ANA SƏHİFƏ » Qərarlar » 30.11.18 R.Şirinovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK-nın 30/01/18-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

30 noyabr 2018-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Rəhəd Şirinov və vəkili Qardaşxan Sadıqovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Rəhəd Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ: 

 

Güldəniz Davidova və qeyriləri R.Şirinova qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, R.Şirinov isə G.Davidovaya və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

G.Davidova və qeyriləri iddianı onunla əsaslandırmışlar ki, 2000-ci ildə 14.000 ABŞ dollarına 5 sot torpaq sahəsi almış və 2005-ci ildə həmin ərazidə sahəsi 150 kv.m olan ev tikmişlər. Məhkəmə qətnaməsi əsasında onlar 2007-ci ildə həmin evə qeydiyyata alınmış və 2014-cü ilə qədər orada yaşamışlar. G.Davidovanın oğlu Ayaz Füzuli Vəliyevə pul borclu olduğu üçün sonuncu aldatma yolu ilə evi öz adına keçirərək R.Şirinova satmışdır. Onlar dəfələrlə evə köçmək istəsələr də, R.Şirinov onlara maneçilik törətmişdir.

R.Şirinov isə qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, evi 78.000 manata (həmin dövr üçün 100.000 ABŞ dolları) G.Davidovadan almış, şahidlərin, iddiaçının ərinin və iki oğlunun iştirakı ilə pulu G.Davidovaya vermiş, evi aldıqdan sonra orada təmir işi apararaq 50.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Hazırda o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu səbəbdən R.Şirinov iddiaçıların evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qətnaməsi ilə G.Davidova və qeyrilərinin iddiası, R.Şirinovun isə qarşılıqlı iddiası təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi G.Davidova və qeyrilərinin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş,  iddiaçıların iddiası təmin edilərək onların mübahisəli evə köçürülmələri və R.Şirinov tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, R.Şirinovun qarşılıqlı iddiası isə rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 30 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

R.Şirinov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi mübahisəli evin özbaşına tikili olmasını qeyd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, əksinə, mübahisənin tənzimlənməsinə heç bir aidiyyəti olmayan  Mülki Məcəllənin 27.1 və 144.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 2-ci maddəsinə istinad etmiş, bununla da ərizəçinin Konstitusiyanın 60 və 71-ci maddələrində təsbit olunmuş hüquqlarını pozmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda da ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi konkret təminatların mövcudluğunu nəzərdə tutur.

Konstitusiyanın 127-ci maddəsinin IV və VII hissələrində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının təminatlarından biridir. Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı, tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur (9.1 və 14.1-ci maddələr).

Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun tələblərinə və şahid ifadələrinə əsaslanaraq hesab etmişdir ki, mübahisəli ev qanunsuz tikili olduğundan və həmin evin G.Davidovanın sahibliyində olması barədə sübut təqdim olunmadığından G.Davidovanın və qeyrilərinin iddiası təmin olunmamalıdır.

Apellyasiya və kassasiya instansiyası məhkəmələri Konstitusiyanın 43-cü maddəsinə geniş şərh verməklə hesab etmişlər ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər, o cümlədən özbaşına inşa olunan tikililər mənzil hesab edilməlidir.

Bununla bağlı, ilk növbədə qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin I hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur.

Belə ki, Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. 

Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə  öz əksini tapmışdır.

Konstitusiyanın 43-cü maddəsinin I hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin II hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.

Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə  2014-cü il 11 iyul tarixli və s. Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi)  yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.

Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).

Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.

Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).

Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür:

özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;

dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;

bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (Mənzil Məcəlləsinin 17.2-ci maddəsi). 

Kassasiya instansiyası məhkəməsi Konstitusiyanın 43-cü maddəsinin I hissəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini nəzərə almayaraq, həmin maddəyə genişləndirici şərh vermiş, habelə iş üzrə tətbiq edilməli olan Mənzil Məcəlləsinin yuxarıda göstərilən normalarını tətbiq etməyərək, tətbiq edilməli olmayan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə istinad etmişdir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır.

 Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından  göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır.

Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı).

Beləliklə,  “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”  Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsi məntiqsiz görünür.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ali Məhkəmənin Mülki Kollegiyası Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə genişləndirici şərh verərkən belə qənaətə gəlmişdir ki, həmin maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq mövcuddur. Bu isə məhkəmənin qənaətinə görə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 90.4-cü maddəsinə uyğun olaraq həmin maddənin  genişləndirici şərhinə əsasdır.       

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.4-cü maddəsi blanket norma olmaqla, həmin Qanunun 90.1-ci maddəsinə yönləndirir. Həmin maddəyə əsasən isə normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Resublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Beləliklə, kassasiya instansiyası məhkəməsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.4-cü maddəsinə istinad etməsi düzgün olmamış, Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə verdiyi şərh isə Konstitusiya Məhkəməsi Plenumunun bu maddə ilə bağlı hüquqi mövqelərinə uyğun olmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar).

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə cavabdehin irəli sürdüyü dəlilləri nəzərə almadan iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüququ, eləcə də 127-ci maddəsinin II, IV və VII hissələrinin tələbləri pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, G.Davidova və qeyrilərinin R.Şirinova qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, R.Şirinovun G.Davidova və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, IV və VII hissələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

 

QƏRARA  ALDI: 

 

1. Güldəniz Davidova və qeyrilərinin Rəhəd Şirinova qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, R.Şirinovun G.Davidova və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, IV və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                      Fərhad Abdullayev