ANA SƏHİFƏ » Qərarlar » 22.12.17 X.Məmmədovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

X.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

22 dekabr 2017-ci il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Xəqani Məmmədovun vəkili Ramil Məmmədzadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında X.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

  Xəqani Məmmədov “AQ İnşaatçı Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “AQ İnşaatçı Servis” MMC) ilə Kamran Tarıverdiyev arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli müqavilənin etibarsız, həmçinin “AQ İnşaatçı Servis” MMC ilə Azər Məmmədov arasında bağlanmış 26 may 2008-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab olunması barədə məhkəmədə iddia qaldırmışdır.

X.Məmmədov iddia tələbini belə əsaslandırmışdır ki, onunla “AQ İnşaatçı Servis” MMC arasında 29 may 2007-ci il tarixində daşınmaz əmlakın (yaşayış sahəsinin) sifarişi üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “AQ İnşaatçı Servis” MMC Bakı şəhəri Nəsimi rayonu, 386-cı məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201 kv.m olan 4 otaqlı 2 nömrəli mənzili ona təhvil verməyi, o isə mənzilə görə pul ödəməyi öhdəsinə götürmüşdür. “AQ İnşaatçı Servis” MMC tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq edilmişdir ki, o, mənzilin dəyərini tam şəkildə ödəmiş və MMC-yə borcu yoxdur. Sonradan X.Məmmədova məlum olmuşdur ki,  həmin mənzil 10 dekabr 2013-cü il tarixli müqaviləyə əsasən K.Tarıverdiyevə verilmiş, sonuncu isə mənzildə təmir işləri aparmağa başlamışdır. X.Məmmədovun fikrincə, A.Məmmədovla bağlanmış müqavilə formal olmuş, yalnız mənzilə nəzarət etmək məqsədi daşımışdır.

Cavabdeh “AQ İnşaatçı Servis” MMC öz növbəsində X.Məmmədov və A.Məmmədova qarşı onların adlarına olan müqavilələrin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddiada göstərilmişdir ki, X.Məmmədovla bağlanmış müqaviləni keçmiş direktor naməlum şəraitdə imzalamış, MMC ilə X.Məmmədov arasında göstərilən tarixdə müqavilə bağlanmamış, X.Məmmədov tərəfindən MMC-yə pul köçürülməmiş və maliyyə arayışı MMC-nin baş mühasibi tərəfindən imzalanmamışdır.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli qətnaməsi ilə X.Məmmədovun iddiası qismən təmin edilmiş, “AQ İnşaatçı Servis” MMC ilə A.Məmmədov arasında bağlanmış yaşayış sahəsinə dair müqavilə etibarsız hesab edilmiş, iddia ərizəsi qalan hissədə təmin olunmamışdır. “AQ İnşaatçı Servis” MMC-nin X.Məmmədov və A.Məmmədova qarşı qarşılıqlı iddiası isə tam təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə X.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 7 mart 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

X.Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətdə göstərmişdir ki, kassasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş, həmçinin tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş, nəticədə iş üzrə qanunsuz və əsassız məhkəmə aktını qəbul etməklə, onun Azərbaycan Respublikası Konstitusiyasının  (bundan sonra – Konstitusiya) 13, 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.          

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.1-ci maddəsində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsi).

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi).

Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest  vermək hüququnun mövcudluğudur.

Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər.

Bu zaman apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim  olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir.

Apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən Mülki Prosessual Məcəllənin 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.

Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini yerinə yetirməyərək apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır.  Belə ki, birinci instansiya məhkəməsi “AQ İnşaatçı Servis” MMC-nin X.Məmmədova qarşı qarşılıqlı iddia tələbini əsaslı hesab edərək, əsasən üç hala istinad etmişdir:

-  məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X.Məmmədovun mənzilə görə pul verməməsinin tam sübuta yetirilməsi;

-  X.Məmmədovun mübahisəli mənzilin ona 29 may 2007-ci il tarixli müqavilə əsasında verilməsini iddia etməsinə baxmayaraq, ötən səkkiz il ərzində həmin mənzillə bağlı hər hansı hərəkət etməməsi;

-  X.Məmmədov tərəfindən təqdim olunmuş maliyyə arayışında baş mühasibin imzasının olmaması.    

Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan X.Məmmədovun vəkili apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində işə baxıldığı zaman göstərmişdir ki, “AQ İnşaatçı Servis” MMC-nin direktoru olmuş Ş.Əliyev vəkil sorğularına cavab olaraq müqavilə və maliyyə arayışındakı imzaların ona məxsus olduğunu, mənzilə görə ödənişin müqavilə imzalanan zaman X.Məmmədov tərəfindən həyata keçirildiyini, onun (Ş.Əliyevin) aldığı pul vəsaitini MMC-nin xəzinəsinə daxil etdiyini, müqavilə və maliyyə arayışının onun tərəfindən X.Məmmədovun adına tam qanuni olaraq rəsmiləşdirildiyini bildirmişdir.

