ANA SƏHİFƏ » Qərarlar » 04.09.18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

4 sentyabr 2018-ci il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Hərbi qanunvericilik sektorunun müdiri Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,

mütəxəssis Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinin aparıcı məsləhətçisi Yaqub Qurbanovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

 İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu     

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Xətai Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə  (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə təkrarən inzibati məsuliyyətə cəlb edilmənin mümkünlüyü məsələsi baxımından həmin maddənin Məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə Ş.Həsənovadan 55.000 manat məbləğində pul vəsaitinin alınaraq A.Nurullayevaya ödənilməsi qət edilmiş və həmin qətnamə əsasında  25 may 2015-ci il tarixli icra vərəqəsi verilmişdir. Lakin Ş.Həsənova borcu ödəməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 17 may 2016-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qərarı ilə Ş.Həsənova İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində on gün müddətində inzibati həbs tənbehi tətbiq edilmişdir.

Ş.Həsənovanın apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Xətai rayon İcra Şöbəsinin icra məmuru İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq 18 ay müddət keçdikdən sonra Ş.Həsənova həmin icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 noyabr 2017-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı ilə qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.7 və 105.1-ci maddələrinə əsasən xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Ş.Həsənova barəsində eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında həmin məhkəmənin 17 may 2016-cı il tarixli qərarı olmuşdur və belə halda İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bakı Apellyasiya Məhkəməsi 27 dekabr 2017-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə, yəni iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına əsaslanaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarını ləğv etmiş və inzibati xəta haqqında materialı yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır. 

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 fevral 2018-ci il tarixli qərarı ilə Ş.Həsənova barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.7 və 105.1-ci maddələrinə əsasən yenidən xitam verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 1 mart 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı eyni əsasla ləğv edilərək inzibati xəta haqqında iş baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı şəhəri Xətai Rayon Məhkəməsi işə baxarkən şəxsin bir dəfə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsindən sonra eyni inzibati xətaya görə yenidən təqsirli bilinərək tənbeh edilməsinin mümkünlüyü məsələsinin şərh edilməsinə zərurət yarandığı qənaətinə gəlmişdir.

Müraciətedənin fikrincə, inzibati xətalar qanunvericiliyində davam edən inzibati xətalara görə yenidən inzibati məsuliyyətə cəlb olunmanın mümkünlüyü əks olunsa da, uzanan inzibati xətalara münasibətdə qeyd olunan məsələyə aydınlıq gətirilməməsi vahid məhkəmə təcrübəsinin formalaşmasında çətinliklər yaratmaqla yanaşı, tərəflərin Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) və qanunları ilə qorunan mənafelərinin pozulmasına da gətirib çıxara bilər.   

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə əlaqədar məhkəmə qərarlarının icrasının təmin edilməsini konstitusiya dəyərləri baxımından vacib hesab edərək aşağıdakıları qeyd edir.

Konstitusiyanın 129-cu maddəsinin I və II hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir.

İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

 “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.

Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir.

Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir.  İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.

Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

2016-cı il 1 mart tarixində qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin  tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.

Qeyd olunmalıdır ki, 2016-cı il 1 mart tarixinədək qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsində də həmin inzibati xətaya görə məsuliyyət müəyyən edilmişdi. Konstitusiya Məhkəməsinin Plenumu qüvvədən düşmüş İnzibati Xətalar Məcəlləsinin qeyd olunan norması və məhkəmə və digər orqanların qərarlarının icra edilməməsi ilə əlaqədar qanunvericilik normalarının şərh edilməsinə dair bir sıra qərarlar qəbul etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr  tarixli Qərar).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci  maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər.

Beləliklə, “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qərarları qəbul edərkən məhkəmə və digər orqanların qərarlarının icra edilməməsi ilə əlaqədar həmin dövrdə qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin normalarına əsaslanmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş  ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

Qüvvədən düşmüş İnzibati Xətalar Məcəlləsindən fərqli olaraq, yeni qəbul olunmuş Məcəllədə ədalətlilik prinsipi daha geniş təsbit edilmişdir. Belə ki, Məcəllənin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə isə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur.

İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin mənasına görə, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra həmin xətanı törətməkdə davam edərsə Məcəllənin 35-ci maddəsində müəyyən edilmiş bir il müddət gözlənilmədən yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.     

Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil  əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur.

“Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır.

Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. 

İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər.

Belə ki, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

 Lakin qanunverici Məcəllənin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə yenidən məsuliyyətə cəlb etmənin mümkünlüyünü aydın göstərsə də, uzanan inzibati xətalardan bəhs etməmişdir.

Göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər.

Belə ki, Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz.

İnzibati məsuliyyətə səbəb olan məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi əməlini cinayət məsuliyyətinə səbəb olan məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlindən fərqləndirən başlıca əlamət  sonuncunun qərəzli olaraq törədilməsidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr  tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:

- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.    

Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət  yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

 

 

Sədr                                                                                           Fərhad Abdullayev