ANA SƏHİFƏ » Qərarlar » 25.01.17 C.Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun AR Konstitusiyasının 25 m.I his. uyğunluğu yoxlanması

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN  

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun 

  

Q Ə R A R I    

 

Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair

   

25 yanvar 2017-ci il                                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Cavidan Qafarov və onun nümayəndəsi Turqay Hüseynovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Baziqovun,

mütəxəssislər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Rasim Hüseynovun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquq və kadr şöbəsinin müdiri Fuad Nəsirovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin, cavabverən orqanın nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, habelə ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N    E T D İ:

 

Cavidan Qafarov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək,  “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən məlum olur ki, ərizəçinin 21 yaşı vardır və o, Azərbaycan Tibb Universitetinin 5-ci kursunda ödənişli əsaslarla təhsil alır. C.Qafarovun atası 19 may 2016-cı il tarixində vəfat etmiş, anası isə I qrup əlildir. Ərizəçi göstərilən səbəblərə görə təhsil haqqını ödəmək imkanının olmamasını əsas gətirərək, Qanunda nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə müraciət etmişdir. Belə ki, Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər.

 C.Qafarova cavab məktubunda izah olunmuşdur ki, Azərbaycan Tibb Universiteti dövlət ali təhsil müəssisəsi olaraq heç bir tələbəni hüquqi əsas olmadan təhsil haqqından azad etmək səlahiyyətinə malik deyildir. Eyni zamanda məktubda bildirilmişdir ki, məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubunda isə göstərilmişdir ki, Qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan şəxslər (bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan) dedikdə, həmin kateqoriyadan olan 18 yaşınadək uşaqlar nəzərdə tutulur. Bu baxımdan, Qanunun 5-ci maddəsində göstərilən təhsil üzrə təminatlar ali təhsil aldıqları müddətdə (19-23 yaşında olan II-VI kurs tələbələri) hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil edilmir.

Ərizədə qeyd olunur ki, Qanunun adına uyğun olaraq onun müddəaları uşaqların sosial təminatı ilə bağlı münasibətləri tənzimləyir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 1-ci maddəsinin mənasına görə, uşaq 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsdir.

Lakin Qanunun 1 və 5-ci maddələrinin məzmununa görə, onun imtiyazlarından artıq uşaq hesab edilməyən şəxslər də faydalana bilər. Bura məhz 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər aiddir. Lakin həmin şəxslər bu imtiyazı 18 yaşınadək valideynlərini itirdikləri və  valideyn himayəsindən məhrum olduqları təqdirdə əldə edirlər.

Ərizəçi hesab edir ki, Qanunun əsas məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan 23 yaşınadək şəxslərin sosial müdafiəsinə dövlət təminatının verilməsidir. Yəni dövlət onların valideyn dəstəyindən məhrum olmasını əsas kimi qəbul edərək, bu şəxsləri dövlətin sosial müdafiəsi ilə əhatə edir. Sosial dəstəkdən faydalanmanın şərti kimi yalnız şəxsin 18 yaşınadək valideyn himayəsindən məhrum olması əsas götürülür, sonradan 18-23 yaş arasında oxşar vəziyyətə düşmüş digər şəxslərin təhsil almaq hüququnun davamlılığına təminat verilmir.

C.Qafarovun qənaətinə görə, Qanunun bu müddəaları onun Konstitusiyanın 25 və 42-ci maddələrində nəzərdə tutulan hüquqlarını pozur.

Şikayətin məzmununu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud konstitusiya işinin predmetini Qanunun 1 və 5-ci maddələrinin dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan və 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş şəxslərin həmin normalarda təsbit edilən imtiyazdan istifadə etmək hüquqlarının nəzərdə tutulmadığı hissədə Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə və 42-ci maddəsinə uyğunluğunun yoxlanılması təşkil edir.  

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununu müəyyən edərkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsini nəzərə alır.

Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 13-cü maddəsində göstərilmişdir:

1.           Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.

