ANA SƏHİFƏ » Qərarlar » 17.02.17 X.Məmmədova və N.Əliyevanın şikayəti ilə AR AM-in 06/05/16 il tarixli Qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

X.Məmmədova və N.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 6 may 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 

 

17 fevral 2017-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçilər Xədicə Məmmədova və Nərgizxanım Əliyeva və onların nümayəndəsi Mehman Neymətzadənin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim köməkçisi Günel Tanrıverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında X.Məmmədova və N.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 6 may 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

M Ü Ə Y Y Ə N   E T D İ: 

 

X.Məmmədova və N.Əliyeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin (bundan sonra – Məhkəmə Tərkibi) 6 may 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı C.Ələsgərovanın cavabdeh N.Əliyevaya qarşı Abşeron rayonunun Məmmədli kəndində yerləşən  yaşayış sahəsi 190 kv.m və köməkçi sahəsi 195 kv.m olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilmişdir.

Mülki iş üzrə maraqlı şəxs V.Məmmədovun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 8 dekabr 2006-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 25 iyul 2007-ci il tarixli qərarı ilə digər maraqlı şəxs R.Məmmədovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra Abşeron Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar A.İbrahimova və İ.Rüstəmovanın cavabdehlər N.Əliyeva və D.Vəliyevaya qarşı Abşeron rayonu, Məmmədli kəndində yerləşən mülkiyyətlərində olan fərdi yaşayış evindən onların çıxarılmaları və 2009-cu ilin oktyabr ayının 1-dən evin boşaldılması gününə qədər cavabdehlərdən hər ay 200 manat məbləğində pulun alınıb onlara ödənilməsi barədə iddiaları qismən təmin edilmiş, cavabdehlərin evdən çıxarılmaları və pulun müştərək qaydada hər ay üçün 200 manat məbləğində hesablanmaqla 1 dekabr 2010-cu il tarixdən ödənilməsi qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2012-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2012-ci il tarixli qərarı ilə N.Əliyevanın apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

X.Məmmədova və N.Əliyeva Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişlər.

Ərizə onunla əsaslandırılmışdır ki, cinayət işi ilə əlaqədar keçirilmiş ekspertiza rəylərindən sonra C.Ələsgərovanın və N.Əliyevanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 320.1-ci maddəsinin, D.Vəliyevanın əməllərində isə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin əlamətlərinin olması müəyyən edilmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 27 may 2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən həmin cinayət əməllərindən 2 il müddət keçdiyinə görə onların barəsində cinayət işinə Məcəllənin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət törətmələri hissəsində xitam verilmişdir.

Məhkəmə Tərkibinin 6 may 2016-cı il tarixli qərardadı ilə X.Məmmədova və N.Əliyevanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsinin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Məhkəmə Tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, C.Ələsgərova barəsində aparılan cinayət işinin nəticəsi haqqında hər hansı məlumat olmadığından  ərizəçilərin təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 432.2.1-ci maddəsinə əsasən işə əvvəllər baxılarkən məlum olmayan həlledici material hesab edilə bilməz.

Ərizəçilər Konstitusiya Məhkəməsinə ünvanladıqları şikayəti onunla əsaslandırmışlar ki, Məhkəmə Tərkibi tərəfindən onların ərizəsinə baxılarkən Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Ərizəçilər hesab edirlər ki, Məhkəmə Tərkibinin qeyd olunan qərardadı ilə onların Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 14 oktyabr 2016-cı il tarixli, F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli və s. Qərarları).

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər məsələlər araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir:

·  məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;

·  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

·  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;

·  həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Mülki Prosessual Məcəllənin 433-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır.

Mülki Prosessual Məcəllənin 432.2-ci maddəsində qeyd olunmuş əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə təqdim edilən ərizə Məcəllənin 434 və 435-ci maddələrinin tələblərinə cavab verdikdə, o, işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas kimi yalnız Mülki Prosessual Məcəllənin 432.2-ci maddəsində sadalanan dörd müstəqil əsasdan birinə istinad edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərini xatırladaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır.

Bununla yanaşı, işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar kimi qəbul olunmalıdır. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların, işin həlli üçün əhəmiyyəti onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı.

Ərizəçilər Ali Məhkəməyə müraciətini Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsi ilə əsaslandırmasına baxmayaraq, Məhkəmə Tərkibi ərizənin bu əsasa uyğun olub-olmamasını araşdırmamış, öz qərardadında yalnız C.Ələsgərovanın barəsində aparılan cinayət işinin nəticəsi haqqında hər hansı məlumatın olmamasına əsaslanaraq ərizədə göstərilən dəlillərə hüquqi qiymət verməmiş, onların işə əvvəllər baxılarkən məlum olmayan həlledici material kimi qəbul edilməsi üçün tam və hərtərəfli araşdırma aparmamışdır.

Halbuki, Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsi məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsini bu növ ərizələrə baxılması üçün müstəqil əsas kimi nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayəti üzrə 16 iyul 2013-cü il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi çərçivəsində istənilən dövlət orqanlarının qərar və hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək mümkündür. Yanlış məhkəmə aktına təkrar baxılmasının mümkün olmaması ədalət mühakiməsi vasitəsilə hüquqların effektiv bərpa edilməsinin universal qaydasına uyğun gəlmir, həmin hüququ pozur və məhdudlaşdırır. Yanlış məhkəmə aktlarına təkrar baxılmasının institusional və prosedur şərtləri istənilən halda prosessual effektivlik, məhkəmə müdafiəsi vasitələrindən istifadə, ədalət mühakiməsinin şəffaf həyata keçirilməsi tələblərinə cavab verməli, məhkəmə araşdırmasının uzadılmasını istisna etməlidir. Bununla da məhkəmə qərarının ədalətliliyini və eyni zamanda məhkəmə qərarlarının qanuni qüvvəsinin və onların təkzib edilməzliyinin tanınmasının hüquqi müəyyənliyini təmin etməlidir. Əks halda ümumi (publik) və xüsusi hüquqi maraqların balansı mümkünsüz olar.

Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) ədalətli məhkəmə araşdırması hüququna dair şərhində də öz əksini tapmışdır. Avropa Məhkəməsinin qənaətinə görə, hüququn üstünlüyünün əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu da öz növbəsində məhkəmə tərəfindən çıxarılan qərarın şübhə altına alınmamasını tələb edir (Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il; Pravednaya Rusiya Federasiyasına qarşı iş üzrə 18 noyabr 2004-cü il tarixli Qərarlar).

Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Konvensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına yeni açılmış hallar üzrə təkrar baxılmasına prinsip etibarı ilə yol verir. Belə ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birmənalı olaraq dövlətə cinayət mühakimə üsulunun səhvlərini düzəltməyə imkan yaradır və belə səhvlərə iş üzrə əsas sübutlar haqqında məlumatlar əks olunmayan məhkəmə qərarlarını aid edir. Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəalarını həmin Konvensiyanın 6-cı maddəsi ilə qarşılıqlı əlaqədə şərh etməklə onları mülki işlərə də aid edir. Avropa Məhkəməsi belə hesab edir ki, bu cür işlərdə hüquqi müəyyənlik prinsipindən kənara çıxma əhəmiyyətli (fundamental) pozuntunun aradan qaldırılması və ya ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilmədiyi halda mümkündür. Bu zaman son məhkəmə qərarının ləğv edilməsi proseduru əvvəllər məlum olmayan və əlçatmaz olan, məhkəmə araşdırmasını başqa nəticəyə gətirib çıxara biləcək sübutların olduğunu nəzərdə tutur. Məhkəmə qərarının ləğv edilməsini tələb edən şəxs məhkəmə araşdırması başa çatana kimi onun sübutlar təqdim etməsinin mümkün olmadığını və bu dəlillərin iş üzrə əhəmiyyətli olduğunu sübut etməlidir (Pravednaya Rusiya Federasiyasına qarşı iş üzrə 18 noyabr 2004-cü il; Vedernikova Rusiya Federasiyasına qarşı iş üzrə 12 iyul 2007-ci il; “Sutyajnik” Rusiya Federasiyasına qarşı iş üzrə 23 iyul 2009-cu il tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra yuxarıda göstərilən sənədlərin əldə edilməsinə, prokurorluğun araşdırması nəticəsində müəyyən edilmiş halların yeni açılmış və iş üzrə həlledici hal hesab edilib-edilməməsinə Məhkəmə Tərkibi tərəfindən Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməmiş və işin yuxarıda göstərilən xüsusiyyətlərinə diqqət yetirilməmişdir.

Bununla da Məhkəmə Tərkibi tərəfindən işə baxılarkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, nəticədə X.Məmmədova və N.Əliyevanın Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçı C.Ələsgərovanın cavabdeh N.Əliyevaya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair  iş üzrə Məhkəmə Tərkibinin 6 may 2016-cı il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

Q Ə R A R A   A L D I: 

 

1. Ceyran Ələsgərovanın cavabdeh Nərgizxanım Əliyevaya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 6 may 2016-cı il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                               Fərhad Abdullayev