ANA SƏHİFƏ » Qərarlar » 04.10.16 “Savalan” ASC-in şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09/02/16-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

  

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

   

QƏRARI  

 

“Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

4 oktyabr 2016-cı il                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

ərizəçi “Savalan” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Fazil Babanlı və onun nümayəndəsi Taleh İbrahimovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın,

 ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Firuzə Mirzəyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Savalan” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Savalan” ASC) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “Torpaq sahələrinin ayrılması haqqında” 17 noyabr 1978-ci il tarixli qərarına əsasən “Savalan” ASC-yə ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, 1-ci Önünə küçəsi, ev 19 ünvanında yerləşən 95214,0 kv.m torpaq sahəsi üzərində “Savalan” ASC-nin istifadə hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, mübahisəli torpaq sahəsi üzərində “Savalan” ASC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 iyul 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 9 fevral 2016-cı il tarixli qərarı ilə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, “Savalan” ASC-nin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə iddiası təmin edilməmişdir.

“Savalan” ASC-nin baş direktoru Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda göstərilən qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayətdə göstərilir ki, kassasiya instansiyası məhkəməsinin qərarı Konstitusiyanın 26-cı maddəsinin, 60-cı maddəsinin I hissəsinin, Azərbaycan Respublikası Mülki, Torpaq, İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) bir sıra normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “Torpaq sahələrinin ayrılması haqqında” 43/694 saylı 17 noyabr 1978-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Prodolnaya küçəsi, məhəllə 2021 ünvanında “Qırmızı Oktyabr” yumşaq mebel sexinin faktiki istifadəsində olan 14 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. Inşaat pasportunda və plan-ölçüdə “Qırmızı Oktyabr” mebel sexinin yerləşdiyi torpağın ümumi sahəsi 14 ha göstərilsə də, çek auksionlarında səhmləri satılacaq “Savalan” ASC haqqında məlumata əsasən, cəmiyyətin faktiki istifadəsində olan torpaq sahəsi 104409,0 kv.m-dir. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş “Qırmızı Oktyabr” mebel fabrikinə sexlərin tikinti ilə birlikdə rekonstruksiyası üçün torpaq sahələrinin ayrılması barədə 1978-ci ildə inşaat pasportu verilmişdir. Həmin torpaq sahəsi 1978-ci ildən hal-hazıradək cəmiyyətin qanuni istifadəsində və sahibliyindədir. Sonradan “Qırmızı Oktyabr” mebel fabrikinin adı dəyişdirilərək  “Azərmebelsənaye” Dövlət Konserninin “Savalan” mebel fabriki olmuşdur. Dövlət Əmlak Komitəsinin 10 noyabr 1997-ci il tarixli 998 saylı sərəncamına əsasən, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1997-ci il tarixli 573 saylı Sərəncamına müvafiq olaraq qərara alınmışdır ki, keçmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında, bu sərəncama əlavədə verilən istehsal sahələri istisna olmaqla, “Savalan” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmış, onun Nizamnaməsi və özəlləşdirilmə planı (emissiya prospekti) təsdiq edilmiş və sonradan “Savalan” ASC-nin səhmlərinin 100%-i özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrinin 16 fevral 2011-ci il tarixli çıxarışına əsasən, “Savalan” ASC 5 yanvar 1998-ci il tarixində qeydiyyata alınmışdır. Uzun illərdir cəmiyyətin istifadəsində olan, qanuna uyğun olaraq cəmiyyətə ayrılmış torpaq sahəsi üzərində “Savalan” ASC-nin istifadə hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yarandığından, bu barədə ərizə ilə DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, lakin ərizə təmin edilməmişdir.

DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi “Savalan” ASC-nin ərizəsini təmin etməyərək səbəb kimi, bəzi sənədlərin təqdim olunmamasını, təqdim olunmuş sənədlərdə ziddiyyətin mövcud olmasını, ASC-nin faktiki istifadəsində olan torpaq sahəsinin azalmasına dair sənədin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi) ilə bağlanmış icarə müqaviləsinin olmamasını göstərmişdir.

Birinci və apellyasiya instansiyası məhkəmələri belə nəticəyə gəlmişlər ki, torpaq sahəsi müvafiq qərar əsasında “Savalan” ASC-nin daimi istifadəsinə verilmiş və bu zaman ASC-nin torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə torpaq icarə müqaviləsinin bağlanmasına zərurət olmamışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün icra hakimiyyəti orqanının qərarı ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanan icarə (istifadə) müqaviləsinin olması da əsas şərtdir. Kassasiya instansiyası məhkəməsi belə müqavilənin olmamasını əsas götürərək, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmiş və iddianı təmin etməmişdir.

Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada aparılır.    

  Buna görə Konstitusiya Məhkəməsinin Plenumu göstərilən qanunvericilik aktlarının məsələyə aid normalarının təhlil edilməsini zəruri hesab edir.

  Göstərildiyi kimi, kassasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün icra hakimiyyəti orqanının qərarı ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanan icarə (istifadə) müqaviləsinin olması da əsas şərtdir.

  Qeyd edilməlidir ki, həmin Qanunun 19-cu maddəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) normalarına əsaslanır.

  Belə ki, Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən,  dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

Göründüyü kimi, bu normaya görə torpaq üzərində icarə və istifadə hüquqlarının yaranması üçün tərəflər arasında yazılı bağlanmış müqavilənin olması əsas şərtdir.

Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir.

 Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 noyabr 1978-ci il tarixli qərarı ilə torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır.

Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi.

Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir.

Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 

Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.

İş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair 17 noyabr 1978-ci il tarixli qərarını (aktı) cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir.

“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Iddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 17 dekabr 1978-ci il tarixli qərarı həmin torpaq üzərində “Savalan” ASC-nin hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır.     

Iş üzrə cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın səbəbi kimi səhmdarların ümumi yığıncağının protokolundan çıxarışın təqdim olunmaması, təqdim olunmuş sənədlərdə ərazinin ümumi sahəsinin fərqli göstərilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış icarə müqaviləsinin təqdim edilməməsi, ərazinin hazırda azalması, ərazidən yüksək gərginlikli elektrik, kommunal-boru və dəmir yolu xəttinin keçməsi göstərilmişdir.

Kassasiya instansiyası məhkəməsi iş üzrə cavabdehin hərəkətlərini qanuni hesab etmişdir.

Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsinin tələb olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə ziddiyyət yaradır.

Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri  müəyyən edilməmişdir.

“İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır.

Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 

Lakin kassasiya instansiyası məhkəməsi qanunun bu tələblərinə əməl etməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərini pozaraq, iş üzrə maddi hüquq normalarının tələblərini düzgün təfsir və tətbiq etməmiş, nəticədə bu, Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Savalan” ASC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Savalan” Açıq Səhmdar Cəmiyyətinin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinin tələblərinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

        

Sədr                                                                                       Fərhad  Abdullayev