ANA SƏHİFƏ » Qərarlar » 16.03.17 H.Babayevin şikayəti üzrə AR Ali Məhkəməsinin MK-n 22/04/16 il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

H.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

16 mart 2017-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Həbib Babayev və onun nümayəndəsi Ramiz İbrahimovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın,

ekspert Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun,

mütəxəssis Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq  idarəsinin qrup rəhbəri Azər Cəfərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında H.Babayevin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

H.Babayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 22 aprel 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Jalə Babayeva ilə H.Babayev 5 iyul 2003-cü il tarixində Bakı şəhərində nikaha daxil olmuşlar. H.Babayevin işi ilə əlaqədar onlar Fransa Respublikasında yaşamış və birgə nikahdan 12 iyun 2004-cü il təvəllüdlü Səbinə Babayeva və 12 may 2007-ci il təvəllüdlü Sitarə Babayeva adlı iki uşaqları anadan olmuşdur.

J.Babayevanın müraciəti əsasında Fransa Respublikası Nanter şəhəri Ali İnstansiya Məhkəməsində “Barışıq Məhkəməsi” adlı proses başlanmışdır. Həmin məhkəmənin “ər, arvad arasında və uşaqlara aid olan müvəqqəti tədbirlərə dair” 30 dekabr 2013-cü il tarixli barışmamazlıq məhkəmə qərarı ilə ər və arvadın ayrı yaşamasına icazə verilməsi, öz yaşayış yerində ər və arvadın birinin digərinə mane olmasının qadağan edilməsi, geyim və şəxsi əşyalarının ər və arvadın hər birinin istifadəsinə verilməsi, aylıq alimentin məbləğinin 500 avro təyin edilməsi, tərəflərin uşaqlar üzərində valideynlik səlahiyyətlərini birgə həyata keçirməsi, uşaqların daimi yaşayış yerinin ananın yaşayış yeri üzrə müəyyən edilməsi və sair qət edilmişdir.

H.Babayevin apellyasiya şikayəti əsasında işə baxan Fransa Respublikası Versal Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qərarı ilə H.Babayevin şikayəti təmin edilməmiş, J.Babayevanın birgə nikahdan doğulmuş uşaqlar üzərində valideynlik səlahiyyətlərini tək həyata keçirməsi və sair qət edilmişdir.

Eyni zamanda, J.Babayeva Nanter şəhəri Ali İnstansiya Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra olunması və tanınması barədə ərizə ilə Ali Məhkəməyə müraciət etmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 12 dekabr 2014-cü il tarixli qərardadı ilə Nanter şəhəri Ali İnstansiya Məhkəməsinin “ər, arvad arasında və uşaqlara aid olan müvəqqəti tədbirlərə dair” 30 dekabr 2013-cü il tarixli məhkəmə qərarı qüvvəyə minmədiyindən və bu işlərə baxılması Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikasının ərazisində məcburi qaydada icra olunması və tanınmasından imtina edilmişdir.

H.Babayevin kassasiya şikayəti əsasında işə baxan Fransa Respublikası Kassasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qərarı ilə Versal Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.    

Bundan sonra, J.Babayeva yenidən Ali Məhkəməyə müraciət edərək Versal Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında icra olunması və tanınmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası 22 aprel 2016-cı il tarixində müraciətə baxaraq Versal Apellyasiya Məhkəməsinin həmin qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra olunması və tanınması barədə qərardad qəbul etmişdir.

Lakin buna qədər H.Babayev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində J.Babayevaya qarşı iddia qaldıraraq nikahın pozulması və uşaqların onun himayəsində qalmasını xahiş etmişdir. Həmin məhkəmənin 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə H.Babayevin iddiası təmin edilmiş, tərəflər arasında 5 iyul 2003-cü il tarixində bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların atası H.Babayevin himayəsinə verilməsi qət edilmişdir.

Qətnamənin nikahın ləğv edilməsi hissəsi ilə razılaşan J.Babayeva apellyasiya şikayəti verərək uşaqların onun himayəsinə verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarı ilə  J.Babayevanın kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2016-cı il tarixli qərardadı ilə uşaqların H.Babayevin yanında qalması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi  ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 6 oktyabr 2016-cı il tarixli qərarı ilə  Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

H.Babayev Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə Ali Məhkəmənin Mülki Kollegiyasının 22 aprel 2016-cı il tarixli qərardadı ilə onun Konstitusiyanın 17, 25, 34, 60 və 71-ci maddələri ilə nəzərdə tutulan hüquqlarının, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 8, 9, 10, 444.0.6, 458.1 və 465-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 60.2 və 156-cı maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 17-ci maddəsinin I və II hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxarkən məhkəmələr iş üzrə bütün halları nəzərə alaraq ilk növbədə uşağın mənafeyini qorumalıdır. Bu, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatından irəli gəlir. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı konstitusiya işinin predmetini Azərbaycan Respublikasında xarici məhkəmənin qətnaməsinin tanınması və icra edilməsi təşkil etdiyindən Mülki Prosessual Məcəllənin bu məsələni tənzimləyən bəzi normalarının açıqlanmasına zərurət vardır.

 

Dövlətin adından çıxarılan hər bir qərarın icrası həmin dövlətin ərazisində məcburidir və onların icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər.

Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrası qaydaları Mülki Prosessual Məcəllənin 47-50-ci fəsilləri ilə tənzimlənir.        

Mülki prosessual qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınması  ilə əlaqədar həmin qətnamələri iki qrupa bölür:

- icrası tələb olunmayan qətnamələrin tanınması;

- məcburi icrası tələb olunan qətnamələrin tanınması.

Xarici məhkəmələrin Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Mülki Prosessual Məcəllənin 459-cu maddəsində sadalanmışdır.

Xarici məhkəmələrin icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə Mülki Prosessual Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Göründüyü kimi, mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:

- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda;

- qarşılıqlı anlaşma əsasında.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Qeyd olunan maddədə göstərilən “qarşılıqlı təminatlandırılma” Azərbaycan Respublikası ilə xarici dövlətin hüquqi yardım haqqında çoxtərəfli sazişin (konvensiyanın) iştirakçısı olmasını, yaxud iki dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin olmasını ifadə edir.

Xarici dövlətlə Azərbaycan Respublikası arasında hüquqi yardım haqqında ikitərəfli beynəlxalq müqavilə olmadıqda və ya Azərbaycan Respublikası ilə xarici dövlət,  qətnamələrin tanınmasını və icrasını nəzərdə tutan çoxtərəfli beynəlxalq müqavilənin iştirakçısı deyillərsə, Azərbaycan Respublikasında həmin xarici dövlətin məhkəmə qətnamələrinin tanınması və icrası qarşılıqlı anlaşma prinsipinə riayət edilməklə həyata keçirilir. Bu prinsipə görə, xarici dövlətin məhkəmə qətnaməsi Azərbaycan Respublikasında o şərtlə tanınır və icra edilir ki, həmin xarici dövlət də Azərbaycan Respublikası məhkəmələrinin qərarlarını tanısın və icra etsin.

Beləliklə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra olunması və tanınması barədə ərizəyə baxan məhkəmə ilk növbədə yuxarıda qeyd olunan əsasların olub-olmamasını araşdırmalıdır.

Mülki Prosessual Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

Mülki Prosessual Məcəllənin 465-ci maddəsində isə xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi halları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:

- işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;

- işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;

- eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;

- qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;

- qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;

- xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə ilk növbədə Mülki Prosessual Məcəllənin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir.

Şikayətdən və ona əlavə edilmiş materiallardan görünür ki, Nanter şəhəri Ali İnstansiya Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli qərarına əsasən, bu müvəqqəti qərarın elan edildiyi tarixdən başlayaraq 3 ay ərzində iddia qaldırmış şəxs, məhkəməyə nikahın pozulması barəsində müraciət edə bilər. Müvəqqəti tədbirlər barədə qərar elan olunduğu gündən 30 ay müddətində nikahın pozulmasına dair iddia qaldırılmadıqda həmin qərar qüvvədən düşmüş hesab olunur. Belə ki, Fransa Respublikasının qanunvericiliyinə görə boşanma prosesinin ilkin mərhələsində müvəqqəti tədbirlər müəyyən oluna bilər. Boşanma haqqında qəti qərar çıxarılana qədər bu müvəqqəti tədbirlər icra olunmalıdır. Belə tədbirlər vasitəsi ilə uşaqların valideynləri ilə yaşayış qaydaları, ümumi daşınar və daşınmaz əmlakdan istifadə qaydaları, uşaqlar üçün aylıq aliment, ər və ya arvad üçün müavinətin verilməsi məsələsi və s. həll olunur.

Versal Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qərarının məzmunundan da görünür ki, o, nikah münasibətlərini tənzimləyən yekun akt deyil,  tərəflərin barışması və ya nikahın pozulmasına qədər ər-arvad arasında olan münasibətləri tənzimləyən müvəqqəti tədbirlərə dair qərardır.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə H.Babayevlə J.Babayeva arasında nikah pozulduqdan sonra Versal Apellyasiya Məhkəməsinin qərarı faktiki olaraq hüquqi qüvvəsini itirmiş olur.

Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 465.1.3 və 465.1.6-cı maddələrində eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış işin olması və ya xarici dövlətin qarşılıqlı əlaqələrinin təmin olunmaması xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə əsas kimi göstərilmişdir.

Buna baxmayaraq, kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əməl etməyərək xarici məhkəmə qətnaməsinin tanınması və icra edilməsi üçün əsasların olub-olmamasını yetərincə araşdırmamış, həmin qətnaməni məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verən halların mövcudluğuna diqqət yetirməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, hazırkı konstitusiya işinin predmetini Ali Məhkəmənin Mülki Kollegiyasının Versal Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında icra edilməsi üçün tanınmasına dair 22 aprel 2016-cı il tarixli qərardadının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması təşkil edir. Aliment, uşaqların valideynlərindən hansının yanında qalması və digər məsələlər səlahiyyətli məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyə uyğun həll edilir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ali Məhkəmənin Mülki Kollegiyasının Versal Apellyasiya Məhkəməsinin müvəqqəti tədbirlərə dair 11 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 22 aprel 2016-cı il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 458, 462 və 465-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Fransa Respublikası Versal Apellyasiya Məhkəməsinin müvəqqəti tədbirlərə dair 11 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 22 aprel 2016-cı il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458, 462 və 465-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                  Fərhad  Abdullayev