ANA SƏHİFƏ » Qərarlar » 30.04.18 M.Əzizovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI  ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI 

 

M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

 30 aprel 2018-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Müsabir Əzizov və nümayəndəsi Valeh Yusiflinin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına  dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

                                                                                                  

MÜƏYYƏN  ETDİ:

         

Şəki Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar M.Əzizov və bacısı Diləfruz Məmmədəliyevanın cavabdeh Cəfər Əzizova qarşı valideynlərindən miras qalmış Şəki şəhəri, 28 May küçəsi, 8 saylı evin və onun yerləşdiyi həyətyanı sahənin vərəsələr arasında, iddiaçı tərəfə 2/3 hissə, cavabdeh tərəfə isə 1/3 hissə olmaqla bölünməsi və sərhədlərin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, paylı mülkiyyətdə olan ümumi sahəsi 159.2 kv.m yaşayış evinin  23 hissəsinin (107.7 kv.m) iddiaçı tərəfə, qalan hissəsinin isə cavabdeh tərəfə verilməsi və iddiaçılara artıq düşən 1.6 kv.m sahəyə görə cavabdeh C.Əzizova 200 manat məbləğində pulun ödənilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 may 2015-ci il tarixli qərarı ilə cavabdeh C.Əzizovun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra C.Əzizov cavabdehlər Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, D.Məmmədəliyeva müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla mübahisəli miras əmlak barəsində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların ləğv edilməsi, C.Əzizov və M.Əzizovun miras əmlakın 12 pay bölgüsü ilə bərabər hissələrdə irs almaq hüququna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şəki Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunaraq C.Əzizovun iddiası təmin edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 13 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi D.Məmmədəliyevanın kassasiya şikayətinə əsasən ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 yanvar 2017-ci il tarixli qətnaməsi ilə özünün əvvəlki qətnaməsində gəldiyi nəticəni təkrarlayaraq Şəki Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edərək C.Əzizovun iddiasını təmin etmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarı ilə üçüncü şəxslər D.Məmmədəliyeva və M.Əzizovun verdikləri kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

 Ali Məhkəmənin 22 sentyabr 2017-ci il tarixli qərardadı ilə M.Əzizovun əlavə kassasiya şikayətinin Plenumun baxışına çıxarılmasından imtina edilmişdir.

Ərizəçi M.Əzizov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını və miras əmlakın bölgüsü ilə bağlı qanuni qüvvəyə minmiş iki məhkəmə qərarının mövcud olduğunu nəzərə alaraq, həmin qərarın Konstitusiyanın 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin  (bundan sonra – Mülki Məcəllə)  1243, 1248.1 və 1272-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 217.3, 233.3, 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə  uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin I, II və VII hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi və mülki qanunvericiliyin digər prinsipləri mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə tarazlaşdırılmış) tənzimlənməsinə xidmət edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu norma əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında göstərilsə də, eyni zamanda vətəndaşların konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir.

Məhkəmə təminatı bir tərəfdən, hər kəsin hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın qeyd edilən normaları müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.

Qeyd olunduğu kimi, M.Əzizov və D.Məmmədəliyevanın C.Əzizova qarşı məhkəmədə qaldırdıqları iddia Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il  tarixli qətnaməsi ilə miras əmlakdan bərabər paylar olmaqla 2/3 pay iddiaçıların, 1/3 pay isə C.Əzizovun xeyrinə müəyyən edildikdən sonra  sonuncu həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin şikayət Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən  təmin edilməmişdir.

Yalnız bundan sonra C.Əzizov Şəki Rayon Məhkəməsində iddia qaldıraraq bacısı D.Məmmədəliyevanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərmiş, iddiasını dövlət notariat kontoruna və dövlət reyestr xidmətinə qarşı yönəldərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv olunması və miras əmlakın onunla M.Əzizov arasında 12 payla bölünməsini xahiş etmişdir.

İş materiallarından göründüyü kimi, C.Əzizov yenidən iddia qaldıraraq ilk iş üzrə iddiaçılar olmuş şəxsləri (M.Əzizov və D.Məmmədəliyevanı) cavabdeh kimi göstərməməklə faktiki olaraq eyni mübahisə üzrə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir.

