ANA SƏHİFƏ » Qərarlar » 29.11.16 G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

29 noyabr 2016-cı il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Gülnarə İsmayılzadənin nümayəndəsi Dünyamin Novruzovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının böyük məsləhətçisi Nərgiz Ocaqverdiyeva və hakim köməkçisi Vahid Hacıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ:

 

Gülnarə İsmayılzadə  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və iş materiallarından məlum olur ki, Oktyabr Mustafayev 27 aprel 2011-ci il tarixində xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi, ev 57/54, 44 saylı mənzili qızı G.İsmayılzadəyə vəsiyyət etmişdir. Vəsiyyətnaməyə əsasən həmin mənzil satıldığı təqdirdə mənzilin dəyərinin 60%-i G.İsmayılzadəyə, 40%-i isə digər qızı Leyla Fərzəliyevaya çatmalıdır. Həmin vəsiyyətnamə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru (bundan sonra – 12 saylı Dövlət Notariat Kontoru) tərəfindən təsdiq olunmuşdur.

O.Mustafayev 19 mart 2013-cü il tarixində vəfat etmişdir. G.İsmayılzadə 22 aprel 2013-cü il tarixində, L.Fərzəliyeva isə 30 aprel 2013-cü il tarixində 12 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək, ataları O.Mustafayev vəfat etdiyindən miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.

12 saylı Dövlət Notariat Kontoru tərəfindən G.İsmayılzadəyə ünvanlanmış 1 may 2013-cü il tarixli, 452 saylı məktubda bildirilmişdir ki, vəsiyyətnamənin məzmunu aydın olmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də G.İsmayılzadəyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

Bundan sonra G.İsmayılzadə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 5 avqust 2013-cü il tarixli qərarı ilə G.İsmayılzadənin iddiası təmin edilmiş, O.Mustafayev tərəfindən 27 aprel 2013-cü il tarixində tərtib edilmiş vəsiyyətnaməyə əsasən miras mənzilə dair G.İsmayılzadənin adına vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi 12 saylı Dövlət Notariat Kontoruna həvalə edilmişdir.

İnzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən L.Fərzəliyevanın apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli qərarında L.Fərzəliyevanın miras əmlakda məcburi payının olması dəlili ilə bağlı qeyd edilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə tərəfindən deyil, cavabdeh tərəfindən tərtib edildiyindən, üçüncü şəxsin miras əmlakdakı məcburi payının olub-olmadığını aydınlaşdırmaq cavabdehin səlahiyyətində olduğundan həmin dəlilə görə iddia rədd edilə bilməz.

Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95 və 104-cü bəndlərinə istinadən əsaslandırmışdır.      

Sonradan L.Fərzəliyeva məcburi miras payın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1193, 1194, 1195 və 1196-cı maddələrinə əsaslanaraq, miras əmlakdan ona düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə L.Fərzəliyevanın iddia ərizəsi təmin edilmiş, 12 saylı Dövlət Notariat Kontoru tərəfindən G.İsmayılzadənin adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi, ev 57/54, 44 saylı mənzildə L.Fərzəliyevanın 1/4 hissədən ibarət məcburi payı, G.İsmayılzadənin 3/4 hissədən ibarət payının müəyyən edilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2015-ci il tarixli qətnaməsi ilə G.İsmayılzadənin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 15 aprel 2015-ci il tarixli qərarı ilə G.İsmayılzadənin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

G.İsmayılzadə konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tələblərinə əməl olunmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.3 və 418.1-ci maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən onun Konstitusiyanın 29-cu maddəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları, habelə ədalət mühakiməsinin əsas şərti olan hüquqi müəyyənlik prinsipi pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan hüquqları özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin III hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

Mülki Məcəllədə təsbit olunmuş vəsiyyət azadlığı prinsipinə əsasən şəxsin:

- vəsiyyətnaməni tərtib etmək və ya etməmək (Mülki Məcəllənin 1166 və 1168-ci maddələri);

- istənilən şəxsə, həm qanun üzrə vərəsələr sırasına daxil olan, həm də digər şəxslərə vəsiyyət etməklə, həmçinin vəsiyyətnamədə vərəsələrin payını istənilən şəkildə müəyyən etməklə mülki dövriyyədən çıxarılmış əmlak istisna olmaqla hər hansı əmlakına dair (o cümlədən gələcəkdə əldə edəcəyi əmlaka dair) istənilən şəkildə, yəni bütövlükdə əmlaka dair və ya onun müəyyən hissəsinə dair sərəncam vermək (Mülki Məcəllənin 1170-ci maddəsi);

- qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etmək ( Mülki Məcəllənin 1176-cı maddəsi);

- vərəsələrə onlardan birinin və ya bir neçəsinin xeyrinə olan əmlak xarakterli hər hansı öhdəliyin icrasını və ya ümumi fayda daşıyan məqsədin həyata keçirilməsi üçün həm əmlak, həm də qeyri-əmlak xarakterli hər hansı hərəkəti etməyi həvalə etmək (Mülki Məcəllənin 1205-ci maddəsi).

Qeyd olunmalıdır ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır və vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edir.

Buna əsasən vəsiyyət edən vəsiyyətnamədə əks olunmuş qərarının motivini izah etməyə, həmçinin vəsiyyətnamənin mövcudluğu barədə, onun məzmunu, dəyişikliklər və ya ləğvi haqqında kiməsə məlumat verməyə borclu deyildir.

Digər tərəfdən, vəsiyyət azadlığı yalnız mirasda məcburi pay hüququ ilə  məhdudlaşdırıla bilər (Mülki Məcəllənin 1193-cü maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları).

Həmin Qərarlarda vərəsəlik hüququnda məcburi payın mahiyyəti və əhəmiyyəti ilə bağlı qeyd edilmişdir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır.

