ANA SƏHİFƏ » Qərarlar » 20.10.16 “Azərbaijan İnternational Consultinq Company” MMC şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 15/09/15l tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Azerbaijan İnternational Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin  şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

20 oktyabr 2016-cı il                                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçilər “Azerbaijan İnternational Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin  nümayəndəsi Habil İsgəndərovun və “Azərbaycan Kredit Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərgar Səfərəliyevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim köməkçisi Günel Tanrıverdiyevanın,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Azerbaijan İnternational Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərbaycan Kredit Bankı” ASC) Azərbaycan Respublikası Vegilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinə (bundan sonra – Xüsusi Rejimli Vergi Xidməti Departamenti) qarşı 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 39.671.81 manat əsas borcun, 19.835.890 manat məbləğində maliyyə sanksiyasının və həmin borca görə hesablanmış faizlərin ümidsiz borc hesab edilərək iddiaçının şəxsi hesabından silinməsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilmiş, iddiaçıya hesablanmış əsas borc, maliyyə sanksiyası və faizlər ümidsiz borc hesab edilərək onun şəxsi vərəqəsindən silinməsi cavabdehə həvalə edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 fevral 2015-ci il tarixli qərarı ilə Xüsusi Rejimli Vergi Xidməti Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 15 sentyabr 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və həmin borca görə hesablanmış faizlərin ümidsiz borc hesab edilərək silinməsinin cavabdehə həvalə edilməsinə dair “Azərbaycan Kredit Bankı” ASC-nin iddiası təmin olunmamışdır.

Ərizəçi “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Azerbaijan İnternational Consulting Company” MMC) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul olunmuş qərarın Azərbaycan Respublikası Konstitusiyasının  (bundan sonra – Konstitusiya) 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416-418-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 36.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Vergi orqanları qanunun bu tələbini pozaraq mənfəət vergisi üzrə yoxlama 2009-2011-ci illəri əhatə etməli olduğu halda, 2008-2010-cu illəri əhatə etmişdir.

Bundan başqa şikayətdə göstərilmişdir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Ərizəçi hesab edir ki, 2008-ci il üçün hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə tutulma müddəti bitdiyindən həmin borclar ümidsiz borc kimi silinməlidir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Xüsusi Rejimli Vergi Xidməti Departamentinin 13 yanvar 2012-ci il tarixli qərarına əsasən “Azərbaycan Kredit Bankı” ASC-nin 2008-ci ilin 4-cü rübündn 2011-ci ilin 4-cü rübünədək olan fəaliyyət dövrünün növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə görə 7 avqust 2012-ci il tarixli vergi yoxlama aktı, 24 sentyabr 2012-ci il tarixdə isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən 2008-ci il üçün mənfəət vergisi üzrə iddiaçıya 39.671.81 manat əsas borc, 19.835.90 manat məbləğində maliyyə sanksiyası və həmin borca görə faizlər hesablanmış, həmin məbləğ iddiaçının şəxsi hesabına işlənilmişdir.

İşdə olan və konstitusiya icraatı zamanı təqdim olunmuş məhkəmə aktlarından göründüyü kimi, “Azərbaycan Kredit Bankı” ASC 2012-ci ildə məhkəməyə müraciət edərək 7 avqust 2012-ci il tarixli aktın ləğv edilməsini, şəxsi hesabından silinmiş 39.819.31 manat məbləğində pulun bərpa edilərək qaytarılmasını xahiş etmişdir.

İddiaçı 7 noyabr 2012-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Rejimli Vergi Xidməti Departamentinin səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş 7 avqust 2012-ci il tarixli aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 24 sentyabr 2012-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, vergi yoxlamasının nəticələrinə dair akt və məsuliyyətə cəlb edilmə haqqında qərar ləğv edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2013-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2013-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilmiş, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar qismən, 2009-2010-cu illər üzrə hesablanmış 223.070.25 manat mənfəət vergisi və ona tətbiq edilmiş 111.535.10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.

Beləliklə, göstərilənlərdən müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2013-cü il tarixli qərarı ilə vergi orqanının “Azərbaycan Kredit Bankı” ASC-nin məsuliyyətə cəlb edilməsi haqqında qərarı qismən əsaslı hesab edilərək, 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləği qüvvədə saxlanılmışdır.

Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin tələblərinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Məhz bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair işə baxarkən düzgün nəticəyə gəlmişdir ki, mübahisə olunan dövrlə bağlı 2013-cü ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmuş və  onun nəticələri şübhə altına alına bilməz.       

Bundan sonra “Azərbaycan Kredit Bankı” ASC 2014-cü ildə vergi borcunun ləğv edilməsinə dair iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia tələbi məhkəmənin 17 mart 2014-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. “Azərbaycan Kredit Bankı” ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2014-cü il tarixli və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2014-cü il tarixli qərardadları ilə təmin edilməmişdir.

Bundan başqa “Azərbaycan Kredit Bankı” ASC  Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2013-cü il tarixli qərarının yeni açılmış hallara əsasən qismən ləğv edilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmiş, ərizə apellyasiya instansiyası məhkəməsinin 24 aprel 2014-cü il tarixli qərardadı ilə təmin edilməmiş və bu qərardad Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17 iyun 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

 “Azərbaycan Kredit Bankı” ASC 2014-cü ildə də 2008-ci il üçün hesablanmış borcun ümidsiz hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və qeyd edildiyi kimi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

Göründüyü kimi, 2012-ci ildən 2015-ci ilin sentyabr ayına qədər 2008-ci il üçün hesablanmış vergi məbləği üzrə ərizəçinin ayrı-ayrı tələbləri məhkəmə araşdırmalarının predmeti olmuş və bu dövrdə cavabdeh obyektiv səbəblərdən həmin borcun tutulmasını tələb edə bilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin keçməsinə dair ərizəçinin dəlilləri əsaslı sayıla bilməz.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair 15 sentyabr 2015-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu  

 

QƏRARA  ALDI:

 

1. “Azərbaycan Kredit Bankı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vegilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinə qarşı 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair inzibati iş üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilsin.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                  Fərhad Abdullayev