ANA SƏHİFƏ » Qərarlar » 18.03.19 Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair

 

18 mart 2019-cu il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi Fəridə Cabbarlının,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Bəhman Qəribov, Azərbaycan Respublikası Prokurorluğunun Hüquqi təminat idarəsinin rəis müavini Aynur Osmanova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas komissiyasının üzvü Mehman Sultanov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Hüquq proqramının eksperti Elçin Usubun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 125-ci maddəsinin VII hissəsinin mülki məhkəmə icraatında tətbiqi ilə bağlı təcrübədə fikir ayrılığı olduğundan həmin normanın şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret iş üzrə Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə istinad edərək qərarında göstərmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən əsl həqiqətin müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görülməlidir.

Bununla bağlı müraciətdə bildirilir ki, hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir: işin həqiqi hallarına müvafiq olaraq məhkəmənin gəldiyi nəticə (obyektiv həqiqət) və işdə olan sübutlar əsasında məhkəmənin gəldiyi nəticə (formal həqiqət).

Müraciətedənin qənaətinə görə, qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Müraciətdə həmçinin göstərilir ki, Mülki Prosessual Məcəllənin yalnız bir maddəsində işin həqiqi hallarına istinad olunur. Belə ki, Məcəllənin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Lakin bu maddədə də hakimin üzərinə birbaşa olaraq işin həqiqi hallarını araşdırmaq vəzifəsi qoyulmamış və bununla bağlı hər hansı prosessual qayda müəyyən edilməmişdir.

Müraciətedən hesab edir ki, müraciətdə qeyd olunan qeyri-müəyyənlik son nəticədə mülki prosessual qanunvericilik normalarının fərqli qaydada tətbiq edilməsinə, mülki prosesdə hakimin rolu ilə bağlı ziddiyyətli yanaşmaların mövcudluğuna və tərəflər üçün qeyri-bərabər şəraitin yaradılmasına səbəb ola bilər. Bu hal isə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edilməsi, hüquqi müəyyənlik prinsipinin, fiziki və hüquqi şəxslərin Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik və 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Konstitusiyanın göstərilən maddəsində təsbit edilmiş “həqiqət” anlayışı daha çox fəlsəfi məhfum olduğundan, onun fəlsəfi mənasını anlamadan hüquqi mənasının dərk edilməsində çətinliklər yaranar.

Fəlsəfədə həqiqət idrak nəzəriyyəsinin əsas və mərkəzi məsələlərindən biri hesab edilir və onun mütləq və nisbi anlayışları mövcuddur.

Mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur.

Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir.

  “Həqiqət” anlayışı həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti?

Bu suallara cavab vermək üçün bir sıra mühüm məsələlərə aydınlıq gətirilməlidir.

Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar.        

Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq,  sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur.

Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir.

Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

Roman-german hüquq sisteminə aid Avropa ölkələrində əvvəllər məhkəmə tərəflərin mübahisəsini həll edən və arqumentləri dinləyən passiv arbitr rolunu deyil, əksinə prosesin fəal iştirakçısı olan, faktları müəyyən etmək və aydınlaşdırmaq, prosesə fəal müdaxilə edərək həqiqəti müəyyən etmək məqsədilə istintaqı həyata keçirən orqan rolunu oynayırdı. Sonradan kontinental Avropa hüququnun prosessual formatı dəyişərək ədalət sistemində “istintaq” əlamətləri azalmış və daha çox çəkişməli məhkəmə sisteminə üstünlük verilmişdi.

Roman-german hüquq sisteminə aid olan Azərbaycanın mülki porosessual hüququ da bu cür transformasiyaya məruz qalmışdır. Belə ki, 2000-ci ilədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 14-cü maddəsi müəyyən etmişdi ki, məhkəmə təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Həmçinin həmin Məcəllənin 49-cu maddəsinin ikinci hissəsində təsbit olunmuşdur ki, təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən digər şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya sübutları öz təşəbbüsü ilə toplayır.