Göründüyü kimi, Mülki Məcəllə ilə bir tərəfdən şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, digər tərəfdən isə ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamədə mübahisəli mənzilin satıldığı təqdirdə əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsi şərtini vəsiyyət tapşırığı kimi qiymətləndirərək hesab etmişdir ki, bu tapşırıq gələcəkdə baş verə biləcək hadisə ilə bağlı olduğundan, hazırda iddiaçının mirasda məcburi pay hüququnun tanınmasının qarşısını ala bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu məhkəmənin bu mövqeyi ilə əlaqədar hesab edir ki, vəsiyyət tapşırığı araşdırılarkən vəsiyyət edən tərəfindən qəbul edilmiş qərar ədalətlilik, ağlabatanlıq, məntiqlilik və əsaslılıq ünsürləri baxımından qiymətləndirilməməlidir. Bu səbəbdən vəsiyyətnamənin şərh edilməsi zamanı vəsiyyət edənin iradəsinin əsaslılığı deyil, onun əsl mənası müəyyən edilməlidir.

Mülki Məcəllənin 1205-ci maddəsinə əsasən, vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı - leqat).

Mülki Məcəllədə vərəsəlik tapşırığının predmeti, onun icra hədləri, icra müddəti, icrasına xitam verilməsi, icrasından azad edilməsi və s. məsələləri tənzimləyən müvafiq normalar müəyyən edilmişdir (Mülki Məcəllənin 1206, 1209, 1211, 1213, 1217 və sair maddələri).

Nəzərə alınmalıdır ki, vəsiyyət tapşırığı birtərəfli əqd olmaqla, vəsiyyət tapşırığının icrası həvalə edilmiş vərəsə ilə həmin tapşırığı alan arasında öhdəlik hüquq münasibətlərini yaradan hüquqi faktdır. Belə ki, vəsiyyət tapşırığı icrası həvalə edilmiş vərəsə üçün həmin tapşırığın icrası üzrə öhdəlik yaradır, lakin bu öhdəlik vəsiyyətnamədən deyil, miras əmlak üzrə vərəsəliyin qəbul edilməsi faktından irəli gəlir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1213-cü maddəsinə əsasən, vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik iddia müddəti ərzində icra olunmasını tələb edə bilər.

Mülki Məcəllənin 1214-cü maddəsinə müvafiq olaraq, vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq hüququ da olduqda, o, vəsiyyət tapşırığını yalnız vəsiyyət edilmiş əmlakın məcburi paydan əlavə aldığı hissəsi həddində icra edir.

Mülki Məcəllənin 1198-ci maddəsinə görə, məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir.

Həmin maddənin məzmunundan görünür ki, həm mirasdan məcburi pay almaq, həm də vəsiyyət tapşırığı üzrə əmlak əldə etmək hüququ əldə etmiş şəxs, yalnız vəsiyyət tapşırığından imtina etdikdə məcburi payı tam həcmdə ala bilər.  

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məcburi pay almaq hüququ olan şəxsə həm məcburi pay, həm də vəsiyyət tapşırığı üzrə miras əmlakın verilməsi, həmin şəxsin məcburi payın qanunla müəyyən edilmiş dəyərindən artıq pay almasına səbəb olar. Bu isə vəsiyyətnamə üzrə digər vərəsələrə miras əmlakdan çatan payın qeyri-mütənasib şəkildə azalmasına gətirib çıxara bilər. Məhz bütün vərəsələrin miras əmlakdan onlara çatan payı tam həcmdə almaq hüququnun təmin edilməsini əsas götürərək, qanunverici Mülki Məcəllənin 1198-ci maddəsində göstərilən xüsusi qaydaları müəyyən etmişdir.  

Apellyasiya instansiyası məhkəməsi isə mülki işin vəsiyyətnamənin vəsiyyət tapşırığı hissəsinə dair hər hansı maddi hüquq normasını tətbiq etməmiş, Mülki Məcəllənin 1198-ci maddəsinin müddəalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında olduğu kimi bir daha vurğulayır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa və mütənasibliyə riayət olunsun.

Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1198-ci maddəsinin tətbiq edilməməsi mülki işin qanuna uyğun olmayan tərzdə həll edilməsinə və nəticədə G.İsmayılzadənin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur.

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. 

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

 Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Ərizəçinin apellyasiya şikayətinin digər dəlili onunla bağlı olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əhəmiyyət verilmədən G.İsmayılzadəyə notarius tərəfindən verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. 

Apellyasiya instansiyası məhkəməsi isə ərizəçinin apellyasiya şikayətində göstərilən dəlillərinə hər hansı münasibət bildirməməklə və hüquqi qiymət verməməklə Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1, 218.1 və 392.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. 

Mülki Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmanın hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddi hüquq normalarına gəldikdə isə Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Göstərilənlərlə yanaşı xüsusi olaraq qeyd olunmalıdır ki, ərizəçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirilməməsi göstərilsə də, kassasiya instansiyası məhkəməsi bu məsələyə ümumiyyətlə toxunmayaraq, iş üçün əhəmiyyət kəsb edən həmin dəlilə hüquqi qiymət verməmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılma yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun K.Bünyatovun şikayəti üzrə 27 dekabr 2007-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.  

Beləliklə, G.İsmayılzadənin kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 15 aprel 2016-cı il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, L.Fərzəliyevanın cavabdeh G.İsmayılzadəyə qarşı məcburi miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarı Konstitusiyanın  29-cu maddəsinin VII hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu  

 

QƏRARA  ALDI:

 

1. L.Fərzəliyevanın cavabdeh G.İsmayılzadəyə qarşı məcburi miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

  

Sədr                                                                                      Fərhad  Abdullayev