ANA SƏHİFƏ » Qərarlar » 14.02.19 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK-ın 4 dekabr 2017-ci il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

14 fevral 2019-cu il                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Həşim Cəfərovun vəkili Əlirza Habilovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Qaratel Məhərrəmova cavabdehlər Həsən Hacıyev, notarius Anna Maxovikova və üçüncü şəxs H.Cəfərova qarşı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin (bundan sonra – Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsi) 31 mart 2010-cu il tarixli qətnaməsi ilə Q.Məhərrəmovanın iddiası təmin edilmiş, onun adından müəyyən hərəkətlərin yerinə yetirilməsinə dair H.Hacıyevə səlahiyyət verən etibarnamə etibarsız hesab edilmişdir.

Sonradan Q.Məhərrəmovanın ərizəsi əsasında həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 4 dekabr 2017-ci il tarixli qərardadı qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, tərəflər arasında Azərbaycan Respublikasının məhkəmələrində həmin etibarnamədən istifadə edilməklə bağlanmış əqdlərin etibarsızlığı barədə mübahisələrə baxılmış, bu işlərə baxılarkən Q.Məhərrəmovanın adından verilmiş 13 oktyabr 2005-ci il tarixli etibarnaməyə münasibət bildirilsə də, həmin etibarnamənin etibarsız hesab edilməsi məsələsi məhkəmə araşdırmasının predmeti olmamış və bu barədə Azərbaycan Respublikası ərazisində qəbul edilmiş məhkəmə aktı mövcud deyil.

H.Cəfərov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair Ali Məhkəmənin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə qeyd edilmişdir ki, Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsində 31 mart 2010-cu il tarixli qətnamə çıxarılanadək Azərbaycan Respublikasının məhkəmələrində eyni tərəflər arasında eyni hüquqi mübahisəyə dair məsələyə artıq baxılmışdır. Ərizəçinin fikrincə, kassasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı çıxararkən 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində imzalanmış, Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın (bundan sonra – Kişinyov Konvensiyası) müddəalarını tətbiq etməmiş, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 465-ci maddəsinin tələblərinə riayət etməmiş, nəticədə onun Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

İnsan hüquq və azadlıqlarının məhkəmə tərəfindən qərəzsiz və ədalətli müdafiə edilməsi beynəlxalq hüquqda da insanın ayrılmaz və toxunulmaz hüququ kimi tanınır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına uyğun olaraq məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart və Stanova Bolqarıstana qarşı iş üzrə 2017-ci il 19 yanvar tarixli Qərarlar).

Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər. Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi, onun tanınması və icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda, həmin icraat dövlətimizin beynəlxalq öhdəlikləri ilə yanaşı, Konstitusiyanın ədalət mühakiməsinə dair əsas prinsiplərinə uyğun həyata keçirilməlidir.

Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrası qaydaları Mülki Prosessual Məcəllənin 47-50-ci fəsilləri ilə tənzimlənir.

Mülki prosessual qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınması ilə əlaqədar həmin qətnamələri iki qrupa bölür:

- icrası tələb olunmayan qətnamələrin tanınması;

- məcburi icrası tələb olunan qətnamələrin tanınması.

Xarici məhkəmələrin Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Mülki Prosessual Məcəllənin 459-cu maddəsində sadalanmışdır. Xarici məhkəmələrin icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə Mülki Prosessual Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Göründüyü kimi, mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:

- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda;

- qarşılıqlı anlaşma əsasında.

Mülki Prosessual Məcəllənin 458.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Kişinyov Konvensiyasının 120-ci maddəsinin 4-cü bəndinin məzmununa müvafiq olaraq, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasının (bundan sonra – Minsk Konvensiyası) və ona əlavə edilən Protokolun müddəaları, Kişinyov Konvensiyasının iştirakçısı olan dövlətlə Minsk Konvensiyasına və ona əlavə edilmiş Protokola qoşulmuş, lakin Kişinyov Konvensiyasının qüvvəsini tanımayan dövlət arasındakı münasibətlərə tətbiq olunmaqda davam edir.

 Beləliklə, Kişinyov Konvensiyasının bu maddəsinin tələblərini və Rusiya Federasiyası tərəfindən həmin Konvensiyanın ratifikasiya olunmadığını nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yaranmış münasibətlərə Minsk Konvensiyasının müddəaları tətbiq olunur.

Minsk Konvensiyasının 55-ci maddəsində qərarların tanınmasından və icrasından imtina halları müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq, qərarların tanınması və icrasından imtina edilməsi əsaslarından biri qərarın tanınmalı və icra edilməli olduğu Razılaşmış Tərəfin ərazisində həmin iş üzrə əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş qərarın və ya üçüncü dövlətin məhkəməsinin tanınmış qərarının olması, yaxud həmin Razılaşmış Tərəfin orqanı tərəfindən göstərilən iş üzrə əvvəllər icraatın qaldırılmasıdır.

Mülki Prosessual Məcəllənin 458.2-ci maddəsi baxımından qeyd edilməlidir ki, eyni məsələni tənzimləyən Mülki Prosessual Məcəllənin və Minsk Konvensiyasının müvafiq maddələri arasında məzmun fərqi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 465-ci maddəsində də oxşar norma müəyyən edilmişdir. Həmin Məcəllənin 465.1.3-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmadan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə belə işlərə baxarkən, ilk növbədə, Mülki Prosessual Məcəllənin 458 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir (H.Babayevin şikayəti üzrə 2017-ci il 16 mart tarixli və F.Bayramovun şikayəti üzrə 2017-ci il 20 iyul tarixli Qərarlar).

