ANA SƏHİFƏ » Qərarlar » 03.05.19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair

 

3 may 2019-cu il                                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının sədri Faiq Qasımov və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və lisenziyalaşdırma departamentinin Hüquqi təminat idarəsinin aparıcı hüquqşünası Tural Hacıbəylinin iştirakı ilə,    

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsi baxımından həmin Məcəllənin 128-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 109-cu maddəsinə əsasən çıxarılmış qərardadlardan şikayət vermək hüququnun olub-olmaması baxımından həmin Məcəllənin 128-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Az İmport” MMC) barəsində həmin Məcəllənin 430.4-cü maddəsinin pozulmasına dair tərtib edilmiş inzibati protokolun onu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Maliyyə Bazarlarına Nəzarət Palatası) geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərardadından şikayət daxil olmuşdur.

İnzibati xəta haqqında iş üzrə materiallardan məlum olur ki, “Az İmport” MMC 6 noyabr 2017-ci il tarixində qabaqcadan ödəniş etməklə 588.690 Rusiya rublu məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara köçürmüş və ödəniş aparılmasından 270 gündən artıq müddət keçsə də, həmin pul məbləğində alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Bunun nəticəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Az İmport” MMC haqqında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xəta haqqında 7 sentyabr 2018-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol toplanmış sənədlərlə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

Sumqayıt Şəhər Məhkəməsi 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyini əsas gətirmiş və iş materiallarını Maliyyə Bazarlarına Nəzarət Palatasına geri qaytarmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətdə qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xətalar üzrə qəbul edilmiş qərardadlardan apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, həmin qərardadlar inzibati xətalar haqqında işi mahiyyəti üzrə həll etmir.

Sumqayıt Apellyasiya Məhkəməsi müraciətdə qaldırılan məsələ ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmaların olduğunu nəzərə alaraq Konstitusiya Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin şərh edilməsini məqsədə müvafiq hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsi baxımından həmin Məcəllənin 128-ci maddəsinin şərh olunması xahiş edilsə də, məsələnin daha dolğun həll edilməsinə nail olmaq üçün İnzibati Xətalar Məcəlləsinin məhz 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsi daha məqsədəmüvafiqdir. 

  Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün, ilk növbədə, inzibati məsuliyyəti müəyyən edən inzibati xətalar qanunvericiliyinin mahiyyəti, vəzifəsi və prinsipləri nəzərdən keçirilməlidir.

İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər.

İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir.

Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır.

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılır. Bu mərhələlərə aşağıdakıları aid etmək olar:

- inzibati xəta haqqında iş üzrə icraatın başlanması;

- inzibati araşdırma;

- protokola (prokurorun qərarına) baxılması;

- inzibati xətalar haqqında işlərə apellyasiya qaydasında baxılması;

- qərarın icrası (inzibati tənbehin tətbiqinə dair icraat).

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) siyahısı İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, inzibati xətalar haqqında işlərə:

rayon (şəhər) məhkəmələri;

yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan);

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.

İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

İnzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır.

İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir. Məcəllənin 43.3-cü maddəsinə görə, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.

İnzibati xətalar qanunvericiliyinə əsasən, inzibati xəta haqqında işə baxarkən məhkəmə qərar və ya qərardad qəbul edir. Məcəllənin 114-cü maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

- inzibati tənbeh vermə haqqında;

- inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;

- inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;

- inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarda hansı məsələlərin dəqiq göstərilməsi əks olunmuşdur. Bunlara inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, qərardan şikayət verilməsi qaydası, müddəti və s. aiddir.

Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul olunur. Həmin qərarda şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilərək müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilir və bunun hüquqi nəticələri öz əksini tapır. Məhz bu baxımdan inzibati xəta törətmiş fiziki, hüquqi və vəzifəli şəxs barəsində seçilən tənbeh tədbiri həmin şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırdığına görə, qanunverici belə tədbirdən müdafiə mexanizmləri müəyyən etmişdir. Bunların sırasında əsas yeri inzibati tənbehin tətbiqi ilə bağlı məhkəmələr tərəfindən qəbul edilən qərardan şikayət verilməsi institutu tutur. 

İnzibati Xətalar Məcəlləsində inzibati tənbehin tətbiqi ilə bağlı səlahiyyətli orqanlar və məhkəmələr tərəfindən qəbul edilən qərardan şikayət və ya protest verilməsinin prosessual qaydaları nəzərdə tutulmuşdur. Belə ki, Məcəllədə inzibati xətalar haqqında işlər üzrə icraatın qanuniliyini, inzibati tənbehin tətbiqinin ədalətliyini təmin etmək, ilkin icraat mərhələsində yarana bilən səhvlərin qarşısını almaq və ya digər qanuni məqsədlərə nail olmaq üçün proses subyektlərinə yuxarı məhkəmə instansiyasına (apellyasiya məhkəməsinə) şikayət və ya protest vermək imkanı yaradılır.

Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:

hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydası müəyyən edilmişdir.

Beləliklə, qanunverici inzibati xəta haqqında iş üzrə qəbul edilən yekun sənəd olan qərardan şikayət verilməsinin qaydasını və belə şikayəti verə bilən subyektlərin dairəsini dəqiq müəyyən edərək bu hüququ prosesin bütün iştirakçılarına aid etmişdir.

İnzibati xətalar haqqında işlərə baxılarkən qəbul edilən qərardadlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: işin baxılması tarixinin və yerinin təyin edilməsi, işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi, ekspertizanın təyin edilməsi, işə baxılmanın təxirə salınması, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Həmçinin qanunvericiliklə müəyyən edilmiş hallarda inzibati xətanın baxıldığı yer üzrə məhkəmə şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən yuxarıda qeyd edilən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri).

Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir.

Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır.

Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə  hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müraciətin verilməsinə səbəb olmuş inzibati xəta haqqında işlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) hazırlıq mərhələsində həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.

Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir.

İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:  protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s.

 Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim  protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir.

 Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə  protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.  

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,  inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə  qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən  qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

2. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir.

Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                                                                       Fərhad Abdullayev