ANA SƏHİFƏ » Qərarlar » 16.07.18 “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin MK-ın 29/12/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair


 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

16 iyul 2018-ci il                                                                                  Bakı şəhəri

 

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

ərizəçi “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Raqif Həbibov və vəkili Kamandar Nəsibovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini və ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

İddiaçı Əlif Heydərov cavabdeh “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Az İmport” MMC) və İmran İmanova qarşı vurulmuş maddi zərərə görə 60.000 manat və hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddia ərizəsinə əlavədə Ə.Heydərov cavabdehlərdən maddi zərərə görə 66.680 manat, avtomobilin alıcılıq qabiliyyətinin itirilməsinə görə 60.000 manat, hüquqi xidmətə görə 300 manat, cəmi 126.980 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.   

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Az İmport” MMC-dən və İ.İmanovdan müştərək qaydada Ə.Heydərovun xeyrinə 64.020 manat vurulmuş maddi zərərin əvəzi və 300 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 64.320 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi qismən - İ.İmanova aid hissədə ləğv edilmiş və ona qarşı yönəlmiş iddia tələbi rədd olunmuşdur. Həmin qətnamə dəyişdirilərək zərərin əvəzi kimi 42.680 manat məbləğində pulun “Az İmport” MMC-dən alınaraq Ə.Heydərova verilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2 may 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 avqust 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi iddianın cavabdeh İ.İmanova aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“Az İmport” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətində kassasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan onun qüvvədən düşməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Ərizəçi hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin, 127-ci maddəsinin II və VII hissələrinin tələblərinin pozulması ilə qəbul edilmiş, iş üzrə əhəmiyyətli olan hallar araşdırılmamış və məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1099-cu maddəsi düzgün tətbiq edilməmişdir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi konkret təminatların mövcudluğunu nəzərdə tutur. 

Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının təminatlarından biridir. Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı, tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur. Buna görə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur (9.1 və 14.1-ci maddələr).

Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh İ.İmanov 7 aprel 2016-cı il tarixində digər cavabdeh “Az İmport” MMC-yə məxsus “BMW” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Ə.Heydərova məxsus olan, lakin oğlu T.Heydərli tərəfindən idarə edilən “Porsche” markalı avtomobili vuraraq yararsız vəziyyətə salmışdır.

Apellyasiya və kassasiya instansiyası məhkəmələri hesab etmişlər ki, “Az İmport” MMC-yə məxsus avtomobili idarə edən İ.İmanov MMC-nin işçisi olduğu üçün Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq, MMC, işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1099-cu maddəsinin bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir. Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Maddənin mətnindən belə nəticəyə gəlmək olar ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 43 və 44-cü maddələrinin mənasına görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən yazılı razılaşmadır. İşçinin əmək funksiyası isə Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində konkretləşdirilmiş və müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır.               

 Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur.

Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. 

Yuxarıda göstərilən qaydalara mülki hüquq müqavilələri bağlanarkən də riayət edilməlidir. `

İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, İ.İmanovun “Az İmport” MMC-də işləməsinin sübutu həmin MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizə olmuşdur. Həmin ərizədə göstərilmişdir ki, İ.İmanov ilə “Az İmport” MMC arasında faktiki olaraq əmək münasibətləri olmuşdur.

Apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 60 və 127-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələblərinə əməl etməyərək, İ.İmanovun həqiqətən “Az İmport” MMC ilə əmək münasibətlərində olmasını, buna dair Mülki Məcəllənin 1099.2-ci maddəsində göstərildiyi kimi əmək müqaviləsinin və ya mülki hüquq müqaviləsinin olub-olmamasını yoxlamadan, MMC-nin nümayəndəsinin nömrəsiz, tarixsiz və qeyri-müəyyən ərizəsinə əsaslanaraq hesab etmişdir ki, MMC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi vacib hesab edir ki, nümayəndələrin xüsusi səlahiyyətlərinin dairəsi Mülki Prosessual Məcəllənin  74.2-ci maddəsində sadalanmışdır.

Nümayəndənin xüsusi səlahiyyətlərinə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi kimi ən mühüm hərəkətlərin edilməsi aiddir. Nümayəndə etibarnamədə göstərilmədiyi halda xüsusi səlahiyyətlərdən hər hansı birini həyata keçirərsə, bu təmsil olunan şəxs üçün heç bir  hüquqi nəticə yaratmayacaq (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayətinə dair 2016-cı il 16 noyabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin heç bir sübut ilə təsdiq olunmayan arayışına istinad etməklə iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bu da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüququnun, eləcə də 127-ci maddəsinin II, IV və VII hissələrinin tələblərinin pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçı Ə.Heydərovun “Az İmport” MMC-yə və İ.İmanova qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, IV və VII hissələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

 

QƏRARA   ALDI:

 

1. Ə.Heydərovun “Az İmport” Məhdud Məsuliyyətli Cəmiyəti və İ.İmanova qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, IV və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                       Fərhad Abdullayev