Həmçinin məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). 

Avropa Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə, xarici ölkənin məhkəmə qərarının tanınması və icraya yönəldilməsinə dair vəsatətə baxarkən, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi baxımından müvafiq qərarın ilkin olaraq öyrənilməsini həyata keçirmədən verilmiş vəsatəti təmin edə bilməz. Bu cür yoxlamaların həcmi isə işin xarakterindən asılı ola bilər (Avotinş Latviyaya qarşı iş üzrə 2016-cı il 23 may tarixli Qərar).

 Məhkəmələrdə baxılan mübahisənin predmetinə gəlincə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 465.1.3-cü maddəsində məhkəmə qərarını tanımaqdan və icra etməkdən imtina üçün əsas qismində mübahisələrin zahiri eyniliyi meyarı çıxış edir. İddianın zahiri eyniliyi dedikdə, məhkəmə tərəfindən baxılmış və ya baxılmaqda olan iddia ilə yeni verilmiş iddianın eyniliyi başa düşülür. İki iddianın elementlərinin üst-üstə düşməsi iddiaçı üçün neqativ, qadağanedici nəticələrə gətirib çıxarır.

Nəzərə alınmalıdır ki, mübahisənin predmeti iddianın predmeti ilə eyniləşdirilə bilməz. Mübahisənin predmeti nisbətən daha geniş anlayışdır. Belə ki, işin məhkəmə baxışı zamanı cavabdeh tərəfindən qarşılıqlı iddia irəli sürülə bilər, həmin iddianın da predmeti Mülki Prosessual Məcəllənin 220.3 və 264.0.3-cü maddələrinin məzmununa uyğun olaraq, məhkəmə qərardadları və qətnamələrində mübahisə predmetinin tərkib hissəsi kimi göstərilməlidir.

Bununla yanaşı, məhkəmə araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir. Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual hüquq normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll edilən məsələlər də başa düşülməlidir.

Məhkəmənin bu cür hərəkətləri mübahisə edən tərəflərin dispozitiv hüquqlarına müdaxilə olsa da, bu, məhkəmə prosesi çərçivəsində işi düzgün həll etmək niyyətindən irəli gəlir və konstitusiya əhəmiyyəti olan prosessual qənaət və prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsiplərinin həyata keçirilməsinə yönəlmişdir. 

Azərbaycan Respublikasının məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, etibarnamənin etibarsızlığı nə əsas iddianın, nə də qarşılıqlı iddianın predmeti olmamışdır. Lakin məhkəmələr iddiada qaldırılan məsələnin düzgün həll edilməsi üçün qeyd edilən halı araşdırıb hüquqi qiymət verərək, onu mübahisə predmetinin tərkibinə daxil etmişlər.

Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli, habelə Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnamələrində məhkəmələr hesab etmişlər ki, iddiaçı Q.Məhərrəmovanın adından cavabdeh H.Hacıyevə verilmiş 13 oktyabr 2005-ci il tarixli etibarnamədəki imzanın Q.Məhərrəmova tərəfindən icra olunmaması həmin etibarnamədən aşkar surətdə görünür və bu hal mübahisəli əmlaka dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı Q.Məhərrəmovanın adından 13 oktyabr 2005-ci il tarixində cavabdeh H.Hacıyevin adına verilmiş etibarnamə Q.Məhərrəmovanın 2 iyun 2004-cü il tarixində qardaşı B.Məhərrəmova başqa şəxsə etibar etmək hüququ ilə verdiyi etibarnamə əsasında sonuncu tərəfindən imzalanmışdır. Belə vəziyyətdə göstərilən etibarnamənin Q.Məhərrəmovanın əvəzindən B.Məhərrəmov tərəfindən imzalanmasında və bu əsasla həmin etibarnamədəki imzanın Q.Məhərrəmova tərəfindən icra olunmamasında hər hansı formada qanunsuzluq müəyyən olunmur.

Beləliklə, Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsində iddia qaldırılmazdan əvvəl eyni şəxslər arasında mübahisəli etibarnamənin etibarsızlığı məsələsi Azərbaycan Respublikası məhkəmələrinin icraatında artıq mübahisə predmeti olmuşdur. Bu isə Mülki Prosessual Məcəllənin 465.1.3-cü maddəsinin tələblərinə görə, xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina üçün əsasdır.

Qeyd edilənlərə baxmayaraq, kassasiya instansiyası məhkəməsi qanunvericilik normalarının tələblərinə lazımi qaydada əməl etməyərək xarici məhkəmə qətnaməsinin tanınması üçün əsasların olub-olmamasını yetərincə araşdırmamış, həmin qətnamənin məcburi qaydada tanınmasından imtina edilməsinə yol verən halların mövcudluğuna diqqət yetirməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Ali Məhkəmənin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 458.2 və 465.1.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

  

QƏRARA  ALDI: 

 

1.        Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.2 və 465.1.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılsın.

2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.        Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                              Fərhad Abdullayev