ANA SƏHİFƏ » Qərarlar » 26.10.01 «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsini

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A   R  I
 
«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
333-cü maddəsinin şərh edilməsinə dair
 
 
26 oktyabr 2001-ci il                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakim­lər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), S.Salmanova və Ə.Sul­tanovdan ibarət tərkibdə,
İ.İsmayılovun katibliyi,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı S.Məmmədovun,
ekspertlər – Azərbaycan Respublikası Hərbi Komissarının hüquq işləri üzrə köməkçisi  Q.Əliyarov və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq şöbəsinin rəisi R.Ramazanovun iştirakı  ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 04 sentyabr tarixli 8-9/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Ə.Rüs­təmov və S.Məmmədovun çıxışlarını, ekspertlər Q.Əliyarov və R.Ramaza­no­vun rəylərini dinləyib, işin materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi   
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
  «Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağı­rıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda göstərir ki, məhkəmə təcrübəsində “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinin müddəalarının rəhbər tutulması nəticəsində çağırışçıların  Respublika  hərbi  toplanış məntəqəsinə getməkdən, yaxud həmin məntəqədə tibbi müayinədən keçib həqiqi hərbi qulluğa yararlı hesab edildikdən sonra hərbi qulluğa getməkdən yayınması halları hərbi xidmət əleyhinə yönəlmiş cinayət kimi qiymətləndirilir və həmin şəxslər Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bununla əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinin şərh edilməsi xahiş olunur. 
Baxılan məsələ ilə bağlı iş materiallarında “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2 və 3-cü maddələrini, Cinayət Məcəlləsinin 327, 333 və 334-cü maddələrini əks etdirən Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnlər vardır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsi yalnız hərbi qulluqçu statusunun əldə edilməsini nəzərdə tutur.
Hərbi qulluqçu statusuna malik şəxslərin dairəsi isə həmin Qanunun 2-ci maddəsində müəyyənləşdirilmişdir. Bu maddənin birinci hissəsinə görə hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə mü­vafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində hərbi xidmətdə olan Azərbay­can Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
Qanunun bu maddələrinin müddəaları baxımından Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin araşdırılmasını vacib hesab edir.
Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Hər bir cinayət tərkibini cinayətin obyekti, subyekti, obyektiv cəhəti və sub­yektiv cəhətinin məcmusu təşkil edir. Bu elementlərdən hər hansı birinin olmaması cinayət məsuliyyətinin əsasını istisna edir.
Cinayət Məcəlləsinin 333.1-ci  maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi  təşkil edir.
Hərbi hissə Silahlı Qüvvələrin bütün növlərində müəyyən olunmuş ştatlı təsərrüfat vahididir. Hərbi hissənin ərazisi dedikdə, hərbi hissənin kazarmalaşdırılmış, düşərgələşdirilmiş və ya səyyarlaşdırılmış yeri başa düşülür.
Xidmət yeri dedikdə isə, əgər o, hərbi hissənin ərazisi ilə üst-üstə düşmürsə, hərbi qulluqçu tərəfindən hərbi xidmət üzrə vəzifələrinin  faktiki olaraq yerinə yetirildiyi yer başa düşülür.
Öz xidmət yerinə vaxtında gəlməmə, hərbi hissənin ərazisindən (gəmidən) və ya xidmət yerindən qanuni əsasla buraxılmış (qısamüddətli məzuniyyətə, ezamiyyətə, müalicə və s.) hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzürlü səbəblər olmadan müəyyən edilmiş müddətə qayıtmamasından ibarətdir.
Azərbaycan Respublikası Hərbi Komissarlığının 2001-ci il 18 oktyabr tarixli N/1951 saylı məktubundan göründüyü  kimi  Respublika toplanış məntəqəsi Na­zir­lər Kabinetinin qərarı ilə yaradılır və Respublika çağırış komissiyasının vəzifələrinin yerinə yetirilməsinə xidmət göstərən mülki təşkilatdır.
Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Respublika toplanış məntəqəsi hərbi hissə və ya xidmət yeri olmadığından “Hərbi qulluqçu statusu haqqında” Qanunun 3-cü maddəsində göstərilən  hərbi xidmətə çağırılmış şəxslərin həmin məntəqədən özbaşına getməsi və ya orada tibbi müayinə keçdikdən sonra hərbi qulluğa getməkdən yayınması obyektiv cəhətdən Cinayət Məcəlləsinin 333-cü  maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır.
Hərbi xidmət qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanunları, “Hərbi xidmət keçmə haqqında” Əsasnamə ilə yanaşı hərbi nizamnamələr və əmrlərlə də müəy­yən edilir.  Ekspertlərin rəylərindən məlum olur ki,  vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Beləliklə bu  rəylərdən görünür ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar.
Göstərilənləri nəzərə alaraq Konsititusiya Məhkəməsi hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin birinci hissəsində göstərilən şəxslər öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 64, 66, 75,76,78,81,83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi   
 
Q Ə R A R A   A L D I:
 
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hərbi xidmətə çağırılmış şəxslərin Respublika toplanış məntəqəsindən özbaşına getməsi və ya orada tibbi müayinə keçdikdən sonra hərbi qulluğa getməkdən yayınması Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır.
2. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində göstərilən hərbi qulluqçu statusuna malik şəxslər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev