ANA SƏHİFƏ » Qərarlar » 19.03.02 Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3 -cü maddələrinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI 
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin
87.6.14, 89.4.12 və 422.3 -cü maddələrinə dair
 
 
19 mart 2002 -ci il                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi -hakim) ibarət tərkibdə,
İ. İsmayılovun katibliyi ilə,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə,
Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərov,
ekspert Bakı Dövlət Universiteti hüquq fakultəsinin cinayət-prosesi kafedrasının professoru, hüquq elmləri doktoru R.İsgəndərovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Ali Məhkəmənin 2002-ci il 6 fevral tarixli 8-1/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim Ə.Sultanovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı sub­yektlərin qanuni nümayəndələri M.Ağazadə və N.Səfərovun çıxışlarını, ekspert R.İs­gəndərovun rəyini dinləyib, konstitusiya işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14-cü maddəsində göstərilir ki, zərər çəkmiş şəxs məhkəmənin hökmündən və məhkəmənin digər qərarlarından, Məcəllənin 89.4.12-ci maddəsinə əsasən isə mülki iddiaçı həmin hökm və qərarların iddiaya dair hissəsindən apellyasiya və ya kassasiya şikayəti verə bilər.
CPM-nin 422.3-cü maddəsinə görə məhkum və ya onun xahişi ilə müdafiəçisi əlavə kassasiya qaydasında şikayət vermək hüququna malikdir. 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası CPM-nin 87, 89, 422-ci maddələrinin rəsmi mətnləri vardır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.
Sorğuya mahiyyət etibarı ilə iki nöqteyi–nəzərdən yanaşılmalıdır. Birincisi, cinayət prosesinin iştirakçılarından zərər çəkmiş və mülki iddiaçının əlavə kassasiya qaydasında şikayət vermək hüququnun olub-olmaması, digəri isə əlavə kassasiya qay­dasında işə baxılarkən onların iştirakının mümkünlüyü məsələsidir.
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurulmasına, hüquqi şəxsə isə mənəvi və maddi, mülki iddiaçiya maddi ziyan dəyməsinə kifayət qədər əsaslar olduqda onlar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin qərarı ilə zərər çəkmiş şəxs və mülki iddiaçı qismində tanınırlar (CPM-nin 87.1,87.3,87.4, 89.1,89.4.-cü maddələri).
Zərər çəkmiş və mülki iddiaçı qismində tanınmış şəxslər təhqiqatda, istintaq­da olduğu kimi, məhkəmə prosesində də bərabər hüquqlu tərəf kimi CPM-nin 87.6, 87.7, 89.4, və 89.5-ci maddələrində nəzərdə tutulan hüquq və vəzifələri heç bir maneə olmadan həyata keçirir, zəruri hallarda isə Məcəllənin 87.6.14, 89.4.12–ci maddələrinə əsasən onların qərarlarından, hərəkətlərindən, o cümlədən məhkəmənin hök­mün­dən və məhkəmənin digər qərarlarından apellyasiya və kassasiya şikayəti verə bilər.      
Qeyd etmək lazımdır ki, CPM-nin 87.6.17-ci və 89.4.14-cü maddələrində zərər çəkmişin və mülki iddiaçının onların şikayətləri ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək hüquqları vardır. Lakin CPM-nin 422-ci maddəsində zərər çəkmiş şəxsin və mülki iddiaçının əlavə kassasiya qaydasında şikayət vermək, CPM-nin 427-ci maddəsində isə onların əlavə kassasiya qaydasında işə baxılarkən iştirak etmək hüquqları müəyyənləşdirilməmişdir.
Zərər çəkmiş şəxs və mülki iddiaçının əlavə kassasiya qaydasında şikayət vermək hüququnun təmin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının müd­dəaları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq norma­larından irəli gəlir. 
Konstitusiyanın 68-ci maddəsinin I hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Konstitusiyanın 127-ci maddəsinin IV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsində qeyd edilir ki, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması za­manı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.
Mülki və siyası hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsində göstərilir ki, hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə tərəfindən müdafiənin imkanlarını inkişaf etdirmək lazımdır.  
Avropa Şurasının zərər çəkmişlərlə əlaqədar Tövsiyyələri və BMT-nin bu istiqamətdə qəbul etdiyi Bəyannamə bu qəbildən olan şəxslərin hüquqi cəhətdən daha təsirli müdafiəsinə yönəlmişdir.
