ANA SƏHİFƏ » Qərarlar » 02.06.17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü

maddələrinin şərh edilməsinə dair

 

 

2 iyun 2017-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev,  Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərovun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə mayoru Fərəc Sayılovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının professoru, hüquq elmləri doktoru Şəhla Səmədovanın,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

  İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin subyektlərinin müvafiq olaraq hərbi hissəni və ya xidmət yerini ilk dəfə üç gündən az müddətə və ilk dəfə on gündən az müddətə tərk etmələri, habelə üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında qayıtmamaları faktları üzrə cinayət işinin başlanmasının rədd edildiyi və həmin şəxslər tərəfindən altı ay və bir il ərzində təkrarən eyni əməllər törədildiyi halda, onların Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, təkrarlığın tövsifedici əlamət kimi nəzərdə tutulduğu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tətbiqi ilə bağlı vahid istintaq və məhkəmə təcrübəsi olsa da, əməlin təkrar törədilməsinin cinayət tərkibinin əlaməti kimi müəyyən edildiyi maddələrdə nəzərdə tutulan əmələ cinayət-hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər mövcuddur. Belə ki, bir sıra hallarda ibtidai araşdırma zamanı çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerlərini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikləri faktı təsdiq olunsa da, onların həmin hərəkətləri ilk dəfə üç gündən az müddətə törətdikləri müəyyən edilir. Bu zaman ibtidai araşdırma orqanları tərəfindən həmin şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilir. Sonradan altı ay ərzində həmin şəxslər təkrar öz hərbi hissələrini və ya xidmət yerlərini özbaşına tərk etdikləri, yaxud üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında gəlmədikləri halda onlar barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar ləğv edilir, əməlləri Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratdığına görə onlara həmin maddə ilə ittiham elan olunur. Eyni qayda həmin Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törədən şəxslər barəsində də tətbiq edilir.

Sorğuda eyni zamanda qeyd edilir ki, göstərilən əməllərin ilk dəfə törədilməsinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların ləğv edilməsi təcrübəsi həmin qərarların preyudisiallığını müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39.1.7 və 65.1-ci maddələrinin tələblərindən irəli gəlir. Lakin bəzi hallarda işə baxan məhkəmələr ibtidai istintaq orqanlarının qeyd edilən mövqeyi ilə razılaşmır.

Sorğuverənin fikrincə, cinayət işinin başlanmasının rədd edilməsindən sonra təkrar eyni əməllərin törədilməsi halında onların əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin olmaması Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin tətbiqi sahəsində ziddiyyətlər yaradır.

Sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir.

Konstitusiyanın IV fəslində nəzərdə tutulan  vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin I hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir. Bu kateqoriyadan olan cinayətin obyekti qanunvericiliklə müəyyən edilən hərbi xidmət keçmə qaydalarıdır.

Hərbi xidmət əleyhinə olan cinayətlər sırasında Cinayət Məcəlləsinin 333-cü maddəsində müəyyən olunmuş hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri xüsusi yer tutur.

Cinayət Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

Həmin Məcəllənin 333.3-cü maddəsinə görə, zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 333-cü maddəsinin  şərhi ilə bağlı iki qərar qəbul edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair” 26 oktyabr 2001-ci il tarixli Qərarında  göstərilmişdir ki,  “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin birinci hissəsində göstərilən şəxslər öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyırlar.

  Özbaşına tərk etmə dedikdə, komandirin (rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi hissənin ərazisini və ya xidmət yerini buraxıb getməsi başa düşülür. Vaxtında gəlməmə isə hərbi hissənin ərazisindən və ya xidmət yerindən qanuni əsasla buraxılmış hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzrlü səbəblər olmadan müəyyən edilmiş müddətdə gəlməməsindən ibarətdir.

  Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair”  18 iyul 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hərbi hissəni özbaşına tərk etmənin əvvəli hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini tərk etdiyi andan, xidmət yerinə vaxtında gəlməmənin əvvəli isə qayıtma müddətinin bitdiyi andan hesablanır. Həmin cinayət hərbi qulluqçunun hərbi hissəyə və ya xidmət yerinə gəldiyi, yaxud onun tutulub saxlanıldığı andan bitmiş hesab olunur.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin dispozisiyasında əməlin müəyyən müddət ərzində təkrar törədilməsi hərbi hissəni özbaşına tərk etmə cinayətinin obyektiv cəhətinin tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməmə müddəti üç gündən artıq, lakin on gündən çox olmasın, yaxud üç gündən az olsa da, eyni əməllər altı ay ərzində təkrar törədilmiş olsun.

  Bu Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti hissəni və ya xidmət yerini özbaşına tərk etmənin və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında qayıtmamanın on gündən bir ayadək müddətdə davam etməsindən, yaxud üç gündən on günədək müddətdə, lakin bir il ərzində təkrar törədilməsindən ibarətdir.

  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə cinayətlərin təkrar törədilməsi anlayışına bir daha nəzər yetirilməsi vacibdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair ” 18 mart 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində “təkrarlıq” termini geniş və dar mənalarda istifadə olunur. Geniş mənada təkrarlıq, cinayətin əvvəllər hər hansı cinayət törətmiş şəxs tərəfindən törədilməsi deməkdir. Belə təkrarlıq həm də ümumi təkrarlıq adlanır. Təkrarlığın bu cür geniş anlayışı özündə həmcins və müxtəlif növlərdən olan bir neçə cinayətin törədilməsini əks etdirən “cinayətlərin çoxluğu” terminində ifadə olunur.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq, çoxluğu təşkil edən bütün cinayətlər eyni şəxs tərəfindən törədilməlidir və təqsirləndirilən şəxsin cinayətlərdə hansı rolu (icraçı, təşkilatçı, təhrikçi və ya köməkçi) yerinə yetirməsi heç bir məna kəsb etmir. Əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır.

