ANA SƏHİFƏ » Qərarlar » 26.05.17 Klark Qordon Morrisin (Clark Gordon Morris) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

  

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

   

Q Ə R A R I

  

Klark Qordon Morrisin (Clark Gordon Morris) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

  

26 may 2017-ci il                                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Klark Qordon Morris və onun nümayəndəsi Rüstəm Qasımovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqovun,

mütəxəssislər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini, ədliyyə müşaviri Fərid Əfəndiyevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Q.M.Klarkın şikayəti üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın II hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N  E T D İ: 

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Q.M.Klark Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran məhkəmə aktının və ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin qüvvədə saxlanılmasının, habelə müvafiq normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 4 saylı Protokol) müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə R.Əhmədovanın Q.M.Klarka qarşı aliment tələbi barədə iddiası təmin edilmiş, onun qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən 15 sentyabr 2014-cü il tarixli icra sənədi verilmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 sentyabr 2015-ci il tarixli qərardadı ilə icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Nəsimi Rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, borclu Q.M.Klarkın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 

Ərizəçi Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda göstərilən qərardadı, eləcə də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin icra məmuru tərəfindən qüvvədə saxlanılması Konstitusiyanın 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinin, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3 və    4-cü bəndlərinin tələblərinə uyğun deyil.  

Onun qənaətinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 84-1-ci maddəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra – Təlimat) II hissəsi Konstitusiyanın 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsi, habelə Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3 və 4-cü bəndləri ilə uyğunsuzluq təşkil edir.

Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin mətnində qeyri-müəyyənlik mövcuddur. Belə ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsi kifayət qədər müəyyən deyil və bu maddədə aliment kimi mütəmadi icra edilməli olan öhdəliklər nəzərə alınmamışdır. Belə öhdəliklər üzrə icra sənədini könüllü icra müddətində bu və ya digər səbəbdən icra etməmiş şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı və daha sonra şəxsin icra sənədini icra etməyə başladığı halda məhdudiyyətin aradan qaldırılması imkanı qeyd edilən maddədə nəzərdə tutulmamışdır.

Bunun davamı olaraq ərizəçi qeyd edir ki, “İcra haqqında” Qanuna müvafiq olaraq, məhdudiyyətin aradan qaldırılmasının faktiki olaraq yeganə əsası icra sənədinin icra edilməsidir. Bu isə Konstitusiya və Konvensiyaya dair 4 saylı Protokola zidd olaraq, mütəmadi icra edilməli olan öhdəliklər üzrə verilmiş icra sənədləri ilə əlaqədar qeyri-müəyyənlik yaradır.

Ərizəçinin fikrincə, “İcra haqqında” Qanunda, eləcə də Təlimatda şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması müddətinin nəzərdə tutulmaması belə məhdudlaşdırmanın qanuni məqsədə mütənasibliyi prinsipinin və belə məhdudiyyətin mütənasibliyinin (zəruriliyinin) dövri olaraq yoxlanılması tələbinin gözlənilməməsinə şərait yaradır.

Şikayətin məzmununu, eləcə də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.4.1 və 37.0.5-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilmədiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud konstitusiya işinin predmetini “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin və Təlimatın II hissəsinin hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsipləri baxımından Konstitusiyanın 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılması təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar, ilk növbədə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər.

Bu hüquqlar həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununu müəyyən edərkən Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə uyğun olaraq,  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsini nəzərə alır.

“Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir:

1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.

3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.

4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

Habelə Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.

Konstitusiyanın 28-ci maddəsinin III hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişlər.

BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı Ümumi Xarakterli Qeydlərdə göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.

Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

Bu hüquqi mövqeləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik normalarının hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təhlil edilməsini zəruri hesab edir. 

“İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan “İcra haqqında” Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönələn düzəlişlər paketi çərçivəsində qəbul olunmuşdur (Azərbaycan Respublikası Milli Məclisinin 18 iyun 2010-cu il tarixli iclasının stenoqramı).

Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).

Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.

Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması şikayətdə qeyd edildiyi kimi, hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri-müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 18 may 2012-ci il tarixli Qərarı).

Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarı).

Məsələyə dair oxşar hüquqi mövqelər Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmə dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın Centro Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə 7 iyun 2012-ci il tarixli, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 17 fevral 2004-cü il tarixli, § 65; Rekvenyi Macarıstana qarşı iş üzrə 20 may 1999-cu il tarixli, § 34 Qərarları).

Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, norma o zaman öncə görülə bilən hesab edilir ki, o, dövlət orqanları tərəfindən edilə biləcək özbaşına müdaxilələrdən qorunmaq üçün tədbirlər nəzərdə tutsun (Böyük Palatanın De Tommaso İtaliyaya qarşı iş üzrə 23 fevral 2017-ci il tarixli, § 109 və Xlyustov Rusiyaya qarşı iş üzrə 11 iyul 2013-cü il tarixli, § 70 Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin müddəalarının kifayət qədər ümumi ifadələrə malik olduğunu və icra məmuruna işin konkret hallarını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmək məsələsində geniş mülahizə sərbəstliyi verdiyini qeyd edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür tədbirin görülməsinə əsas ola biləcək faktiki hallar kifayət qədər müxtəlifdir. Belə tənzimləmə icra üzrə icraat çərçivəsində işin hallarının müxtəlifliyi və çoxvariantlılığı ilə izah olunur. Bu baxımdan yuxarıda qeyd olunduğu kimi, qanunun müvafiq müddəalarının hər bir vəziyyəti nəzərdə tutacaq səviyyədə formalaşdırılması mümkün deyil.

Eyni zamanda, icra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır.

“İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin II hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır.

İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir.

  Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır.

  Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar Təlimatda daha müfəssəl əks olunmuşdur.

“İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir:

1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir;

2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.

Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir.

Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar.

Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

Avropa Məhkəməsinin (Riener Bolqarıstana qarşı iş üzrə 23 may 2006-cı il tarixli Qərarı, § 122-123) və xarici konstitusiya məhkəmə orqanının (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 3 iyul 2014-cü il tarixli 1561-О saylı qərardadının 2.2-ci bəndi) təcrübəsində də analoji mövqelərə rast gəlinir.

“İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması həmin məhdudlaşdırmanın götürülməsinə səbəb olur.

“İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinin həmin Qanunun 84-1.1-ci maddəsi ilə sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran tədbir bu və ya digər səbəbdən artıq mütənasiblik prinsipinin tələblərinə cavab vermirsə (o cümlədən məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə xidmət etmirsə), icra məmuru bu tədbirin götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmədikdə, “İcra haqqında” Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq borclu icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər.

Bununla yanaşı, “İcra haqqında” Qanunda və Təlimatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müddətinin nəzərdə tutulmaması ilə bağlı ərizəçi qeyd edir ki, belə məhdudlaşdırmanın qeyri-müəyyən müddət ərzində tətbiq edilməsi mütənasiblik prinsipini və müvafiq konstitusiya hüququnu pozur. Bu cür tənzimləmənin mövcudluğu məhdudiyyətin tətbiq edildiyi müddətdə onun mütənasiblik prinsipinə cavab verməsini təmin edə bilər.

Borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır.

Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32).

Konstitusiya Məhkəməsi Plenumunun iclasına dəvət olunmuş şəxslərin çıxışlarından müəyyən olunmuşdur ki, məhkəmə təcrübəsində müvafiq məhdudiyyətin müəyyən müddət ərzində qoyulması hallarına rast gəlinir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunlara dair hüquqi müəyyənlik prinsipi baxımından konstitusiya nəzarəti həyata keçirilərkən düzgün formalaşmış məhkəmə təcrübəsinin nəzərə alınması vacibdir.

Bununla yanaşı nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “İcra haqqında” Qanunun 84-1-ci maddəsi və Təlimatın II hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Konstitusiyanın 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilməlidir;

- Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda,  bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir.

  Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır;

- Q.M.Klarkın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeləri nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

  

Q Ə R A R A   A L D I:

  

1.  “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın II hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilsin.

2. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda,  bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir.

  Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır.

3.  Klark Qordon Morrisin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə və ya inzibati qaydada baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeləri nəzərə alınmalıdır.               

4.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                                   Fərhad Abdullayev