ANA SƏHİFƏ » Qərarlar » 06.01.17 “Azəraqrartikinti” ASC-in şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11/11/15-ci il qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

   

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI 

 

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

   

6 yanvar 2017-ci il                                                                                      Bakı şəhəri

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mehman Cəbrayılovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim köməkçisi Günel Tanrıverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

   

MÜƏYYƏN  ETDİ: 

 

 “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra  “Azəraqrartikinti” ASC) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Azəraqrartikinti” ASC cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra DƏDRX) 13 saylı Ərazi İdarəsinə  qarşı “Yeni Texnologiya AAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Yeni Texnologiya AAA” MMC) adına verilmiş mülkiyyət hüququna dair 25 iyul 2006-cı il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərbaycan Sənaye Bankı” ASC) adına mülkiyyət hüququ əsasında verilmiş 20 avqust 2011-ci il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsinə dair iddia tələbi irəli sürmüşdür.

İddia onunla əsaslandırılmışdır ki, “Azəraqrartikinti” ASC Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 iyul tarixli 646 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 15 dekabr tarixli 242 saylı Sərəncamına uyğun olaraq ləğv edilmiş “Azəraqrartikinti” Dövlət Şirkətinin balansında olan qeyri-dövlət əmlakının bazasında yaradılmış və 11 mart 1998-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış 100% özəl mülkiyyətə sahib olan cəmiyyətdir.

“Aqrartikinti”nin Saatlı filialı “Azəraqrartikinti” ASC-nin struktur vahididir. Vergi borcunun ödənilməsi üçün həmin filialın əmlakı hərrac nəticəsində Saatlı rayon sakini, “Yeni Texnologiya AAA” MMC-nin təsisçisi Ə.Mirzəyevə satılmışdır. Lakin “Azəraqrartikinti” ASC-nin iddiası üzrə qəbul edilmiş 3 saylı Yerli İqtisad Məhkəməsinin 21 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə hərrac etibarsız hesab edilmiş, ASC-yə məxsus əmlakın qaytarılması qət edilmişdir.

Göstərilən məhkəmə aktına baxmayaraq, Ə.Mirzəyev bələdiyyə mülkiyyətinə aid olmayan “Aqrartikinti”nin Saatlı filialının istifadəsində olan əmlakı alqı-satqı yolu ilə almış və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını əldə etmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18 iyul 2006-cı il tarixli qətnaməsi qanuni qüvvədə olduğu halda, “Yeni Texnologiya AAA” MMC-nin rəhbərliyi cavabdeh DƏDRX-in Şirvan Ərazi İdarəsinə müraciət edərək ləğv edilmiş məhkəmə qətnaməsinə istinad etməklə “Azəraqrartikinti” ASC-nin mülkiyyətində olan və “Aqrartikinti”nin Saatlı filialının istifadəsindəki əmlakların özlərinin mülkiyyətinə keçməsi barədə çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-in Şirvan Ərazi İdarəsi tərəfindən 25 iyul 2006-cı il tarixində həmin əmlaka dair çıxarış və texniki pasport verilmişdir.

3 saylı Yerli İqtisad Məhkəməsinin 11 yanvar 2007-ci il tarixli qətnaməsinə əsasən isə “Yeni Texnologiya AAA” MMC-yə mübahisəli torpaq sahəsinə dair 25 iyul 2006-cı il tarixli çıxarışın verilməsi üçün əsas olmuş sənədlər ləğv edilmişdir.

Bundan sonra “Yeni Texnologiya AAA” MMC ilə üçüncü şəxs “Azərbaycan Sənaye Bankı” ASC arasında 23 aprel 2008-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən MMC-yə müxtəlif istehsal məqsədlərində istifadə edilməsi üçün 60 ay müddətində 200.000 manat məbləğində kredit verilmişdir. Sonradan “Yeni Texnologiya AAA” MMC bank qarşısında götürdüyü kredit öhdəliyini icra etmədiyindən ipoteka ilə yüklü edilmiş və faktiki olaraq “Azəraqrartikinti” ASC-yə məxsus olan əmlaka dair mülkiyyət hüququ DƏDRX-in 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2011-ci il tarixli çıxarış əsasında üçüncü şəxs - “Azərbaycan Sənaye Bankı” ASC-nin adına keçmişdir.

Həmçinin iddia ərizəsində qeyd olunmuşdur ki, “Aqrartikinti”nin Saatlı filialının rəhbərliyi 26 yanvar 2011-ci il tarixində DƏDRX-in Şirvan Ərazi İdarəsinə, Saatlı Bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsinə müraciət edərək, çoxsaylı məhkəmə qərarlarının icrasını təmin etmələrini və qanunsuz əməllərdən çəkinmələrini xahiş etsə də, yalnız Saatlı Bələdiyyəsi həmin filialın istifadəsində olan torpaq sahəsinin alqı-satqısına dair qanunsuz qərarını 2 sentyabr 2011-ci il tarixində ləğv etmişdir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2014-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, “Yeni Texnologiya AAA” MMC-nin adına olan 25 iyul 2006-cı il tarixli çıxarış və texniki pasport ləğv edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının  26 avqust 2014-cü il tarixli qərardadı ilə üçüncü şəxs “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbinə mülki icraat qaydasında baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsaslanaraq, hazırkı iddia tələbinin inzibati icraat qaydasında deyil, hüquq münasibətinin xarakterinə görə mülki icraat qaydasında baxılmalı olması qənaətinə gəlmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2014-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsi qərarda qeyd etmişdir ki, inzibati işin mahiyyətinə görə iddiaçının tələbi faktiki olaraq inzibati orqanın, məhkəmə qətnaməsi ilə ləğv edildiyi halda, ləğv olunmuş qətnamə üzrə verilmiş müvafiq çıxarışın və texniki pasportun ləğv edilməməsi üzrə cavabdehin hərəkətsizliyindən ibarətdir.

Məhkəmə həmçinin hesab etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri  Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 13 və 46.3-cü maddələrinin tələblərinə uyğun olaraq, iddiaçıya aid olmayan iddia tələblərinin dəqiqləşdirilməsində müvafiq yardım etməmiş, beləliklə həmin maddələrin pozuntusuna yol vermişlər.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18 iyul 2006-cı il tarixli qətnaməsinin qanuni qüvvədə olmasına baxmayaraq, “Yeni Texnologiya AAA” MMC DƏDRX-in Şirvan Ərazi İdarəsinə müraciət edərək, ləğv edilmiş məhkəmə qətnaməsinə istinad etməklə “Azəraqrartikinti” ASC-nin mülkiyyətində və “Aqrartikinti”nin Saatlı filialının istifadəsində olan əmlakın MMC-nin mülkiyyətinə keçirilməsi barədə çıxarışın verilməsini xahiş etmiş və ona 25 iyul 2006-cı il tarixli çıxarış və texniki pasport verilmişdir. Məhkəmənin qənaətinə görə, çıxarışın və texniki pasportun cavabdeh tərəfindən verilməsi üçün hər hansı müqavilə və yaxud qüvvədə olan məhkəmə qərarı olmadığından, iddiaçının çıxarışın verilmə əsaslarını mübahisələndirmək imkanları da qalmamışdır.

Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, qanunverici inzibati aktın ləğv olunması üçün bir-biri ilə bağlı iki imperativ şərt – inzibati aktın qanuna zidd olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulmasını nəzərdə tutur. Buna uyğun olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə baxışı zamanı toplanmış sübutların araşdırılması nəticəsində “Azəraqrartikinti” ASC-yə münasibətdə göstərilən hər iki şərtin pozulması öz təsdiqini tapmışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarı ilə üçüncü şəxs “Azərbaycan Sənaye Bankı” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

Bununla əlaqədar ərizəçi konstitusiya şikayətində qeyd etmişdir ki, iş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin ümumi və xüsusi şərtlərini nəzərdə tutan 32 və 33-cü maddələrinin və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini tənzimləyən 96-cı maddəsinin tələblərinə əməl edilmədiyi üçün onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunan hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsi bu iş üzrə ilk dəfə qəbul etdiyi qərarında göstərmişdir ki, inzibati işin mahiyyətinə görə iddiaçının tələbi faktiki olaraq müvafiq çıxarışın və texniki pasportun ləğv edilməsi ilə deyil, məhz inzibati orqanın hərəkətsizliyi ilə bağlı olmuşdur. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri İnzibati Prosessual Məcəllənin 13 və 46.3-cü maddələrinin tələblərinə uyğun olaraq iddiaçıya aid olmayan iddia tələblərinin dəqiqləşdirilməsində müvafiq yardım etməmiş, beləliklə həmin maddələrin tələblərinə əməl etməməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişlər.

Ali Məhkəmənin sonuncu qərarında isə iddia ona görə mümkünsüz hesab edilmişdir ki, ərizəçi apellyasiya instansiyası məhkəməsində öz iddia tələblərini müvafiq iddia növü ilə əvəzləşdirməmişdir. Bu qərarda göstərilmişdir ki, iddiaçının həmin hüquqi marağını təmin etmək üçün qaldırmalı olduğu iddia artıq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla ləğv edilmiş çıxarışın və texniki pasportun ləğvinə dair deyil, inzibati orqanın həmin çıxarışı və texniki pasportu verməklə bağlı hərəkətlərinin qanunsuzluğunun tanınmasına dair olmalıdır.

İşə daha əvvəl kassasiya instansiyası məhkəməsində baxılarkən bu barədə hüquqi mövqenin bildirilməsinə baxmayaraq, iddiaçı tərəfindən düzgün iddia növündən istifadə olunmasına yönəlmiş hər hansı addım atılmamışdır.

Göstərilənlərə əsaslanaraq kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqlarının müdafiəsinə dair hüquqi marağına xidmət edən düzgün iddia növündən istifadə etmədiyi üçün iddia mümkün sayılmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu mübahisənin düzgün həlli baxımından aşağıdakıların nəzərə alınmasını vacib hesab edir.

Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, onların məhkəmədə müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12, 60 və 71-ci maddələri). Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi də çıxış edir.

Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (Konstitusiyanın 60-cı maddəsinin IV hissəsi).

İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur.

İnzibati Prosessual Məcəlləyə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi). Bununla yanaşı, Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

İnzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən əsas xüsusiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Birinci instansiya məhkəməsində inzibati icraat İnzibati Prosessual Məcəllənin VIII fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir.

Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

Bununla yanaşı, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərlik prinsipinə əməl etməlidir.

 “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq bildirmişdir ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqi istisna edilmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi yolverilməzdir.

Bu mövqeyi nəzərə almadan kassasiya instansiyası məhkəməsi birinci dəfə apellyasiya instansiyası məhkəməsinin qərardadını ona görə ləğv etmişdir ki, o, İnzibati Prosessual Məcəllənin 13 və 46.3-cü maddələrinin tələblərinə uyğun olaraq yanlış iddia növünün müvafiq iddia növü ilə əvəz olunmasında iddiaçıya yardım etməmişdir. Kassasiya instansiyası məhkəməsinin sonuncu qərarında da Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarının tələbləri nəzərə alınmadan ərizəçinin iddiası, həmçinin ona görə mümkün sayılmamışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirməmişdir.

Bundan başqa Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin qərarda iddianın mümkün olmaması məsələsinin həll edilməsi ilə yanaşı, mübahisə predmetini təşkil edən sənədlərə də hüquqi qiymət vermiş və nəticədə İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir.

Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər.

Belə mövqe, həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində də öz əksini tapmışdır. Belə ki, həmin bəndlərdə qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

Beləliklə, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mübahisəsinin qanunun tələblərinə uyğun olmayan həll edilməsi ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüququnun pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Azəraqrartikinti” ASC cavabdeh DƏDRX-in 13 saylı Ərazi İdarəsinə qarşı “Yeni Texnologiya AAA” MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 25 iyul 2006-cı il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin “Azərbaycan Sənaye Bankı” ASC-nin adına mülkiyyət hüququ əsasında verilmiş 20 avqust 2011-ci il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iş üzrə qəbul olunmuş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “Yeni Texnologiya AAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş mülkiyyət hüququna dair 25 iyul 2006-cı il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ əsasında verilmiş 20 avqust 2011-ci il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

     

Sədr                                                                                              Fərhad  Abdullayev