Bu maddələrin mətnindən göründüyü kimi, məhkəmə təkcə tərəflərin təqdim etdiyi hüquqi faktların real və obyektiv mövcudluğu ilə kifayətlənməyərək, həmin faktlar əsasında istənilən məlumatı öz təşəbbüsü ilə toplayırdı.

Bundan fərqli olaraq, 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Mülki Prosessual Məcəllədə tərəflərin çəkişməsi prinsipinə daha böyük önəm verilmişdir. Yeni Mülki Prosessual Məcəllədə əvvəlki Məcəllənin yalnız 14, 49-cu və digər maddələri  formal dəyişdirilməmiş, qanunvericinin həqiqətin müəyyən edilməsinə olan yanaşması, baxışı dəyişmişdir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu  bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur.

Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). 

Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 

Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır.

Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir.

Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin  təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur.

Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.

Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, ilk növbədə qeyd etməyi lazım bilir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən  Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin IV və VII hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin III hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin  həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir.

Müraciətdə Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin məhz mülki məhkəmə icraatına tətbiqi baxımından şərh edilməsi xahiş olunduğundan, qüvvədə olan mülki prosessual qanunvericiliyin bəzi müddəalarına diqqət yetirilməlidir.

Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin  məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.

Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (Mülki Prosessual Məcəllənin 167-ci maddəsi).

Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.

Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi  məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki,  “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki,  hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

Kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək qərarda işə yenidən baxılarkən əsl həqiqətin müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə dair göstərişinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu 2009-cu ilədək qəbul etdiyi iki qərarda “obyektiv həqiqət” sözlərindən istifadə etsə də, Konstitusiyanın 125-ci maddəsinə edilmiş əlavədən sonra həqiqət prinsipinə məhz dispozitivlik və tərəflərin çəkişmə prinsipləri ilə əlaqəli şəkildə baxmışdır.

Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır.

Həmçinin hüquqi mənada həqiqət prinsipinin adresatı kimi yalnız birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edirlər. Məhz bu məhkəmələr işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya məhkəməsi öz mülahizəsi ilə hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanılması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz.  Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar.     

Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin I hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).    

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

 1. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

2. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                          Fərhad Abdullayev 

 

 

 

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il  tarixli Qərarından hakim İ.Nəcəfovun

 

Xüsusi rəyi

 

            18 mart 2019-cu il                                                                                     Bakı şəhəri

 

Plenum Qərarının təsviri və əsaslandırıcı hissəsində öz əksini tapan “Hüquqi həqiqət” prinsipi və ona dair müddəalarla razı deyiləm. Qərarın qalan təsviri əsaslandırıcı hissəsi ilə razıyam.

Plenum Qərarının nəticəvi hissəsinin birinci bəndi ilə qismən, ikinci bəndi ilə isə tam razıyam.

Həqiqət özlüyündə fəlsəfi anlayış olduğu qədər də hüquqi faktdır. Tarixən həqiqətə can atmaq istəyi, nəinki hakimlərin, hökmdarların, hətta adi bir insanın belə amalı olmuşdur. Bəlkə, bütünlüklə bəşəriyyətin varlığı da bununla bağlı olmuş və bağlı olmaqda da qalır.

Afinanın çarı, qanunvericisi və hakimi Salona, özlərini gətirdikləri bir körpə uşağın anası olduğunu iddia edən iki gənc qadın müraciət edirlər. Hər birisi ayrı-ayrılıqda körpənin ona məxsus olduğunu iddia edərək, dəlillər gətirirlər. Həqiqəti müəyyən etmək üçün digər sübut və dəlil olmadığını gördükdə bir qədər  fikirləşdikdən sonra, Salon körpə uşağın ikiyə bölünüb, hərəsinə bir hissəsinin verilməsi barədə qərar qəbul edir. Doğma ana qışqıraraq körpəsinin sağ qalması üçün ona yox, iddiaçıya məxsus olduğunu deyərək iddiasından imtina edir. Salon uşağın ona verilməsi barədə hökm verir.

