ANA SƏHİFƏ » Qərarlar » 03.06.19 Davud Zöhrab oğlu Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

    

Davud Zöhrab oğlu Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

   

3 iyun 2019-cu il                                                                                                Bakı şəhəri

  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsi Azər Quliyevin yazılı çıxışını, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun yazılı rəyini iş materialları ilə birlikdə araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

   

MÜƏYYƏN  ETDİ:  

 

Şikayətdən və ona əlavə edilmiş materiallardan görünür ki, D.Bağırov Qırğızıstan Respublikasının vətəndaşı Merim Beyşekeyeva ilə 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 2012-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Ceyla adlı qızları dünyaya gəlmişdir. 

M.Beyşekeyeva 2015-ci ildə Dubay şəhərində məhkəməyə müraciət edərək D.Bağırova qarşı boşanma haqqında iddia qaldırmışdır. Dubay şəhəri birinci instansiya məhkəməsinin 6 iyun 2016-cı il tarixli qərarı ilə onların arasında nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaq üzərində qəyyumluq məhkəmə qərarı çıxarılan andan ataya verilmiş, iddiaçıya yaşaması üçün birdəfəlik ödəniş edilməsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia tələbləri (aliment) rədd edilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Apellyasiya Məhkəməsi 17 noyabr 2016-cı il tarixində birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, yetkinlik yaşına çatmayan uşaq üzərində qəyyumluğun iddiaçıya verilməsi, uşağın iddiaçıya qaytarılması, aliment ödənişlərinin, qəyyumluq üzrə xərclərin, mənzil xərclərinin, nikah xərclərinin ödənilməsi və s. barədə qərar qəbul etmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarında qismən dəyişiklik edilmiş, alimentin tutulması, qəyyuma mənzil üçün ödənişlərin verilməsinin uşağın anasına verilməsi anından icra olunması, nikah xərclərinin nikahın ləğv olunması haqqında qəti qərar çıxarıldıqdan və ya uşağın anasına faktiki təhvil verilməsi anından tutulması, hər iki instansiya üzrə məhkəmə rüsumlarını müştərək qaydada ödəmək vəzifəsi tərəflərin üzərinə qoyulmuşdur. Qalan hissələrdə şikayət təmin olunmamışdır.

M.Beyşekeyeva, nümayəndəsi A.Əfəndizadə vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) vəsatət verərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasını və məcburi icra edilməsini xahiş etmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmuş, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qərara alınmışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, göstərilən qərarlar qəbul edilənədək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı D.Bağırovun cavabdeh M.Beyşekeyevaya qarşı nikahın pozulması və uşağın atanın yanında qalması barədə iddia tələbi təmin edilmişdir.

Lakin yuxarıda qeyd olunan Ali Məhkəmənin Mülki Kollegiyasının qərardadı qəbul edildikdən sonra M.Beyşekeyevanın apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və onun saxlanılması üçün alimentin tutulması barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikasında tanınmış qərarı mövcuddur.

D.Bağırov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə  (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab edilməsini xahiş etmişdir.

Ərizəçi həmin şikayətində hesab etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası M.Beyşekeyevanın ərizəsinə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 462, 467 və 471-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın  25, 26-cı maddələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.

D.Bağırovun şikayəti əsasında Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 25 iyul tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən, Ali Məhkəmənin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 462 və 472-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

Bundan sonra Ali Məhkəmənin Mülki Kollegiyası yenidən Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi qaydada icra edilməsi barədə 6 fevral 2019-cu il tarixli qərardad qəbul etmişdir.

D.Bağırov Konstitusiya Məhkəməsinə təkrarən şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki,  Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 85 və 86-cı maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Mülki Prosessual Məcəllənin 462 və 465-ci maddələri düzgün tətbiq edilməmiş, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun onun şikayəti əsasında qəbul etdiyi 2018-ci il 25 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmamış, nəticədə Konstitusiyanın 34 və 60-cı maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu D.Bağırovun şikayətinin “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 27.2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq yazılı prosedur qaydasında baxılmasını mümkün hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 

Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər. Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi və onun icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda belə, həmin icraat dövlətin beynəlxalq öhdəlikləri ilə yanaşı, ədalət mühakiməsinə dair Konstitusiyanın əsas prinsiplərinə uyğun həyata keçirilir.

