ANA SƏHİFƏ » Qərarlar » 14.03.18 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin bəzi müddəalarına dair

  

14 mart 2018-ci il                                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın,

ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil Muxtar Mustafayevin  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III və V hissələrinə, 28-ci maddəsinin I və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III və V hissələrinə, 28-ci maddəsinin I və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələri, iddianı təmin etmənin ləğv olunmasını nəzərdə tutan 162-ci maddəsi, iddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi qaydasını nəzərdə tutan 163-cü maddəsi barədə ətraflı məlumat verilmiş və qeyd edilmişdir ki, həmin maddələrin bəzən təcrübədə düzgün tətbiq edilməməsi fiziki və hüquqi şəxslərin bir sıra konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Sorğuverənin qənaətinə görə, yaranan ziddiyyətləri aradan qaldırmaq, onlara aydınlıq gətirmək, vahid məhkəmə təcrübəsini formalaşdırmaq, beləliklə də fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi üçün məsələyə Konstitusiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunda qaldırılan məsələlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əhəmiyyət kəsb edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğunun mahiyyətindən çıxış edərək,  iddianın təmin edilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin bir sıra normalarının şərh edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və  məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir (M.Hüseynovun şikayəti üzrə 2015-ci il 4 mart tarixli Qərar).

Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul tarixli Qərarları).

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).

Konstitusiyanın tələblərinə əsaslanan Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur.

İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. 

İddia tələblərinin təmin edilməsinə olan tələbat mübahisələrin prosessual qaydada həll edilməyə başladığı dövrdən yaranmışdır. İddianın təmin edilməsi məqsədilə Roma hüququ cavabdehdən mübahisənin mahiyyəti üzrə hakimin qərar qəbul etməsinə qədər məhkəməyə gəlməsi və iştirak etməsinə zaminlik edəcək şəxsi təqdim etməsini tələb edirdi. Bu cür zəmanətin olmaması cavabdehin şəxsən saxlanmasına gətirib çıxara bilərdi.

Sovet dövrünə qədər qüvvədə olan mülki qanunvericiliyə görə, iddianın təmin edilməsi üçün daşınar əmlak üzərində həbsqoyma, daşınmaz əmlak üzərinə qadağa tətbiq edilməsi, ölkəni tərk etməmək barədə iltizam,  zaminlik və s. təminat növləri tətbiq edilə bilərdi.

Sosialist quruluşu bazar iqtisadiyyatının mövcudluğunu faktiki olaraq heçə endirdi və bu mülki məhkəmə icraatı üçün iddianın təmin edilməsi qaydalarının əhəmiyyətinin azaldılmasına gətirib çıxardı. Qeyd edilməlidir ki, 2000-ci ilə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin tələblərinə görə, məhkəmə öz təşəbbüsü ilə iddianı təmin etmək üçün tədbirlər görə bilərdi.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

İddianın təmin edilməsi üzrə tədbirlər yalnız iddiaçının təşəbbüsü ilə və yalnız cavabdehə münasibətdə tətbiq edilmir. Buna görə də Mülki Prosessual Məcəllənin 157-ci maddəsində iddianın təmin edilməsi üçün tədbirlər görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olan subyektlərin dairəsi “işdə iştirak edən şəxs” ifadəsi ilə müəyyən edilmişdir. İddianı təmin etmə tədbirinin mahiyyəti və prosessual təyinatı nəzərə alınmaqla buraya tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar daxildir (Mülki Prosessual Məcəllənin 46-cı maddəsi). 

İddianı təmin etmək haqqında ərizə ayrıca yazılı sənəd kimi işi icraata qəbul etmiş məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 149.4-cü maddəsinə uyğun olaraq iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında vəsatət iddia ərizəsində də göstərilə bilər.

İddia ərizəsi məhkəmənin icraatına qəbul olunana qədər və işin mahiyyəti üzrə qətnamənin çıxarılmasından sonra iddianı təmin etmək üçün tədbirlərin görülməsinə yol verilmir. Bu qayda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyi hallara şamil olunmur.

Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Maddənin mənasına görə, iddianı təmin etmək haqqında ərizəyə onun daxil olduğu gündən sonrakı iş günündən gec olmayaraq baxılır.

Işdə iştirak edən şəxslərə məlumat verilmədən ərizəyə baxılması (ex parte) iddianın təmin edilməsi üzrə tədbirin qarşı tərəf üçün “gözlənilməzlik effekti” yaratması kimi vacib xüsusiyyətə əsaslanır.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

İddianı  təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. 

Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.  

Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin “müvəqqəti xarakter daşıyır” müddəası onu nəzərdə tutur ki, iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsi). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir:

-  bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir;

-  bu tədbirlər müvəqqəti xarakter daşımalıdır;

-  tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur.

Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir.

Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq  qəbul olunmuşdur. Prinsip olaraq isə XVIII əsrin sonu – XIX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır.

Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur:

1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı;

2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu;

3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi);

4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı;

 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi;

6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı).

Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur:

- bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir;

-  hüquq ancaq qanunla məhdudlaşdırıla bilər;

- məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur.

Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır.

Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

Göstərilən prinsipin əhəmiyyəti onun yalnız konstitusiya nəzarəti orqanı tərəfindən deyil, ümumi yurisdiksiya məhkəmələri tərəfindən daha geniş istifadəsi ilə əlaqədar artmışdır. Bu tendensiya qərarın Konstitusiya və qanunun normaları ilə əsaslandırılması zamanı məhkəmələrin eyni zamanda beynəlxalq hüququn qəbul olunmuş prinsip və normalarına, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə istinad etməsində, bununla da tətbiq edilən hüquq normalarının vahid hüquq məkanına inteqrasiya etməsində ifadə olunur.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi  prinsipinin tətbiq edilməsidir.

Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.

Digər tədbir kimi əmlakın həbsdən azad edilməsi barədə iddia irəli sürülməsi halında həbs edilmiş əmlakın satışının dayandırılması, cavabdehin üzərinə əmlakın qorunub saxlanılması ilə əlaqədar müəyyən vəzifələrin qoyulması və s. göstərmək olar.

Digər tədbirlər də, hər bir halda Mülki Prosessual Məcəllənin 157-ci maddəsində göstərilmiş məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmamış məqsədlər üçün məhkəmə tərəfindən iddianı təmin etmə tədbirlərinin qəbul olunmasına yol verilmir.  

Qanunverici cavabdehə və başqa şəxslərə müəyyən hərəkətləri etməyi qadağan etmək növündə iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı (Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələri) həmin qadağanı pozan fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə cərimənin tutulmasını nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 158.5.1 və 158.5.2-ci maddələri).

Bundan əlavə, iddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 158.6-cı  maddəsi).

Mülki Prosessual Məcəllə təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan anlayışını açıqlamır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin norması istifadə oluna bilər, çünki bu maddədə nəzərdə tutulmuş qaydada zərərin əvəzinin ödənilməsi mülki hüquqların universal müdafiə üsuludur. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların  qeyd edilməsini zəruri hesab edir:

-  Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   

 Sədr                                                                                  Fərhad Abdullayev