Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan vergi ödəməkdən yayınma cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir.
Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
 
 Sədrlik edən                                                                  Xanlar Hacıyev