Beləliklə, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür.

Cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onun növləri ilə bağlı olan məsələlər tənzimlənir.

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur.

Həmin Məcəllənin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur:

- Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi);

- Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi).

Həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallara aid edilir.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, təkrarlıq yalnız o hallarda yaranır ki,  əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır.

  Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hərbi qulluqçunun üç günədək müddətdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, yaxud üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi cinayət sayılmır və yalnız intizam məsuliyyəti yaradır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 18 iyul 2005-ci il tarixli Qərar).

Beləliklə, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi cinayət tərkibini yaradan kriminallaşdırıcı əlamət kimi müəyyən edilib və belə təkrarlığın Cinayət Məcəlləsinin 16 və 61-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi və cəzanı ağırlaşdıran hal kimi qəbul edilməsi ilə heç bir əlaqəsi yoxdur.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərhi ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq aşağıdakıları qeyd edir.

Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin dispozisiyasında göstərilən hərəkəti (hərəkətsizliyi) hərbi qulluqçunun ilk dəfə etməsi onun barəsində aparılan ibtidai araşdırmanın cinayət işinin başlanmasının rədd edilməsi və ya onun bu hərəkətinə (hərəkətsizliyinə) görə intizam tənbehi alması ilə nəticələnməsinə baxmayaraq, ikinci dəfə müvafiq olaraq altı ay və bir il ərzində eyni əməlləri təkrar törətməsi cinayət məsuliyyətinə səbəb olacaqdır.

Yalnız cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda intizam və inzibati xətaların  təkrar törədilməsi cinayət hesab edilir.

Xətanın çərçivəsini qanunverici müəyyən edir və qanunverici hansı növ xətanın təkrar törədilməsinin dövlət mənafelərinə hansı dərəcədə zərər vurması ehtimalının reallığından çıxış edərək onun cinayət hesab olunmasını israr edir.

Beləliklə, qanunverici hərbi hissələrin döyüş qabiliyyətinin yüksək hərbi intizamla bağlı olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdə göstərilən əməllərin təkrar törədilməsini  cinayət hesab etmişdir.

Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərin törədilməsinə görə cinayət işinin başlanması və cinayət işinin başlanmasının rədd edilməsi qaydaları cinayət-prosessual qanunvericiliyinə uyğun həyata keçirilir. 

Cinayət-Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə görə, cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

 Həmin Məcəllənin 212-ci maddəsinə uyğun olaraq, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayət üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Göstərilən cinayətlər üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı  prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etmək hüququnun olması ilə bağlı sorğuverənin qənaətinə gəldikdə isə qeyd etmək lazımdır ki, cinayət-prosessual qanunvericiliyi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya yuxarı prokurora yalnız qanunsuz və əsassız qərarları ləğv etmək hüququ vermişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 84 və 85-ci maddələrində prokuror və müstəntiqin hüquq və vəzifələri sadalanmışdır. Həmin Məcəllənin 84.5.8-ci maddəsinə görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir. Əgər prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız hesab edirsə, həmin qərarı ləğv edir və 10 gün müddətində cinayət işinin başlanması haqqında qərar qəbul edir.

Sorğuverən Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayət faktları üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi təcrübəsinin mövcudluğunu Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi ilə əlaqələndirmişdir. Həmin maddəyə görə, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

Bununla bağlı qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi şəxs barəsində yenidən cinayət işi başlanması üçün yalnız eyni ittiham üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarın mövcudluğunu istisna edir. Həmin Məcəllənin 7.0.20-ci maddəsinə görə, ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddəsində nəzərdə tutulan ilk dəfə və təkrar törədilən cinayətlər isə müxtəlif vaxtlarda törədilən konkret hüquqpozmanı nəzərdə tutur, cinayətin obyektiv cəhətinə görə həmin əməllər bir-birindən fərqlənir. Əgər şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi olmadığına görə (hərbi hissədən yayınma üç gündən azdırsa və s.) cinayət işinin başlanması rədd edilmişdirsə, yenidən həmin əməlin törədilməsinə görə cinayət işinin başlanması üçün əvvəlki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi  haqqında qərarın ləğv edilməsi zərurəti yoxdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsi də müəyyən edir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Artıq qeyd olunduğu kimi, əməlin ilk dəfə törədilməsi ilə həmin əməlin təkrar törədilməsi eyni məsələ hesab edilə bilməz.

Beləliklə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror  müstəntiq və ya təhqiqatçı tərəfindən qəbul edilən hər bir qərarın qanuniliyini yoxlayır və onların qanunsuz və ya əsassız olduğunu aşkar etdikdə, belə qərarı ləğv edir. Bu cür yoxlamaları prokuror həm öz təşəbbüsü ilə, həm də müstəntiq və ya təhqiqatçının qərar və ya hərəkətlərindən verilmiş şikayət üzrə həyata keçirir. Qanunvericilikdə qanuni və ya əsaslı qərarların ləğv edilməsi halı nəzərdə tutulmamışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                        Fərhad Abdullayev