Bundan başqa, maliyyə arayışında mühasibin imzasının olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı X.Məmmədov apellyasiya şikayətində göstərmişdir ki, “AQ İnşaatçı Servis” MMC-nin Nizamnaməsinin 9.4-cü bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 49.1-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilə və maliyyə arayışını imzalamaq məhdud məsuliyyətli cəmiyyətin direktorunun səlahiyyətinə aid edilmişdir. “AQ İnşaatçı Servis” MMC-nin məhkəməyə təqdim etdiyi Sahib Əhmədovun adına verilmiş maliyyə arayışında da mühasibin imzası olmadığı halda bu sənədin mötəbərliyi məhkəmə tərəfindən müzakirə predmeti belə olmamışdır. Məhkəmə iş üzrə heç bir hüquq normasına istinad etmədən, yalnız şahid  ifadəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, maliyyə arayışını mühasib də imzalamalıdır. Apellyasiya şikayətində daha sonra qeyd edilmişdir ki, maliyyə arayışı “AQ İnşaatçı Servis” MMC tərəfindən tərtib edilmiş, imzalanmış və möhür vurulmuşdur. Həmin MMC tərəfindən sənədin qüsurlu tərtib edilməsi X.Məmmədovun hüququnun pozulması ilə nəticələnməməlidir.

Məhkəmə X.Məmmədovun mübahisəli mənzilə hüququnun olmamasını həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin ona 2007-ci ildə verilməsini iddia etsə də, ötən səkkiz il ərzində həmin mənzili təmir etməmişdir. Bununla bağlı X.Məmmədovun apellyasiya şikayətində qeyd edilmişdir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 152.7-ci maddəsinə görə isə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mənzili təmir edib-etməməsi mənzil sahibinin mülahizəsindən asılı olduğu üçün X.Məmmədov bu hüquqdan istifadə etmişdir. 

Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi isə bu iş üzrə qətnamədə X.Məmmədovun apellyasiya şikayətinin təmin edilməməsi üçün əsas olmuş dəlilləri göstərməmişdir.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisəli iş üzrə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş,  işdə olan sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Bunlar isə apellyasiya instansiyası   məhkəməsində işə baxılarkən Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 372.1, 392.1.5 və 392.2-ci  maddələrinin tələblərinin pozulduğuna dəlalət edir.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması onu ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməməyə əsas verir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələri).

X.Məmmədovun kassasiya şikayəti üzrə işə baxmış Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilməməsinə diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində X.Məmmədovun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarı ilə bağlı həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Kassasiya instansiyası məhkəməsinin qərarında X.Məmmədova qarşı irəli sürülən tələbin əsaslı olması həmçinin onunla əsaslandırılmışdır ki, X.Məmmədovun ifadəsinə əsasən onunla “AQ İnşaatçı Servis” MMC arasında bağlanan 29 may 2007-ci il tarixli müqaviləyə həmin MMC ilə A.Məmmədov arasında mübahisəli mənzilə dair 26 may 2008-ci il tarixli müqavilə bağlandıqdan sonra xitam verilmişdir. Həm X.Məmmədov, həm də A.Məmmədov sonuncu müqavilənin görünüş üçün bağlanan uydurma əqd olmasını göstərsələr də, onlardan heç biri X.Məmmədovla “AQ İnşaatçı Servis” MMC arasında bağlanmış müqavilənin bərpası barədə MMC-yə müraciət etməmişlər.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır – mübahisə edilən əqdlər  və əhəmiyyətsiz əqdlər.

Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, aldatma və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir.

Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir.

Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi).

Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).

A.Məmmədovla “AQ İnşaatçı Servis” MMC arasında bağlanmış 26 may 2008-ci il tarixli müqavilə isə əhəmiyyətsiz əqd olduğundan, o, MMC ilə X.Məmmədov arasında bağlanmış 29 may 2007-ci il tarixli müqavilənin hüquqi nəticələrini aradan qaldıra bilməz. Bu səbəbdən X.Məmmədov və A.Məmmədov tərəfindən qüvvədə olan müqavilənin bərpasının tələb edilməsinə zərurət olmamışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,

Ali Məhkəmənin Mülki Kollegiyasının 7 mart  2017-ci  il tarixli qərarı “AQ İnşaatçı Servis” MMC-nin X.Məmmədova qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə həmin hissədə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65 - 67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA   ALDI:

 

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı “AQ İnşaatçı Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xəqani Məmmədova qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                           Fərhad Abdullayev