Mülki Prosessual Məcəllənin 458.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin (bundan sonra – Müqavilə) 21-ci maddəsinin “d” bəndinə görə, sorğu edilən Tərəfin qüvvədə olan hər hansı qanununu pozan tələbləri təsbit edirsə və ya onun konstitusiya qaydaları, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət yaradırsa, qərar tanınmır və ya icra edilmir. Müqavilənin 22-ci maddəsinə əsasən isə qərarın tanınması və ya icrası ilə bağlı prosedurlar sorğu edilən Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Həmin Məcəllənin 465.1.5-ci maddəsinə uyğun olaraq, qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə, onu məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir.

Mülki Prosessual Məcəllənin 464-cü maddəsinə müvafiq olaraq, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı qəbul etdiyi əvvəlki qərarına istinadən bir daha qeyd etməyi vacib hesab edir ki, mülki prosessual qanunvericiliyin və Müqavilənin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin sözügedən məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusiya qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır.

Həmçinin nəzərə alınmalıdır ki, bir dövlətin yurisdiksiyası altında qəbul edilmiş publik hakimiyyət sənədi olan məhkəmə qərarının digər dövlətin ərazisində tanınması və icrası mürəkkəb məsələlərdəndir. Beynəlxalq hüququn ümumqəbul olunmuş prinsiplərindən, əsasən ərazi bütövlüyü və dövlətlərin suveren bərabərliyi prinsiplərindən irəli gələrək xarici dövlətin məhkəmə qərarının digər dövlətin ərazisində tanınması və icrası yalnız həmin dövlətin qanunvericiliyi, beynəlxalq hüquq və qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçirilə bilər.

Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi).

Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması zamanı həll edilməsi tələb olunan məsələlər açıqlanır. Məcəllənin 22.2-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

1) boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

2) uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

3) ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

4) ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır.

Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır.

Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir.

Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin III hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin II hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq 2018-ci il 25 iyul tarixli Qərarında hesab etmişdir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən M.Beyşekeyevaya alimentin və qəyyumluğa görə xərclərin ödənilməsinin Azərbaycan Respublikasının ailə qanunvericiliyinə zidd olması nəzərə alınmamışdır. Bu isə Müqavilənin 21-ci maddəsinin “d” bəndinə, Mülki Prosessual Məcəllənin 462 və 465.1.5-ci maddələrinə görə həmin qərarın tanınmasından imtinaya əsasdır.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə almayaraq, Konstitusiyanın, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) və Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qərar qəbul etmişdir.

Belə ki, kassasiya instansiyası məhkəməsi iş üzrə müəyyən nəticəyə gəlmək üçün hər hansı maddi hüquq normasına istinad etməyərək, yalnız ümumi mülahizələr (alimentin tutulması uşağın anasına deyil, uşağın xərclərinin ödənilməsi üçün ananın xeyrinə tutulduğundan bu hal ailə qanunvericiliyi ilə ziddiyyət təşkil etmir; qəyyumluğa görə xərclər uşağın maraqları naminə ana tərəfindən uşağa edilən gündəlik qulluqla bağlı olduğundan ailə qanunvericiliyi ilə ziddiyyət təşkil etmir) əsasında təkrar olaraq xarici dövlətin məhkəmə qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında göstərilmişdir ki, Ali Məhkəmə və digər məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.

Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Ali Məhkəmənin Mülki Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun eyni məsələ üzrə qəbul etdiyi 2018-ci il 25 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul edərək Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmaqla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 25 yanvar tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyinin davamı olaraq bir daha qeyd edir ki, məhkəmə, ilk növbədə, Mülki Prosessual Məcəllənin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir (H.Babayevin şikayəti üzrə 2017-ci il 16 mart tarixli və F.Bayramovun şikayəti üzrə 2017-ci il 20 iyul tarixli qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, hazırkı konstitusiya işinin predmetini Ali Məhkəmənin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi barədə 6 fevral 2019-cu il tarixli qərardadının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması təşkil edir. Aliment, uşağın valideynlərindən hansının yanında qalması və digər məsələlərə gələcəkdə səlahiyyətli məhkəmə tərəfindən Azərbaycan Respublikasının maddi və prosessual qanunvericiliyinə uyğun baxılması istisna edilmir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, Plenumun qərarında göstərilən hüquqi mövqelər nəzərə alınmadan, yenidən eyni ziddiyyətli yanaşmalara yol verməklə yanlış qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin II hissəsinin tələblərinə zidd olmaqla işə baxılma müddətinin əsassız uzanmasına və süründürməçiliyə səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi barədə 6 fevral 2019-cu il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinə və Mülki Prosessual Məcəllənin 462 və 465.1.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

   

QƏRARA  ALDI:

  

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi barədə 6 fevral 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462 və 465.1.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

    

Sədr                                                                                                   Fərhad Abdullayev