Şəki Rayon Məhkəməsi C.Əzizovun iddiasını təmin etməmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2016-cı tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Həmin qətnamədən D.Məmmədəliyevanın verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 13 iyul 2016-cı il tarixli qərarı ilə təmin edilərək qətnamə ləğv edilmiş və iş göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyası bu qərarında miras əmlak olan yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun – M.Əzizov və D.Məmmədəliyevaya 23 hissə, C.Əzizova isə 13 hissə olmaqla naturada bölünməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsinin olduğunu və həmin qətnamənin Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanıldığını vurğulamışdır.

Bununla yanaşı, Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarında göstərilmişdir ki, C.Əzizov M.Əzizov və D.Məmmədəliyevaya verilmiş 25 fevral 2013-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirsə də, özünün mübahisəli əmlakın 13 hissəsinə 17 iyun 2015-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Buna baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 yanvar 2017-ci il tarixli qətnaməsində Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamışdır.

Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu isə yeni apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair Məcəllənin 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həllinin təmin olunmasını tələb edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, Şəki şəhəri, 28 May küçəsi, 8 saylı evdə yaşayan Əzizov Mehdiqulu Cəfər oğlunun vərəsələri kimi Əzizova Mülayim Hüseyn qızı (arvadı), Əzizov Müsabir Mehdiqulu oğlu, Məmmədəliyeva Diləfruz Mehdiqulu qızı və Əzizov Cəfər Mehdiqulu oğlu qalmışlar. Bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunmasına baxmayaraq, C.Əzizovun iddiası üzrə baxılan hazırkı mülki işdə həmin hal nəzərə alınmamış, əksinə mübahisəli evdə Əzizov Mehdiqulu Cəfər oğlunun vərəsələri kimi Əzizova Mülayim Hüseyn qızı (arvadı), Əzizov Müsabir Mehdiqulu oğlu və Əzizov Cəfər Mehdiqulu oğlunun qalması müəyyən edilmişdir.           

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli  Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

Qeyd olunmalıdır ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə görə, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.

Göründüyü kimi, C.Əzizovun iddiasına əsasən işə ikinci dəfə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun məsələ ilə bağlı yuxarıda qeyd olunan hüquqi mövqelərini və Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərini nəzərə almadan iddianı təmin etmişdir.

Bununla yanaşı qeyd edilməlidir ki, vərəsəlik hüququnda mirasın qəbul edilməsi, onun qəbulundan imtina olunması və mirasın bölüşdürülməsinə dair normalar Mülki Məcəllənin LXX və LXXI fəsillərində nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır.

Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir.

Mülki Məcəllənin 1276-cı maddəsinə görə, hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.

Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, M.Əzizov və C.Əzizov 26 fevral 1993-cü il tarixində vəfat etmiş Əzizov Mehdiqulu Cəfər oğlunun və 30 sentyabr 2010-cu il tarixində vəfat etmiş Əzizova Mülayim Hüseyn qızının qanun üzrə vərəsələri olaraq Şəki şəhəri, 28 may küçəsi, 8 saylı ünvanda yerləşən miras fərdi yaşayış evində yaşamaqla vərəsəliyi faktiki olaraq artıq qəbul etmişlər. Eyni zamanda, D.Məmmədəliyevanın vərəsəlikdə pay hüququnun olması məhkəmələr tərəfindən müəyyən edilmiş və o, qanuni qüvvəsini almış məhkəmə aktı əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış əldə etmişdir.

Lakin işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin halı nəzərə almadan D.Məmmədəliyevanı miras əmlakda paydan məhrum etmiş, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində nəzərdə tutulan vərəsəlik hüququnu pozmuşdur.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit olunmuşdur. Bu maddəyə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.        

Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəradadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsi).

Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, qanun pozuntuları ilə qəbul olunmuş apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, nəticədə D.Məmmədəliyevanın vərəsəlik hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, C.Əzizovun Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, C.Əzizov və M.Əzizova miras əmlak olan fərdi yaşayış evindən bərabər hissələrdə 12 pay almaq hüququna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsi iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2017-ci  il tarixli qərarı  Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə, 60-cı maddəsinin I hissəsinə,  Mülki Məcəllənin 1243.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.     

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

  

1. Cəfər Əzizovun Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci  il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.   

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

   

Sədr                                                                                           Fərhad Abdullayev