2.           Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün:

a)           İbtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır.

b)           Orta təhsil və onun müxtəlif formaları, orta texniki-peşə təhsili də daxil olmaqla, bütün tədbirlər görmək, xüsusilə tədricən pulsuz təhsilə keçmək yolu ilə açıq və hamıya əlçatan olmalıdır.

c)           Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır.

d)           İbtidai təhsil alma, ibtidai təhsil almamış və ya onu tam bitirməmiş şəxslər üçün imkan dairəsində həvəsləndirilməli və intensivləşdirilməlidir.

e)           Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.

3.           Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qəyyumların öz uşaqları üçün təkcə dövlət tərəfindən təsis olunmuş məktəbləri deyil, həmçinin dövlətin təhsil üçün təyin etdiyi minimum tələblərə cavab verən digər məktəbləri də seçmək və öz etiqadlarına əsasən, uşaqlarının dini və mənəvi tərbiyəsini təmin etmək hüququna hörmət etməyi öhdələrinə götürürlər.

4.           Bu maddənin heç bir hissəsi bu maddənin birinci bəndində irəli sürülmüş prinsiplərə mütləq şəkildə əməl olunmaqla və belə təhsil müəssisələrində verilən təhsilin dövlət tərəfindən müəyyən edilmiş tələblər minimumuna cavab verməsi şərti ilə ayrı-ayrı şəxslərin və qurumların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək hüququnun pozulması kimi təfsir oluna bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz.  Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir.

Bu hüququn vacibliyi, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar Komitəsinin Beynəlxalq Paktın 13-cü maddəsinə edilən 8 dekabr 1999-cu il tarixli Ümumi Xarakterli Qeydlərində (bundan sonra – Komitənin Qeydləri) göstərilmişdir. Komitənin mövqeyinə əsasən, təhsil insan hüququ olmaqla yanaşı, digər insan hüquqlarının reallaşdırılması üçün də zəruri vasitədir. İqtisadi və sosial baxımdan marginallaşmış insan qrupları (böyüklər və uşaqlar) üçün geniş imkanlar açan təhsil hüququ, həmin qruplarda yoxsulluğa son qoymağa və öz icmalarının işində tam hüquqlu üzv kimi iştirak etməyə şərait yaradan başlıca vasitə kimi çıxış edir. Təhsil daha çox dövlətin investisiyası üçün optimal fəaliyyət sahələrindən biri kimi tanınmaqdadır.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məsələyə dair qeyd etmişdir ki, bəzi başqa dövlət xidmətlərindən fərqli olaraq, təhsilin Konvensiya ilə bilavasitə qorunan hüquq olması faktı nəzərdən qaçırıla bilməz. Təhsil, həmçinin ondan istifadə edənlər üçün birbaşa faydalı olan və daha geniş ictimai funksiyalara xidmət göstərən dövlət xidmətinin xüsusi növüdür. Məhkəmə qeyd etmişdir ki, “demokratik cəmiyyətdə təhsil hüququ insan hüquqlarının dəstəklənməsi üçün zəruridir və əsas rol oynayır” (Ponomaryovi Bolqarıstana qarşı iş üzrə 21 iyun 2011-ci il tarixli Qərar, § 33).

Konstitusiyanın 42-ci maddəsində təsbit olunmuş hüquq təhsilin müxtəlif pillələrinə və səviyyələrinə, o cümlədən ali təhsilə şamil olunur. Belə ki, təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” 30 iyun 2014-cü il tarixli Qərarı).

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Konstitusiyanın 42-ci maddəsinin IV hissəsinin məzmunundan göründüyü kimi, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili, o cümlədən ali təhsilini davam etdirməsinə dövlət tərəfindən zəmanət verilməsi nəzərdə tutulur.

Beləliklə, Konstitusiyanın müvafiq müddəalarının məzmununa əsaslanaraq qeyd olunmalıdır ki, ali təhsil almaq hüququ Konstitusiya ilə əhatə olunur.

Bu hüququn məzmununa gəldikdə isə qeyd olunmalıdır ki, onu reallaşdıran müvafiq təhsil sisteminin mövcudluğu vacibdir. Ali təhsil almaq hüququ həm də vətəndaşların qabiliyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinə bərabər əlçatanlığını nəzərdə tutur. Bu məhdudiyyət, yəni qabiliyyətə uyğun olaraq seçim ali təhsilin təbiətindən, məqsəd və vəzifələrindən irəli gəlir. Bərabər əlçatanlıq tələbi isə Konstitusiyanın ayrı-seçkiliyi qadağan edən 25-ci maddəsinə əsaslanır.

Bununla belə, dövlətin pulsuz təhsil almaqla bağlı vəzifələrinin həcmi təhsilin səviyyəsindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, dövlət orta təhsil almaq hüququndan fərqli olaraq, yalnız istedadlı şəxslərin ali təhsil almaq hüququna zəmanət verir (Konstitusiyanın 42-ci maddəsinin IV hissəsi). Bu, şəxsin həyatında müxtəlif təhsil səviyyələrinin fərqli çəkiyə malik olmasından və dövlətin maliyyə imkanlarının həcmindən irəli gəlir. Belə konstitusiya tənzimlənməsi bütövlükdə cəmiyyətin və ayrılıqda şəxsin maraqları arasında balansın yaradılması zərurətindən irəli gəlir.

Bununla belə, dövlət cəmiyyətin müxtəlif sahələrində mövcud ehtiyacları nəzərə alaraq, müvafiq sayda mütəxəssislərin hazırlanması vəzifəsini öz üzərinə götürür.

Bu, öz növbəsində, ali təhsilini müstəqil şəkildə maliyyələşdirmək arzusunda olan şəxslərin vəsaitləri hesabına təhsil almaq hüquqlarını əsassız məhdudlaşdırmamalıdır. Təhsil hüququ dövlət tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində keyfiyyətli ali təhsilin alınması, onun zəruri maddi-texniki bazasının və insan resurslarının təmin olunması şərtilə həyata keçirilə bilər.

Beləliklə, Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın pulsuz ali təhsil almaq hüququnu nəzərdə tutmur.

Qeyd olunduğu kimi, ali təhsil almaq hüququ müəyyən həcmdə Beynəlxalq Paktda da nəzərdə tutulmuşdur. Belə ki, Beynəlxalq Paktın 13-cü maddəsinin 2-ci hissəsinin "c" bəndinə görə, ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır. Komitənin Qeydlərində bu müddəaya dair göstərilmişdir ki, ali təhsil “hamı üçün” deyil, yalnız “qabiliyyətlər əsasında” əlçatan olmalıdır. Şəxslərin “qabiliyyəti” isə onların əldə etdiyi təcrübə və bilik baxımından qiymətləndirilməlidir. Beynəlxalq Paktın 2-ci maddəsinin 1-ci hissəsinin və 13-cü maddəsinin 2-ci hissəsinin "c" bəndinin tələbləri baxımından, ali təhsil almaq hüququ dövlətin maliyyə imkanlarından asılı olaraq tədricən reallaşdırılmalıdır. Komitənin fikirincə, Beynəlxalq Paktın 13-cü maddəsinin 2-ci hissəsinin "e" bəndində nəzərdə tutulan “qənaətbəxş təqaüdlər sisteminin qurulmasına dair” tələb Paktın ayrı-seçkiliyin yol verilməməsinə və bərabərliyin təmin edilməsinə dair digər tələbləri ilə uzlaşdırılmalı, təqaüdlər sistemi təhsilin aztəminatlı qruplar üçün əlçatanlıq  imkanlarını genişləndirməlidir. 

Beynəlxalq Paktdan fərqli olaraq, Konvensiyada təhsil hüququnun liberal aspekti vurğulanır. O, Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin birinci cümləsində neqativ hüquq kimi ifadə olunmuşdur. Bununla belə, Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 2-ci maddəsindəki “hörmət edir” ifadəsi dövlətin üzərində bəzi pozitiv öhdəlikləri də müəyyən edir (Böyük Palatanın Lautsi və digərləri İtaliyaya qarşı iş üzrə 18 mart 2011-ci il tarixli Qərarı, § 61).

Avropa Məhkəməsinin Velyo Velev Bolqarıstana qarşı iş üzrə 27 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 2-ci maddəsi tərəfdar çıxmış dövlət üzərində xüsusi təhsil müəssisələrini yaratmaq və ya maliyyələşdirmək öhdəliyini müəyyən edən kimi şərh oluna bilməz, bunu edən hər bir dövlət üzərində onlardan səmərəli surətdə istifadəni təmin etmək öhdəliyi olacaq. Başqa sözlə, müvafiq dövrdə mövcud olan təhsil müəssisələrinə əlçatanlıq 1 saylı Protokolun 2-ci maddəsinin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz tərkib hissəsidir. Bu müddəa ibtidai, orta və ali təhsilə tətbiq olunur.

Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təhsil hüququnun vacibliyinə baxmayaraq, o, mütləq deyildir və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Bu məhdudiyyətlərə icazə verilməsi güman olunur, belə ki, əlçatanlıq hüququ mahiyyət etibarilə dövlət tərəfindən nizamlanmanı tələb edir (Böyük Palatanın Katan və digərləri Moldova və Rusiyaya qarşı iş üzrə 27 may 2014-cü il tarixli Qərarı, §140; Tarantino və digərləri İtaliyaya qarşı iş üzrə 2 aprel 2013-cü il tarixli Qərarı, § 44).

Hamılıqla qəbul edilmişdir ki, təhsil təsisatlarının tənzimi cəmiyyətin ehtiyaclarına və resurslara, təhsilin müxtəlif səviyyələrinin fərqli cəhətlərinə uyğun olaraq, zamana və yerə görə fərqlənə bilər. Bu cür tənzimləmə təhsil hüququnun əsas mahiyyətini poza və Konvensiya ilə təmin olunmuş digər hüquqlarla ziddiyyət təşkil edə bilməz. Buna görə Konvensiya icmanın ümumi maraqlarının müdafiəsi və fundamental insan hüquqlarına hörmət arasında ədalətli tarazlığı nəzərdə tutur (Avropa Məhkəməsinin “Belçikada təhsildə dillərdən istifadə haqqında qanunların bəzi aspektlərinə dair” Belçikaya qarşı iş üzrə 23 iyul 1968-ci il tarixli Qərarı).

Qeyd edildiyi kimi, Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın pulsuz ümumi ali təhsil almaq hüququ nəzərdə tutulmasa da, bu maddə Konstitusiyadan irəli gələn sosial dövlət prinsipi ilə birlikdə götürüldüyü təqdirdə, qanunvericilikdə ali təhsilin iqtisadi əlçatanlığına dair bərabər təhsil imkanlarına şərait yaradan müəyyən tədbirlərin əks olunmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə əlaqədar qeyd edir ki, sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 21 oktyabr 2016-cı il tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu sosial dövlətdə ali təhsilin əlçatanlığına dair xarici ölkələrin konstitusiya mühakiməsi orqanlarının təcrübəsində olan mövqelərini diqqətəlayiq hesab edir. Belə ki, Almaniya Federal Konstitusiya Məhkəməsinin 8 may 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilikdə münasib meyarlara uyğun olaraq, təhsilin əlçatanlığı ilə bağlı müxtəlif imkanlar nəzərdə tutulmalıdır ki, hətta ən aztəminatlı şəxslər belə, təhsil hüququnu reallaşdırmaq imkanına malik olsunlar. Bu, ali təhsilin ödənilməsi ilə bağlı bütün çətinliklərin dövlət tərəfindən həyata keçirilən sosial tədbirlər vasitəsilə aradan qaldırılması demək deyil. Almaniyanın Əsas Qanunu hər bir sosial bərabərsizliyin kompensasiya olunmasını tələb etmir. Bu, xüsusən şəxsin əvvəlki həyat fəaliyyətinin ailə, sosial və digər fərdi hallarından qaynaqlanan iqtisadi bərabərsizliyə aiddir. Bununla yanaşı, qanunverici tamamilə bu cür halları inkar edə bilməz, çünki onlar qeyri-bərabər təhsil imkanlarının yaranmasına gətirib çıxarır.

Eyni zamanda qeyd olunmalıdır ki, Konstitusiyanın 94 və 95-ci maddələrinin müddəaları baxımından sosial dövlətlə bağlı vəzifələrin məzmununun əsaslarını müəyyən etmək qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malik olmaqla, dövlətin maliyyə imkanları çərçivəsində hərəkət edir.

Belə yanaşma sosial hüquqlara dair Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əks olunmuş mövqelərə uyğundur. Belə ki, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Sosial hüquqların realizəsi zamanı hüquqi mülahizələrdən daha çox sosial xidmətlərin göstərilməsi prinsiplərinə, dövlətin iqtisadi vəziyyətinə, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmamasına dair qanunvericinin yanaşması vacib əhəmiyyətə malikdir. Buna müvafiq olaraq, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 14 noyabr 2014-cü il tarixli Qərarları).

Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərlə, o cümlədən Konstitusiyanın 25-ci maddəsinin I hissəsində əks olunmuş bərabərlik prinsipi ilə məhdudlaşdırılır.

Göstərilən əsaslardan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının təhsil qanunvericiliyində ali təhsil almaq imkanlarını genişləndirən bir sıra müddəalar təsbit olunmuşdur. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Təhsil haqqında” Qanun) 38.3 və 38.7-ci maddələrinə müvafiq olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, dоktоrantura prоqramlarının maliyyələşdirilməsi, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5.9 və 5.14-cü bəndlərində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması və təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Qanunun 5-ci maddəsinin 1-ci hissəsində qanunverici özünün mülahizə sərbəstliyi çərçivəsində bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülməsi imkanını müəyyən etmişdir. Həmin Qanunun 1-ci maddəsinin 12-ci abzasında göstərilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.

Göründüyü kimi, müvafiq imtiyazdan üç qrup şəxs faydalana bilər:

- valideynlərini itirmiş uşaqlar;

- valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər.

Bu maddələr ilə qanunverici valideynləri tərəfindən saxlanılması imkanından məhrum olmuş və bu səbəbdən sosial müdafiəyə ehtiyacı olan uşaqlara, yəni 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslərə (“Uşaq hüquqları haqqında” Qanunun 1-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddələri) Konstitusiyanın 17-ci maddəsindən irəli gələn dövlət dəstəyinin zəruriliyinə dair ümumi qaydaya istisna olaraq, Qanunun qüvvəsini 18 yaşına çatmış şəxslərə də şamil etmişdir. Bununla da həmin şəxslər 23 yaşına çatanadək müvafiq sosial dəstək tədbirlərindən faydalanmaq imkanını qazanır və nəticədə vətəndaşların sosial müdafiəsi əsaslarının müəyyənləşdirilməsinə dair vahid, ümumi yanaşma təmin olunur (analoji yaş həddi “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında da müəyyən edilmişdir).

Valideynləri tərəfindən saxlanılması imkanından məhrum olmuş şəxslərin əvvəlki statusunu saxlamaları, habelə əyani təhsil alan şəxslərin təhsillərinə zərər vurmadan obyektiv səbəbdən işləyə bilməməsi, nəticədə özlərini maddi cəhətdən təmin etmələrinin çətin olduğu nəzərə alınaraq, hüquqi tənzimləmənin belə istiqamətdə həyata keçirilməsi onlara əlavə sosial dəstəyin göstərilməsi məqsədini daşıyır və onların maraqlarının təmin olunmasına yönəlmişdir.

Lakin C.Qafarovun Qanunda nəzərdə tutulan güzəştlərdən istifadə edə bilməməsi hüquq bərabərliyi prinsipinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur. Belə şəxslərə qarşı fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və ağlabatan əsas olsun (Konstitusiya Məhkəməsi Plenumunun O.Gərəkməzlinin şikayəti üzrə 25 fevral 2014-cü il tarixli Qərarı).

Qeyd olunmalıdır ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir.

Avropa Məhkəməsinin Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 7 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§ 87).

Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən, Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Böyük Palatanın Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə 16 mart 2010-cu il tarixli Qərarı, § 61).

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə dair şikayətdə qaldırılan məsələnin yoxlanılması üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olmasını müəyyənləşdirmək zəruridir.

Bu zaman nəzərə almaq lazımdır ki, iki qrup şəxs (vəziyyət) heç vaxt tamamilə eyni olmur, yəni mümkün olan bütün müqayisə meyarlarına əsasən tam bərabərlik ola bilməz. Beləliklə, müqayisə üçün meyar seçilərkən müqayisə edilən şəxslərə (vəziyyətlərə) aid çoxsaylı xüsusiyyətlər sırasında yalnız mübahisələndirilən hal kontekstində müvafiq vəziyyətlərin bərabər olub-olmaması sualına cavab verənlər seçilməlidir.

Qeyd etmək lazımdır ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər Qanunda təsbit olunan müvafiq imtiyazı, artıq göstərildiyi kimi, iki mühüm səbəbə (meyara) görə əldə edirlər.

Konstitusiya işinin hallarından görünür ki, ərizəçi C.Qafarov hər iki meyara cavab verir. Belə ki, o, valideynləri tərəfindən saxlanılması imkanından məhrumdur və əyani formada təhsil alır. Həmçinin o, əyani formada təhsil aldığına görə təhsilinə zərər vurmadan əmək fəaliyyəti ilə məşğul ola bilmir. Beləliklə, ərizəçi ilə Qanunun 5-ci maddəsində göstərilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər bərabər vəziyyətdədir.

Onlar arasında yeganə fərq birinin 18 yaşına çatanadək, digərinin isə 18 yaşına çatdıqdan sonra valideyn himayəsindən məhrum olmasıdır. Lakin bu xüsusiyyət hər iki şəxsin müvafiq hüquqlarının fərqləndirilməsi üçün yuxarıda göstərilən iki meyar kontekstində ağlabatan əsas sayıla bilməz.

Beləliklə, bu hüquqi vəziyyət Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə ziddiyyət təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hazırkı vəziyyətdə Qanunun 1-ci maddəsinin 12-ci abzasının qüvvədən düşmüş hesab edilməsi zərurəti yoxdur.  Belə ki, Qanunun 1-ci maddəsinin 12-ci abzasının qüvvədən düşmüş hesab edilməsi bu Qanunla qorunan digər şəxslərin sosial müdafiəsinin zəifləməsinə səbəb ola bilər.

Eyni zamanda, məsələyə dair qanunvericinin geniş mülahizə sərbəstliyini nəzərə almaq lazımdır. Artıq qeyd edildiyi kimi, qanunverici "Təhsil haqqında" Qanunun 38.3-cü maddəsində dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəətin yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilməsi vəzifəsini müəyyən etmişdir.

Bu normanı tətbiq edərkən, həmçinin nəzərə almaq lazımdır ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.2-ci bəndinin mənasına görə, dövlət ali təhsil müəssisələri publik hüquqi şəxslərə aiddirlər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Bununla yanaşı, dövlət ali təhsil müəssisələrinin təhsil sahəsində qarşısında duran vəzifələrinin səmərəli həyata keçirilməsi məqsədilə vergi qanunvericiliyində bəzi vergilərdən azadolmalar nəzərdə tutulmuşdur.

Göstərilənlərə əsasən, eləcə də “Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinin tətbiq edilməsi ilə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən müəyyən edilmiş qeyri-bərabərliyin müəyyən dərəcədə aradan qaldırılması imkanının istisna olunmadığını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu Qanunun mübahisələndirilən normasını qüvvədən düşmüş hesab etmir.

Lakin belə hal, qanunverici tərəfindən Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olaraq müvafiq məsələnin hüquqi tənziminin təkmilləşdirilməsini tələb edir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Milli Məclisə tövsiyə edilməlidir;

- Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.5, 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

Q Ə R A R A   A L D I: 

 

1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilsin.

2. Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilsin.

3.           Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4.           Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.           Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                                   Fərhad Abdullayev