Avropa Şurasının Nazirlər Kabineti 1985-ci il 28 iyun tarixli iclasında Cinayət hüququ və Cinayət Prosesi çərçivəsində zərər çəkmişlərlə əlaqədar üzv dövlətlərə tövsiyyəsində qeyd edir ki, zərər çəkmişə dair müddəaların səmərəlieiyinin tədqiq olunmasının möhkəmliliyinə kömək edilməlidir.
Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında BMT-nin Baş Assambleyası tərəfindən 1985-ci il noyabrın 29-da qəbul edilmiş Bəyannamənin 4-cü bəndində göstərilmişdir ki, qurbanlara (qurbanlar dedikdə milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan hüquq bərabərliyi prinsipi tərəflərə, onlardan hər hansı birini digərinə münasibətdə açıq şəkildə əlverişsiz vəziy­yətdə qoymamaq şərti ilə öz işini təqdim etmək üçün ağlabatan imkan yaratmaq öhdəliyini nəzərdə tutur. Dövlətin məqsədi ədalətli məhkəmə hüququnu təmin etməkdən ibarət olduğu halda, şəxsin qanunda nəzərdə tutulmuş məhkəmə instansiyasına müraciət etmək hüququnda hər hansı bir qeyri – bərabərliyə yol verilməməlidir.
CPM-nin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir və bu halda kimliyindən asılı olmayaraq qanunla əsaslandırılmamış mülahizələrə görə tərəflərdən hər hansı birinə üstünlük verilə bilməz.
CPM-nin 422.3-cü maddəsinə əsasən əlavə kassasiya qaydasında şikayət ver­mək hüququnun yalnız məhkuma və onun xahişi ilə müdafiəçisinə verilməsi, zərər çəkmişin və mülki iddiaçının isə bu hüquqdan məhrum edilməsi cinayət prosesinin iştirakçısı olan zərər çəkmişin və mülki iddiaçının məhkuma nisbətdə prosessual hü­quqlarını məhdudlaşdırır.
Ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır.
Sorğudan irəli gələn ikinci maraqlı cəhət, zərər çəkmişin və mülki iddiaçının onların şikayəti ilə cinayət işinə əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında, həmçinin cinayət prosesinin digər iştirakçılarının şikayətinə etirazı olduqda məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etməsinin mümkünlüyü məsələsidir.
CPM-nin 87.6.17 və 89.4.14, 101.5.17, 101.5.18-ci maddələrində zərər çəkmişin, mülki iddiaçının və onların qanuni nümayəndələrinin əlavə kassasiya qaydasında işə baxılmasında, işin materiallarının tədqiqində iştirak etmək hüququ nəzərdə tutulmuşdur. Lakin bu hüququn hansı qaydada və necə həyata keçirilməsi (yeni açılmış hallar üzrə işlər istisna olmaqla) CPM-nin 421-427-ci maddələrində öz əksini tapmamışdır.
Nəzərə alınmalıdır ki, əlavə kassasiya qaydasında baxılan iş üzrə Ali Məhkəmənin Plenumunun qəbul etdiyi qərar, o cümlədən zərər çəkmişin və mülki iddiaçının qanuni mənafelərinə toxuna bilər.
Ali Məhkəmənin Plenumunun qərarının əsaslı və qanuni olması baxımından işdə zərər çəkmişin və mülki iddiaçının da iştirak etməsi və məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilib hərtərəfli araşdırılması mühüm şərtlərdən biridir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, zərər çək­mişin, mülki iddiaçının əlavə kassasiya qaydasında şikayət vermək və həmin işə ba­xılarkən onların iştrakının təmin edilməsi hüququ Konstitusiyanın tələblərindən irəli gəldiyindən bu hüquq CPM-də öz əksini tapmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azad­lıqların dövlət təminatına, məhkəmə icraatı və məhkəmə qərarlarının icrasına dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Konstitusiyasının 25, 68 və 127-ci maddələrinin tələblərindən irəli gələn zərər çəkmiş şəxsin və mülki iddiaçının əlavə kassasiya qaydasında şikayət vermək və belə icraatda iştirak etmək hüququnun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normaları ilə (87.6.14, 89.4.12 və 422-ci maddələri) məhdudlaşdırılmasını nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik etsin. 
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev