ANA SƏHİFƏ » Qərarlar » 31.01.17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair

 

31 yanvar 2017-ci il                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin,maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun, Sumqayıt şəhər prokuroru Sərdar İmanovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 54.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, 18 aprel 2016-cı il tarixində İ.Abbasova Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edərək qardaşı V.Abbasov tərəfindən döyüldüyünü göstərmiş, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.

Həmin müraciət üzrə polis bölməsində təhqiqat aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual Məcəllə) 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Sonradan polis bölməsi tərəfindən V.Abbasov barəsində 7 iyun 2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 7 iyun 2016-cı il tarixli qərardadı ilə V.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və digər sənədlər inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl zərər çəkmiş şəxsin ərizəsinin alınmaması əsası ilə onu tərtib etmiş orqana - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə qaytarılmışdır.

Sumqayıt şəhər prokuroru apellyasiya protesti verərək Sumqayıt Şəhər Məhkəməsinin həmin qərardadının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi prokurorluq orqanlarından belə xarakterli protestlərin daxil olması hallarının artmasını və prokurorun İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq belə qərardaddan protest vermək hüququnun olması ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Müraciətedənin qənaətinə görə, prokurorun iştirak etdiyi işlərlə yanaşı, daha hansı qərardadlardan protest vermək hüququnun olması qanunvericilikdə aydın müəyyən edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən edilmişdir.

Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarını da nəzərdə tutur.

İnzibati idarəçilik sahəsində inzibati münasibətlərin qoruyucu normaları 1 mart 2016-cı il tarixindən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində əks olunmuşdur.

Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsi).

Məcəllənin maddi normaları xəta növünü müəyyən etməklə inzibati idarəçilik sahəsində hər bir subyektin hüquq və qanuni maraqlarını təmin edir. İnzibati xətalar (inzibati delikt) qanunvericiliyi səlahiyyətli orqanla fiziki, hüquqi və vəzifəli şəxslər arasında inzibati xətalarla bağlı yaranan mübahisələri tənzimləyir və bu münasibətlərdə əsas subyekt kimi səlahiyyətli dövlət orqanı çıxış edir.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində göstərilmişdir. Bu normaya əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.

Səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər.

İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon (şəhər) məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuşdur.

Eyni zamanda, inzibati məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 16, 17 və 18-ci maddələrində göstərilmişdir. Bu subyektlərə fiziki, vəzifəli, habelə hüquqi şəxslər aid edilir.

İnzibati xətalar haqqında işlərə baxılmasının prosessual qaydaları isə bu Məcəllənin III və IV bölmələrində müəyyən edilmişdir.

Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi inzibati xətalara dair işlər üzrə icraatın həyata keçirilməsinin prosessual qaydalarını tənzimləyərək inzibati xətalar üzrə işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) və inzibati məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsini dəqiq müəyyən etmişdir.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

İnzibati Xətalar Məcəlləsində prokuror nəzarətinə xüsusi yer verilmişdir. Belə ki, Məcəllənin 54.1-ci maddəsinə əsasən, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Konstitusiyanın və qanunların tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

İnzibati xətalara dair işlər üzrə icraatda qanunçuluğun təmin edilməsində prokuror nəzarətinin həyata keçirilməsi Konstitusiyanın 133-cü maddəsinin müddəalarına əsaslanır.

Konstitusiyanın 133-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq haqqında” Qanun) 4-cü maddəsində prokurorluğun digər fəaliyyət istiqamətləri ilə yanaşı, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etmək; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etmək, dövlət ittihamını müdafiə etmək; məhkəmə qərarlarından protest vermək səlahiyyəti də göstərilmişdir.

Həmin Qanunun 27-ci maddəsinə görə, prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir. Protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur.

İnzibati xətalara dair işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədləri İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində konkret inzibati xəta növləri üzrə icraatın prokuror tərəfindən başlanması müəyyən edilmişdir. Həmin maddəyə görə, bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 531, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 595.2, 596, 601 və 606.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.

Həmin Məcəllənin 99.1 və 99.2-ci maddələrində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından və təşkilatlarından və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi göstərilmişdir. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır.

Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır (İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin birinci cümləsində sadalanan inzibati xətaların təhlili göstərir ki, dövlət orqanları və ya təşkilatları, habelə onların vəzifəli şəxsləri tərəfindən üzərlərinə qoyulmuş funksiyaların yerinə yetirilməsi zamanı dövlət mənafelərinə, insanların hüquq və azadlıqlarına zərər vuran inzibati xəta törədildikdə prokuror bu inzibati xətalar üzrə icraatın başlanması haqqında qərar qəbul edir.

Məcəllənin 54.4-cü maddəsinə müvafiq olaraq, prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.

Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi prokurora qanunçuluğun təmin edilməsi məqsədilə Məcəllənin 99.1-99.3-cü maddələrində nəzərdə tutulmuş hallarda da inzibati xəta haqqında iş üzrə icraatın başlanması və ya bu icraatın başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək hüququ vermişdir.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsində qeyd edilir ki, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.

Eyni zamanda, inzibati xətalar qanunvericiliyi prokurorun inzibati xətalara dair işlər üzrə məhkəmə icraatında iştirakının hədlərini dəqiq müəyyən etmişdir.

Belə ki, Məcəllənin 54.3-cü maddəsinə görə, prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.

Göründüyü kimi, prokurorun digər hüquqları ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsində daha üç hüququ nəzərdə tutulmuşdur: inzibati xətalara dair işlərin məhkəmədə baxılmasında iştirak etmək; işin baxılması zamanı rəy və ya vəsatət vermək; inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək.

Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin prokurorun səlahiyyətlərini nəzərdə tutan 54.1-ci maddəsi və prokurorun hüquqlarını müəyyən edən 54.3-cü maddəsi bir-biri ilə sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan müddəalardır.

Belə ki, prokuror yalnız inzibati xətalar haqqında işlər üzrə icraatı başladıqda (qərar qəbul etdikdə) həmin işə məhkəmədə baxılmasında iştirak etmək, rəy və ya vəsatət vermək, nəticə ilə razılaşmadıqda həmin iş üzrə çıxarılmış məhkəmə qərarından və ya qərardadından protest vermək hüququ əldə edir.

Bununla yanaşı, prokurorun məhkəmə qərarlarından protest vermək hüququ həmin Məcəllənin 128.1-ci maddəsində də müəyyən edilmişdir. Bu normaya görə, inzibati xəta haqqında iş üzrə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərhinə dair” 2 noyabr 2016-cı il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, həmin Məcəllənin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə həmin işlər üzrə qəbul olunmuş məhkəmə qərarından və ya qərardadlarından yuxarı instansiya məhkəməsinə protest verə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi ölkəmizdə yeni Konstitusiyanın qəbulundan sonra həyata keçirilən məhkəmə-hüquq islahatlarına da uyğun gəlir. Belə ki, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyətin tələblərinə cavab verən və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktları, o cümlədən Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar və sair Məcəllələr qəbul edilmişdir. Yeni qanunvericilikdə əvvəlki sovet qanunvericiliyinin bir çox müddəalarından imtina olunmuş, prokuror nəzarəti institutunun mahiyyəti dəyişdirilmişdir.

Mülki mühakimə icraatında prokurorun iştirakı məhdudlaşdırılaraq yalnız xüsusi icraat işləri üzrə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 306.3-cü maddəsinə görə, dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə və daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə ərizə verə bilər.

Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

Prokuror yuxarıda göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa məhkəmə aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin 357.3-cü maddəsinə müvafiq olaraq, prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

Cinayət Prosessual Məcəllənin 383.2-ci maddəsinə əsasən isə apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir.

Qeyd olunmalıdır ki, qanunverici prokurorluq orqanlarının fəaliyyətini ifadə etmək üçün “prokuror nəzarəti” terminindən istifadə etsə də, həmin terminin məzmununu açıqlamamışdır. Lakin prokuror nəzarətinin mahiyyəti və hədləri konkret olaraq sahəvi qanunvericilik aktlarında, baxılan məsələ ilə bağlı isə İnzibati Xətalar Məcəlləsində müəyyən edilmişdir.

Prosessual qanunvericilik, bir qayda olaraq, məhkəmə aktlarından şikayətin və ya protestin verilməsini şəxsin prosesdə tərəf olmasından asılı etmişdir. İnzibati xətalara dair işlər üzrə prokurorun protest vermək hüququ digər prosessual qanunvericiliklərdə olduğu kimi onun həmin prosesdə iştirakı ilə əlaqələndirilmişdir.

Göründüyü kimi, inzibati xətalar, mülki və cinayət prosessual qanunvericiliyin, eləcə də “Prokurorluq haqqında” Qanunun normaları prokurorun məhkəmə qərarlarından protest vermək hüququnu yalnız onun məhkəmədə konkret işin baxılmasında iştirakı ilə şərtləndirir.

Bununla yanaşı qeyd olunmalıdır ki, 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Cinayət Prosessual Məcəlləyə xüsusi icraatlar qaydasında “Məhkəmə nəzarətinin həyata keçirilməsi” adlı LII fəsil əlavə edilmişdir.

Cinayət Prosessual Məcəllənin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

Məhkəmə nəzarəti, eyni zamanda, “Prokurorluq haqqında” Qanunun 45-ci maddəsində də əksini tapmışdır. Həmin maddəyə əsasən, Konstitusiyada nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qaydada və hallarda məhkəmənin qərarına əsasən yol verilir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik aktlarını təhlil edərək belə qənaətə gəlir ki, inzibati xətalara dair işlər üzrə prokuror nəzarəti əvvəlki qanunvericilikdən fərqli olaraq heç də məhkəmələrin fəaliyyətinə, məhkəmələr tərəfindən inzibati xətalara dair işlərə baxılması zamanı Konstitusiyanın və qanunların tətbiqinə və icrasına nəzarət kimi qəbul edilməməlidir.

Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan Konstitusiyanın və qanunların tətbiqinə və icrasına prokuror nəzarəti əsasən inzibati xətalara dair işlər üzrə icraatla bağlı müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əhatə etməklə bu fəaliyyətin həyata keçirilməsi zamanı yol verilmiş qanun pozuntularının vaxtında aradan qaldırılması üçün tədbirlərin görülməsini ehtiva edir.

Analoji məsələ üzrə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 24.6-cı maddəsi müəyyən etmişdir ki, Rusiya Federasiyasının Baş Prokuroru və onun tərəfindən təyin edilən prokurorlar öz səlahiyyətləri dairəsində inzibati xətalara dair işlər üzrə icraatda, məhkəmənin icraatında olan işlər istisna olmaqla, Konstitusiyanın və qanunların tətbiqinə və icrasına nəzarəti həyata keçirirlər.

Göründüyü kimi, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində olduğu kimi Rusiya Federasiyasının qanunvericiliyində də prokuror nəzarəti məhkəmə icraatında olan işləri əhatə etmir.

Lakin Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyindən fərqli olaraq, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsi prokurorun işdə iştirak edib-etməməsindən asılı olmayaraq inzibati xətalara dair iş üzrə qərarlardan protest vermək hüququnu nəzərdə tutmuşdur (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 25.11-ci maddəsi).

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, prokurorun iştirak etmədiyi inzibati xətalara dair işlər üzrə çıxarılmış məhkəmə qərarlarından protest vermək hüququnun tanınması Konstitusiyanın 127-ci maddəsində nəzərdə tutulan hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin şərtləri, eləcə də tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinin pozulması və onların hüquqlarına, habelə məhkəmələrin müstəqil şəkildə fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilər.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə bir daha çatdırır ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbeh tətbiq edilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, daxil olmuş materiallara qanunvericiliyə əməl olunmaqla obyektiv və qərəzsiz baxmalı, onların əsassız geri qaytarılmasından çəkinməli, məhkəmə qərarı və qərardadlarından verilmiş apellyasiya şikayətlərinin (protestlərinin) vaxtında yuxarı instansiya məhkəməsinə göndərilməsini təmin etməlidirlər. Eləcə də qeyd olunmalıdır ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin göstərilən qərardadından inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməklə öz mövqeyini müdafiə edə bilərdi.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir. 

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                  Fərhad Abdullayev