ANA SƏHİFƏ » Qərarlar » 15.02.19 M.Ağayevanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

15 fevral 2019-cu il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi  Minəvvər Ağayeva və vəkili Ziyad Abbaszadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq  konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

M.Ağayeva cavabdehlər Elşən Ağayev, Misirxan Ağayev və “İdeal-İ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “İdeal-İ İnşaat” MMC) qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7 iyun 2017-ci il tarixli qətnaməsi ilə M.Ağayevanın iddia tələbi qismən təmin edilmiş, “İdeal-İ İnşaat”  MMC ilə M.Ağayev arasında Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən 18 saylı yaşayış binasının 618 saylı mənzilinə dair bağlanmış 5 fevral 2015-ci il tarixli fərdi mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilmiş, həmin mənzil, habelə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi, iki ədəd avtomobil E.Ağavev və M.Ağayevanın birgə nikah dövründə əldə edilmiş ümumi əmlakı hesab edilmiş, həmin əmlakların ½ hissəsinə E.Ağayevin, ½ hissəsinə M.Ağayevanın mülkiyyət hüquqları tanınmış, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsi hissəsində təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə M.Ağayevanın apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin ½ hissəsinə E.Ağayevin, ½ hissəsinə M.Ağayevanın payları müəyyən edilməklə bölünməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Azərbaycan Respublikası Ali  Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 16 aprel 2018-ci il tarixli qərarı ilə E.Ağayev və M.Ağayevin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qismən –  Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin ½ hissəsinə E.Ağayevin, ½ hissəsinə M.Ağayevanın payları müəyyən edilməklə bölünməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

M.Ağayeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət ərizəsi ilə müraciət edərək Ali  Məhkəmənin Mülki Kollegiyasının iş üzrə qəbul olunmuş 16 aprel  2018-ci il tarixli qərarını Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29, 60-cı maddələrinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin III hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416-418-ci maddələrinə uyğun olmayan hesab edilməsini xahiş etmişdir. 

Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki,  kassasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin (bundan sonra – DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi) məhkəməyə təqdim etdiyi mübahisələndirilən mənzilin dəyərinin E.Ağayev tərəfindən ödənilməsi barədə arayış və digər sənədləri mötəbər sübut hesab etməmiş, əksinə “Səma-3” Mənzil Tikinti Kooperativinin (bundan sonra – “Səma-3” MTK) 2003-2005-ci illər ərzində ödənişin M.Ağayev tərəfindən aparılmasına dair əsli mövcud olmayan və digər hər hansı sübutla təsdiq olunmayan arayışlarının surətlərinə əsaslanmış, bununla da işin faktiki hallarını araşdıraraq cavabdehin subyektiv mülahizəsi əsasında yeni hallar müəyyən etmiş, nəticədə Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tələblərini pozmaqla səlahiyyət həddindən kənara çıxmışdır. Şikayətdə həmçinin qeyd edilmişdir ki, 2003-2005-ci illərdə mənzilə görə ödəniş edilməsinə dair verilmiş arayışlarda məbləğlər AZN nominalında göstərilmişdir. Halbuki, həmin illərdə Azərbaycan Respublikasında AZN nominalı ümumiyyətlə mövcud olmamışdır. Bu isə həmin arayışların mötəbərliyinə əsaslı şübhələr yaradaraq onların sübut kimi qəbul edilməsini istisna edir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin I və II hissələri).  

Əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi)  31-37-ci maddələri ilə müəyyən edilir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (Ailə Məcəlləsinin 36.1-ci maddəsi).

Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Beləliklə, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir.

Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi iddianı mübahisələndirilən mənzilin birgə əmlak hesab edilərək bölünməsinə dair hissədə rədd edərkən “Səma-3” MTK ilə M.Ağayev arasında kooperativ binada mənzil tikintisi barədə müqavilənin bağlanmasına, bu mənzilə dair pay haqqının tam olaraq sonuncu tərəfindən  9 avqust 2005-ci il tarixində ödənilməsinə, sonradan mənzilin oğlu E.Ağayevin adına rəsmiləşdirilməsi üçün ödənişlərin onun tərəfindən aparılması barədə arayış tələb olunduğundan “Səma-3” MTK-dan  formal olaraq belə arayışın alınmasına və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsinə əsaslanmışdır.

Apellyasiya instansiyası məhkəməsi işə baxarkən mübahisəli mənzilə dair müqavilənin birgə nikah dövründə rəsmiləşdirilməsinə, dəyərinin məhz bu dövrdə ödənilməsinə əsaslanaraq mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bölünməsinə dair iddianı təmin etmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, birinci instansiya məhkəməsi mənzilin ilkin qeydiyyatının aparılması üçün təqdim olunmuş sənədlərin daha mötəbər sübut olduğunu nəzərə almamış, əsli təqdim olunmayan və həmin mənzilə dair ödənişlərin M.Ağayev tərəfindən ödənilməsini özündə əks etdirən “Səma-3” MTK tərəfindən verilmiş müxtəlif məzmunlu, düzgünlüyü iş materiallarında olan hər hansı sübutla təsdiqlənməyən ödəniş sənədlərinə istinad etməklə mənzilin dəyərinin tərəflərin birgə vəsaiti hesabına deyil, M.Ağayevin vəsaiti hesabına ödənilməsi barədə əsassız nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, cavabdeh tərəfin təqdim etdiyi ödəniş sənədləri mənzilin dəyərinin M.Ağayev tərəfindən ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz.

Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi yeni qərarını onunla əsaslandırmışdır ki, sözügedən mənzilin dəyəri birgə nikah dövründə E.Ağayev ilə M.Ağayevanın ümumi gəlirləri hesabına deyil, onlar nikaha daxil olanadək, yəni 9 avqust 2005-ci il tarixində cavabdehin atası M.Ağayev tərəfindən tam məbləğdə ödənilmiş və E.Ağayev sözügedən mənzili M.Ağayevdən əvəzsiz qaydada əldə etdikdən sonra rəsmi nikaha daxil olmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülki prosessual qanunvericiliyin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması qaydasını, eləcə də kassasiya istansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən normalarının açıqlanmasını zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə ədalətli, prosessual qaydalara dəqiq riayət olunmaqla qərəzsiz baxılmasına təminat verir.

Qanuni qüvvəyə minməmiş məhkəmə qətnamələrinə yenidən baxılması insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Məhkəmə aktlarına yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni maraqlarının daha etibarlı müdafiəsinə yönəlir, məhkəmənin işinin yaxşılaşdırılmasına köməklik edir.

Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın müvafiq normalarının mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Rzayevin şikayəti üzrə 2017-ci il 30 may tarixli Qərarı).

Apellyasiya şikayəti vermək hüququ apellyasiya instansiyası məhkəməsinin üzərinə qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması vəzifəsini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxa bilər.

Apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarından verilmiş kassasiya şikayətində isə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsi).

Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmır, yəni apellyasiya instansiyası məhkəməsinin aktlarının qanuniliyini faktlar baxımından deyil, hüquq baxımından yoxlayır və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunmuş faktlara hüquqi qiymət vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 417-ci maddəsində kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri müəyyən edilmiş və işə baxarkən qəbul edə biləcəyi qərarlar sadalanmışdır.

Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının tamamilə, yaxud qismən ləğv edilib işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

Kassasiya instansiyası məhkəməsinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən biri də işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etməsidir.

Konstitusiya Məhkəməsi Plenumunun kassasiya instansiyası məhkəməsinin yeni qərar qəbul etmək səlahiyyətinin həddi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 avqust tarixli Qərarı).

Göründüyü kimi, kassasiya baxışının hədləri birmənalı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşdırılmış, onun yeni qərar qəbul etmək səlahiyyətinin yalnız apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həyata keçirilməsinin mümkünlüyü müəyyən edilmişdir.

M.Ağayevanın şikayətindən və ona əlavə olunmuş sənədlərdən isə görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə yeni qərar qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad edərək apellyasiya instansiyası məhkəməsinin qəbul etmədiyi və mötəbərliyini şübhə altına aldığı sübutlara əsaslanmış, iddiaçının şikayətində göstərdiyi mühüm halların (M.Ağayev tərəfindən ödənişlərin aparılmasını təsdiq edən arayışlarda göstərilmiş məbləğlərin əmlakın müqavilədə nəzərdə tutulmuş dəyərinə uyğun gəlməməsinin, həmin dövrdə AZN nominalının mövcud olmamasının, onlardakı imzaların müxtəlifliyinin) araşdırılmamasına baxmayaraq, mübahisələndirilən mənzilin dəyərinin nikahdan əvvəl ödənildiyini, mənzilin hədiyyə şəklində E.Ağayevə verildiyini əsas gətirərək iş üzrə yeni hallar müəyyən etmiş, bununla da sübutları qiymətləndirməklə qanunvericiliklə müəyyən olunmuş səlahiyyət həddindən kənara çıxmışdır.

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə isə bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə M.Ağayevanın Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  M.Ağayevanın cavabdehlər E.Ağayev, M.Ağayev və “İdeal-İ İnşaat” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsinə dair iddianın rədd edilməsi hissəsində Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu     

 

QƏRARA  ALDI:

 

1. M.Ağayevanın cavabdehlər E.Ağayev, M.Ağayev və “İdeal-İ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsinə dair iddianın rədd edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin  I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                                                        Fərhad Abdullayev