ANA SƏHİFƏ » Qərarlar » 18.12.17 N.Qədirovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK-nın 10/03/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

18 dekabr 2017-ci il                                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Namiq Qədirovun vəkili Natiq Əsgərov və nümayəndəsi Rəvanə Talıbovanın,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq  konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında N.Qədirovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkilinin və nümayəndəsinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

Namiq Qədirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki Kollegiyası) 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Nikoyl Lizinq Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Nikoyl Lizinq Kompaniyası” MMC) ilə N.Qədirov arasında 7 may 2012-ci il tarixində bağlanmış maliyyə icarəsi (lizinqi) müqaviləsi  üzrə sonuncunun istifadə və sahibliyinə verilmiş avtomobilə 3 avqust 2012-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsini törətmiş Fərhad Şirəliyev inzibati qaydada məsuliyyətə cəlb edilmiş və  Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 oktyabr 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. “İmproteks Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərtib etdiyi 16 avqust 2012-ci il tarixli qüsur aktı ilə yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 38037,4 manat ziyan dəyməsi müəyyən edilmişdir.

Bundan sonra N.Qədirov F.Şirəliyevə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.  Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə N.Qədirovun F.Şirəliyev və üçüncü şəxs “Nikoyl Lizinq Kompaniyası” MMC-yə qarşı vurulmuş zərərin, avtomobildən istifadə edilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli   qətnaməsi ilə N.Qədirovun apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə N.Qədirovun kassasiya  şikayəti təmin edilməmiş,  Şirvan Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

N.Qədirov Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə göstərmişdir ki, məhkəmələr işə baxarkən mülkiyyətçi hüquqlarının qanuni əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsub olduğunu, mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqlarının istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edildiyini nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktları qəbul etmişlər.

Ərizəçinin fikrincə, Ali Məhkəmənin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqları, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 157 və 158-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416 və  418-ci maddələrinin tələbləri  pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir (məsələn, “Morera və Azevedo Portuqaliyaya qarşı” iş üzrə 23 oktyabr 1990-cı il, “Sergey Smirnov Rusiyaya qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarlar).

“Bezımyannaya Rusiyaya qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələrinə dair tələblə məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə  prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı,ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ vasitəsilə “məhkəməyə müraciət etmək hüququ”na xüsusi önəm verilir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “məhkəməyə müraciət etmək hüququ”nun məhdud şərh edilməsi bu maddənin məqsədi və predmeti ilə uyğunsuzluq təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı konstitusiya işinin predmetini lizinq müqaviləsindən irəli gələn münasibətlər təşkil etdiyindən Mülki Məcəllənin bu məsələləri tənzimləyən bir sıra normalarının açıqlanmasına zərurət vardır.

Mülki Məcəllənin  747.1-ci maddəsinə  əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

  Lizinq zamanı tərəflər arasında yaranan mülkiyyət münasibətləri Mülki Məcəllənin 748-2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə uyğun olaraq,  lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.

Göründüyü kimi,  lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməlidir.

  Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir:

- hüquq mənasında sahibliyin müdafiəsi;

- fakt mənasında sahibliyin müdafiəsi.

Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman  zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir.   

Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması  qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

 Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar).

 Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi  zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir.

Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

İş materiallarından da görünür ki, N.Qədirovla “Nikoyl Lizinq Kompaniyası” MMC arasında bağlanmış 7 may 2012-ci il tarixli maliyyə icarəsi (lizinqi) müqaviləsinin 5.3.1-ci maddəsində əmlakdan dolayı risklər üzrə məsuliyyətin daşıyıcısı kimi lizinq alan müəyyən edilmişdir.

Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır.

Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir:

- qanundan əmələ gəlməsi;

- həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi;

- zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi  və s.

Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur.

İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri qanunvericiliyin yuxarıda qeyd olunan normalarına baxmayaraq,  Mülki Məcəllənin 157.8 və 158.4-cü maddələrini düzgün tətbiq etməmiş, iddiaçının istifadəsində olan avtomobilə mülkiyyət hüququnun olmadığına, ona dəyən zərəri hansı hüquqla tələb etdiyini sübuta yetirə bilmədiyinə əsaslanaraq müvafiq subyektiv hüquqa, yəni dəymiş zərəri tələb etmək hüququna malik olmaması qənaətinə gəlmişlər.     

Həmçinin məhkəmələr belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında şəxsin subyektiv hüququ ilə bağlı əks olunmuş hüquqi mövqeyinə istinad etmişlər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda göstərilən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası N.Qədirovun kassasiya şikayətinə baxarkən onun avtomobilin qanuni sahibi olaraq dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına baxmayaraq, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bunun nəticəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.

Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələri).

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, N.Qədirovun F.Şirəliyevə və üçüncü şəxs “Nikoyl Lizinq Kompaniyası” MMC-yə  qarşı vurulmuş zərərin, avtomobildən istifadə edilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin  I hissəsinə və Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  52, 62, 63, 65-67  və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu     

 

Q Ə R A R A   A L D I:

 

1. Namiq Qədirovun Fərhad Şirəliyevə və üçüncü şəxs “Nikoyl Lizinq Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin, avtomobildən istifadə edilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin  I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

  Sədr                                                                                                    Fərhad Abdullayev