ANA SƏHİFƏ » Qərarlar » 24.07.19 G.Əhmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

24 iyul 2019-cu il                                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Mahir Muradov, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Gülsüm Əhmədova və vəkili Məhəmməd Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

Səadət Məcidova Gülsüm Əhmədovaya və qeyrilərinə qarşı mənzilə dair alqı-satqı müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Eləcə də S.Məcidova və Aqşin Məcidov G.Əhmədovaya qarşı cavabdehin evdən çıxarılması və iddiaçıların evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişlər.

Abşeron Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmənin 8 may 2017-ci il tarixli qətnaməsi ilə S.Məcidovanın iddiası qismən təmin edilmiş, alqı-satqı müqavilələri etibarsız hesab edilərək çıxarışlar ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə həmçinin S.Məcidova və A.Məcidovun iddialarının qismən təmin edilməsi, onların Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi döngə 1 ünvanında yerləşən 12 saylı evə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 noyabr 2017-ci il tarixli qətnaməsi ilə G.Əhmədova və Dilqəm Bayramovun apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. S.Məcidova və A.Məcidovun iddia tələbləri alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və onların mübahisəli evə köçürülmələri hissəsində təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki Kollegiyası) 19 yanvar 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Plenumunun 29 iyun 2018-ci il tarixli qərarı ilə S.Məcidovanın əlavə kassasiya şikayəti qismən təmin edilmiş, kassasiya instansiyası məhkəməsinin qərarının qismən, S.Məcidova və A.Məcidovun mübahisəli evə köçürülməsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması və bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıların mübahisəli evə köçürülməsinə dair iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi qərara alınmış, iş həmin hissədə apellyasiya qaydasında yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

İşə təkrar baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli  qətnaməsi ilə S.Məcidova və A.Məcidovun mübahisəli evə köçürülmələri hissəsində Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin hissənin ləğvinə dair G.Əhmədova və D.Bayramovun apellyasiya şikayətləri təmin edilməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı ilə G.Əhmədovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

G.Əhmədova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya)13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3 və 418-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.   

Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr mülkiyyətində olan evə S.Məcidova və A.Məcidovun köçürülməsi tələbini təmin edərkən, alqı-satqı müqaviləsinin ləğvinə dair iddiaya baxan məhkəmələr tərəfindən onun müqaviləsinin etibarlı hesab edilməsini və vicdanlı alıcı olmasını nəzərə almamış, tərəf qismində iştirak etmədiyi əvvəlki məhkəmə qərarlarına əsaslanaraq preyudisiallıq institutunu düzgün tətbiq etməmiş, nəticədə Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşlar.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti, Hümbət Rüstəmov və Mehriban Feyzullayeva arasında bağlanmış 29 aprel 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında sonuncu mübahisəli evi H.Rüstəmova satmış və fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan H.Rüstəmov S.Məcidovaya bütün əmlakına dair səlahiyyətlərin həyata keçirilməsi üçün 5 il müddətinə etibarnamə vermiş, eləcə də S.Məcidova və oğlu A.Məcidovun həmin yaşayış evinə qeydiyyata alınmalarına razılıq vermişdir. 18 iyul 2014-cü il tarixində H.Rüstəmov D.Bayramov ilə alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli evi sonuncuya satmış, D.Bayramov isə öz növbəsində həmin evi M.Heydərova satmışdır. Daha sonra 2 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında M.Heydərov evi G.Əhmədovaya satmış və sonuncu 26 iyul 2016-cı il tarixində yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış almışdır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz  istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin  hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar).

Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir.

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir.

Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.

Mülki Məcəllənin 140-cı, eləcə də  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Yuxarıda qeyd olunduğu kimi, M.Heydərov ilə G.Əhmədova arasında mübahisəli evə dair  2 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncu 26 iyul 2016-cı il tarixində yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış almışdır. Bu baxımdan işə baxan məhkəmələr tərəfindən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməməklə G.Əhmədova vicdanlı alıcı hesab edilmiş və onun xeyrinə reyestrdəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası tanınmışdır.

Bununla yanaşı, işə təkrar baxan apellyasiya istansiyası məhkəməsi S.Məcidova və A.Məcidovun G.Əhmədovanın mülkiyyətində olan evə köçürülmələri tələbini təmin etmiş və iddiaçıların fərdi yaşayış evindən istifadə hüquqlarının olmasının qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyinə əsaslanaraq iş üzrə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etmişdir.

Belə ki, iş materiallarından görünür ki, D.Bayramovun S.Məcidovaya və A.Məcidova qarşı mübahisəli yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən çıxarılmaları tələbi Abşeron Rayon Məhkəməsinin 5 yanvar 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 16 avqust 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işə məhkəmələr tərəfindən baxılarkən tətbiq edilmiş Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir. Həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur:

            - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır;

            - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

  Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

Belə tələb həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər.

İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi isə G.Əhmədovanın iştirak etmədiyi iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin ona münasibətdə preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamış, nəticədə mülkiyyətçinin razılığı olmadan kənar şəxslərin onun evinə köçürülməsi tələbini təmin edərək ərizəçinin mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir.

Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri).

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası qanunvericilik normalarının düzgün tətbiq edilmədiyini və məhkəmə qərarının preyudisiallığının yalnız işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə almayaraq maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, iş materiallarında olan iddia ərizəsi və digər sənədlərdə S.Məcidova mübahisəli evin alqı-satqısı zamanı evin dəyərinin bir hissəsinin və həmin evə dair ipoteka ödənişlərinin onun tərəfindən ödənildiyini, bunun H.Rüstəmov tərəfindən təsdiq edildiyini və sonuncunun onun razılığı olmadan evi D.Bayramova satdığını göstərmişdir. Belə olan halda S.Məcidova ödədiyi pulu müvafiq qaydada H.Rüstəmovdan geri qaytarılmasını tələb edə bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Məcidovanın G.Əhmədovaya və qeyrilərinə qarşı mənzilə dair alqı-satqı müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi tələbi və s. barədə iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu     

  

QƏRARA  ALDI: 

 

1. Səadət Məcidovanın Gülsüm Əhmədovaya və qeyrilərinə qarşı mənzilə dair alqı-satqı müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                           Fərhad Abdullayev