Tarixin ən böyük fatehlərindən olan Əmir Teymurun möhründə “güc həqiqətdədir” kəlamı həkk edilmişdir.

Ulu öndər Heydər Əliyev hamıdan ona, “şirin yalan yox, yalnız acı həqiqəti” söyləməyi tələb edirdi.

Gətirdiyimiz misallardan görürük ki, “həqiqət” həqiqətən də, ədalətlə çox sıx bağlıdır.

Plenumda qeyd edildiyi kimi, “həqiqət” iki mənada fərqləndirilir. Mütləq və nisbi. Eləcə də, dərk edilən və dərk edilməyən. Mütləq həqiqət obyektiv həqiqətdir. Hansı ki, o mövcuddur, onun məzmunu, mahiyyəti, xarakteri dərk ediləndir. Ona görə də deyə bilərik ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası bizim üçün mütləq – obyektiv həqiqətdir. Onun məzmunu, mahiyyəti, xarakteri dərk edilən və başa düşüləndir.

Konstitusiyada təsbit edilən “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” (Konstitusiyanın III fəsli, 24-71-ci maddələr) da obyektiv həqiqətdir.

Məhkəmə hakimiyyətinin ən başlıca vəzifəsi də qeyd edilən hüquq normalarında təsbit edilən hüquq və azadlıqlarının  müdafiəsidir.

1995-ci il Konstitusiyası əsasında  2000-ci ildə yeni Mülki Prosessual Məcəllə qəbul edildikdən sonra, 2009-cu ildə Konstitusiyanın 125-ci maddəsinə  VII hissə - “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası əlavə edilmişdir.

Lakin Plenum bu müddəanın  nə üçün əlavə olunmasının məqsəd və niyyətlərini öz qərarlarında qeyd etməmişdir. Plenum,  Konstitusiyanın həmin norması ilə MPM-nin 14.2-ci maddəsini funksional əlaqələrini qarşılıqlı təhlil etsəydi, görərdi ki, bu iki norma arasında ziddiyyət mövcuddur. Bu ziddiyyəti Konstitusiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarında da görmək olur.

Mülki icraatın gedişində icrası gözlənilən bütün prinsiplər ədalət mühakiməsində iş üzrə “obyektiv həqiqətin müəyyən edilməsi” vəzifəsinin həyata keçirilməsinə xidmət edir.

Çünki Konstitusiyaya edilən qeyd etdiyimiz əlavə, hüquqi təbiətinə görə, həm də məhkəmə hakimiyyəti qarşısına qoyulan tələbdir.

Plenum qərarında göstərmişdir ki, “... məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıbdır.

Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq, bu həqiqətin mahiyyəti də hüquqidir.”

Plenumun bu mövqeyi ilə tam razıyam. Lakin Plenum, nədənsə, mülki mühakimə icraatında işlədilən bütün söz və ya anlayışların da hüquqi mahiyyətini unudur. Əgər Plenum Qərarında “mülki mühakimədə həqiqətə nail olmaq” müddəasını işlədirsə, nə üçün onda həqiqətin müəyyən edilməsini ədalət mühakiməsinin məqsədi yox, onu ədalət mühakiməsinin prinsipi hesab edir? (səhifə 5, aşağıdan 3-4-cü abzas). Və nədənsə Plenum özünün qurduğu düzgün mühakimələrindən yanlış nəticə - “hüquqi həqiqət prinsipi” çıxardır.

Hətta mülki prosesdə yol verilən bütün mümkün hüquqlardan və vəzifələrdən tərəflər istifadə etsələr də, bəzən  çəkişmə  “həqiqətin”  müəyyən edilməsinə gətirib çıxartmır. Bəs onda məhkəmə nə etməlidir? Bu suala Plenumun qərarında cavab tapmaq mümkün deyil.

