ANA SƏHİFƏ » Qərarlar » 12.07.17 S.Nuriyevin və H.Nuriyevanın şikayəti üzrə AR Ali Məhkəməsinin MK-nın 08/09/16-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

                                                 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
 
S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 
 
 
12 iyul 2017-ci il                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçilərin nümayəndəsi Dünyamin Novruzovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim M.Muradovun məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
 
Samiq Nuriyev və Həcər Nuriyeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası)  8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətdən və ona əlavə edilmiş materiallardan görünür ki, S.Nuriyev və Leyla Zeynalova 2011-ci ildə nikaha daxil olmuşlar. Birgə nikah dövründə, 6 may 2013-cü il tarixində S.Nuriyevlə “Olimp” Mənzil-Tikinti Kooperativi (bundan sonra – “Olimp” MTK) arasında Bakı şəhəri Binəqədi rayonu, Əlişir Nəvai 33/Naxçıvani 3068 məhəllədə yerləşən, sahəsi 181,84 kv.m olan 4 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin alınması üçün S.Nuriyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən kredit almışdır. Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar S.Nuriyev pay hüququna xitam verilməsi barədə notariat qaydasında təsdiqlənmiş ərizə ilə “Olimp” MTK-ya müraciət etmiş və onlar arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Bundan sonra S.Nuriyevin bacısı H.Nuriyeva ilə “Olimp” MTK arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
Tərəflər arasında nikah Naxçıvan Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
L.Zeynalova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və əmlakda ½ payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmənin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı L.Zeynalovanın apellyasiya şikayəti təmin olunaraq mənzilin ½ hissəsinə pay hüququ tanınmışdır. Cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri isə təmin edilməmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarı ilə S.Nuriyev və H.Nuriyevanın kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçilər konstitusiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32 və 36-cı maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 76, 77, 88, 217.1, 372.6, 416, 417 və 418-ci maddələrinin  tələblərinə  əməl  edilməmiş, nəticədə onların Konstitusiyanın 29-cu maddəsinin III hissəsində və 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.
Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əşya ümumi mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı  müəyyənləşdirilmədən - birgə mülkiyyət  (məsələn, nikahda olan ərlə arvadın mülkiyyəti) və ya paylar müəyyənləşdirilməklə - paylı mülkiyyət (məsələn,  ailə üzvlərinin  hər  birinin  müəyyən miqdarda və ya faizdə payı olmaqla)  formalarında ola bilər. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər.
Konstitusiyanın  34-cü maddəsi  ilə müəyyənləşdirilmiş  ər ilə arvadın hüquq  bərabərliyi  prinsipinə əsaslanaraq,  Ailə Məcəlləsinin 29.1-ci maddəsində ər  və  arvadın  ailə  münasibətlərində  bərabər  şəxsi  və  əmlak  hüquqlarına  malik  olmaları  təsbit edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, S.Nuriyev bankdan götürülmüş kredit əsasında “Olimp” MTK-ya pay haqqını tam ödəmiş, 3 ay ərzində kredit üzrə ödənişlər etmiş, daha sonra isə maliyyə çətinliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Bu səbəbdən S.Nuriyevlə “Olimp” MTK arasında müqaviləyə xitam verilmiş, “Olimp” MTK ilə H.Nuriyeva arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
Məhkəmələr mübahisənin həlli zamanı Mülki Məcəllənin 178.8-ci maddəsini tətbiq edərək belə qənaətə gəlmişlər ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri­­-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.
Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən irəli gələn, ər-arvadın ümumi öhdəliklərinə və mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınıb-alınmamasına dair məsələləri həll etməmişlər.
Bu baxımdan Konstitusiya Məhkəməsinın Plenumu hesab edir ki, belə mübahisələrə baxarkən məhkəmələr ərin (arvadın) nikah müddətində əldə olunmuş ümumi əmlaka münasibətdə yaranan hüquq və vəzifələrinə diqqət yetirməlidirlər.
Qeyd olunmalıdır ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
Bankdan götürülən kredit vəsaiti hesabına əmlaka dair yaranmış mülkiyyət hüququ bank qarşısında götürülmüş maliyyə öhdəliyi ilə birbaşa əlaqəlidir. Nikah müddətində belə öhdəlik yarandığı halda ərin (arvadın) mənzilə paylı mülkiyyət hüququnun tanınması üçün həmin maliyyə öhdəliyindən irəli gələn vəzifələri bərabər payda öz üzərinə götürməsi əsas şərtlərdən biri kimi qəbul oluna bilər.
Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı,  Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər.
Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi  aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələrin H.Nuriyeva ilə  “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etməsi, onun Konstitusiyanın 29-cu maddəsinin III hissəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, işə baxan məhkəmələr Mülki Məcəllədə əqdlərin etibarsızlığının müxtəlif əsaslarını müəyyən edən normaların (Mülki Məcəllənin 339, 340 və 341-ci maddələri) tələblərini nəzərə almadan bağlanmış əqdin hüquqi cəhətdən formal əqd olması qənaətinə gəlmişlər.
Xüsusilə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi H.Nuriyeva və “Olimp” MTK arasında bağlanmış müqaviləni etibarsız hesab etməklə göstərmişdir ki, mübahisəli mənzil başqa şəxsin, yəni H.Nuriyevanın adına olduğundan, iddiaçının həmin mənzilə pay hüququnun tanınması əqdin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən və həmin qətnamə icra olunduqdan sonra mənzil əvvəlki hüquqi vəziyyətinə, yəni cavabdehin mülkiyyətinə qayıtdıqdan sonra iddiaçının yeni tələbi əsasında mümkün ola bilər.
Bundan əlavə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq edərkən, H.Nuriyevaya münasibətdə vurğulamışdır ki, cavabdeh H.Nuriyeva əqdin etibarsız hesab ediləcəyi təqdirdə mənzilə görə ödədiyi vəsaitin qaytarılmasını tələb etmədiyindən, həmçinin onun mənzilə görə nə qədər vəsait ödəməsi müəyyən olunmadığından məhkəmə həmin məsələyə münasibət bildirməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məsələ H.Nuriyevanın iddiası əsasında gələcəkdə məhkəmə qaydasında həll edilə bilər.
Lakin apellyasiya instansiyası məhkəməsi L.Zeynalovanın apellyasiya şikayətini təmin edərək H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etmiş və onun mənzilin ½ hissəsinə pay hüququnu tanısa da, alqı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn məsələləri həll etməmiş, Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq  müqavilə tərəflərinin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır.
Halbuki Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.
Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamaqla Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir.
Nuriyevlərin kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarında bu məsələlərə hüquqi qiymət verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına inzibati və məhkəmə təminatı verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).
Mülki Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
Lakin Ali Məhkəmənin Mülki Kollegiyası qərarında gəldiyi nəticəni əsaslandırmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 8 sentyabr 2016-cı il tarixli qərar qəbul etmişdir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, L.Zeynalovanın S.Nuriyev, H.Nuriyeva və “Olimp” MTK-ya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və əmlakda ½ payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin III hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu  
 
 
Q Ə R A R A   A L D I:
 
 
1. Leyla Zeynalovanın Samiq Nuriyev, Həcər Nuriyeva və “Olimp” Mənzil-Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və əmlakda ½ payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin  və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   
  
 
 
 
 
 
Sədr                                                                                          Fərhad  Abdullayev