Fikrimizcə, Plenum Konstitusiyanın 125-ci maddəsininVII hissəsində təsbit edilən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəasının, Konstitusiyanın 127-ci maddəsinin II (Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar) və IV (Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir), 129-cu maddəsinin III hissəsi ilə (Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır) funksional əlaqəsini düzgün müəyyən etməmişdir. Plenum qeyd edilən konstitusion institutların yazılı ifadəsini qrammatik təhlil etsəydi və ya məntiqin qanun-qaydalarını nəzərə alsaydı,  birincinin – 125-ci maddənin VII hissəsinin digərlərinə münasibətdə rəhbər və təminedici funksiyası daşıdığını görərdi.

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi – “Məhkəmə icratı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası məhkəmə hakimiyyəti qarşısında qoyulan konstitusion vəzifədir. Məhkəmə icraatının nail olmaq istədiyi məqsəddir. Məhkəmə qərarının ədalətliliyinin, qanuni və əsaslılığının təminatıdır.

Məhkəmə mülki mühakimə icraatı, bu vəzifənin – obyektiv həqiqətin müəyyən edilməsi təminatının aliliyini, məhkəmə icraatının bütün mərhələlərində gözləməlidir.

Bir sözlə, Konstitusiyanın şərhə məruz qalan normasının müddəası  Konstitusiyanın mühakimə icraatına dair digər normalarına münasibətdə rəhbəredici mövqeyə malikdir. Obyektiv həqiqət -  məhkəmə icraatında məhkəmə hakimiyyətini həyata keçirən hakimin bütün icraat boyu əldə etmək və ya nail olmaq istədiyi yeganə məqsəddir.

Yalnız bu məqsədə çatmaqla ədalətli qərar qəbul etmək mümükündür.

Hüquqi həqiqət mülki mühakimə icraatının prinsipi ola bilməz. Çünki, hüquqi prinsiplər – qanunçuluq, qanun və məhkəmə qarşısında bərabərlik, çəkişmə, məhkəmə baxışının aşkarlığı dəqiq reqlamentliyə və həyata keçirilmə mexanizminə malikdir. Hüquqi həqiqət prinsipinin isə belə reqlamentliyi və həyata keçirmə mexanizmi yoxdur.

Biz belə zənn edirik ki, qanunverici Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqları və azadlıqlarının (Konstitusiyanın 24-71-ci maddələri) məhkəmə müdafiəsi sahəsində hakimlərin məsuliyyətini artırmaqla cəmiyyətdə hüququn aliliyinə nail olmaq üçün Konstitusiyanın 125-ci maddəsinə qeyd edilən VII hissəsini əlavə edilməsi ideyasının zəruriliyini əldə rəhbər tutmuşdur.

Konstitusiyanın qeyd edilən müdəası qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının qanunlarında, o cümlədən də, MPM-də müvafiq dəyişikliklər edilməli idi.

Plenum öz qərarında bu hüquqi fakta toxunmamışdır.

Halbuki, bu sahədə qəbul edilmiş qərarlar (həqiqət dair) qüsurlu olduğundan qarşıya çıxan eyni məzmunlu mülki münasibətlərin hüquqi tənzim etməsindəki problemləri aradan qaldırmamışdır.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, MPM-in 14.2-ci maddəsinə müvafiq dəyişikliklər edilməzsə, bu problemlərin ortaya çıxması xroniki xarakter daşıyacaqdır.

Fikrimizcə, obyektiv həqiqətin müəyyən edilməsinin təminatı, qanunların adilliyindən çox, ədalət mühakiməsini həyata keçirən hakimlərdən asılıdır.

Qeyd edilənlərə əsasən deyə bilər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası – ədalət mühakiməsi yolunda, məhkəmə hakimiyyəti qarşısında qoyulan ən əsas vəzifə olaraq, iş üzrə obyektiv həqiqətə nail olmaq məqsədinə çatmaqla, məhkəmə aktının ədalətliliyini təmin edə biləcək mühüm konstitusion institutdur.

            

          Hakim                                                                                                            İsa Nəcəfov