ANA SƏHİFƏ » Qərarlar » 03.10.16 S.Yaqubovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

S.Yaqubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

3 oktyabr 2016-cı il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Səbirə Mehdi qızı Yaqubovanın nümayəndəsi Telman Qasımovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Yaqubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

S.Yaqubova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 5 sentyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və iş materiallarından məlum olur ki, iddiaçılar Nəzakət Pospix, Xatirə Məmmədova və digərləri cavabdehlər S.Yaqubovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra – ƏMDK) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli torpaq sahəsinin iddiaçıların ümumi istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər.

İddia onunla əsaslandırılmışdır ki, ƏMDK ilə S.Yaqubova arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 30 “B” ünvanında yerləşən 283,4 kv.m torpaq sahəsinə dair 25 fevral 2010-cu il tarixli 2940 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin torpaq sahəsində müvafiq tikinti işlərinin aparılmasına icazə verilmiş və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi) tərəfindən 25 fevral 2011-ci il tarixində bu tikiliyə S.Yaqubovanın mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır. Lakin bu torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və onun üzərində inşa ediləcək tikiliyə hüququn qabaqcadan qeydiyyatı qaydasında qeydiyyata alınması qanunvericiliklə nəzərdə tutulmuş qaydaya riayət olunmadan həyata keçirilmişdir. Belə ki, mübahisələndirilən müqavilə üzrə cavabdehə ayrılan torpaq sahəsi Bakı şəhər Nəsimi Rayon Bələdiyyəsinin ərazisində yerləşən və qonşu binaların sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsidir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar N.Pospix və digərlərinin ƏMDK ilə S.Yaqubova arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisələndirilən torpaq sahəsinin həmin ünvanda yerləşən binaların sakinlərinin ümumi istifadəsinə qaytarılmasına dair iddia tələbi rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 5 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsi iddiaçıların ümumi istifadəsinə qaytarılmışdır.

Ali Məhkəmənin MK-nın 3 sentyabr 2012-ci il tarixli qərarı ilə S.Yaqubovanın kassasiya şikayəti qismən təmin olunmuş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 5 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 14 may 2013-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 aprel 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 5 sentyabr 2014-cü il tarixli qərarı ilə iddiaçı X.Məmmədovanın və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayətləri təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul olunmuşdur.

Həmin qərara əsasən, ƏMDK ilə S.Yaqubova arasında bağlanmış 25 fevral 2010-cu il tarixli, 2940 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 30 “B” ünvanında yerləşən 283,4 kv.m torpaq sahəsinin iddiaçıların ümumi istifadəsinə qaytarılması qərara alınmışdır.

Ali Məhkəmənin 17 noyabr 2014-cü il tarixli qərardadı ilə S.Yaqubovanın əlavə kassasiya şikayəti əsassız hesab edilərək Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.

S.Yaqubova konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147.1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 20, 38, 46 və 47-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiyanın və müvafiq qanunvericiliyin dövlət və ya bələdiyyənin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinə dair qaydalarını və əsaslarını tənzimləyən maddi hüquq normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Torpaq Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.

Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən  edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi üzrə ƏMDK ilə ərizəçi arasında 25 fevral 2010-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2010-cu il tarixli sərəncamı ilə həmin torpaq sahəsində müvafiq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Həmçinin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsində inşa ediləcək tikili mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı qaydasında xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 

Göstərildiyi kimi, iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ƏMDK ilə ərizəçi arasında bağlanmış 25 fevral 2010-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ayrılan torpaq sahəsi Bakı şəhər Nəsimi Rayon Bələdiyyəsinin ərazisinin hüdudlarında yerləşir və qonşu binaların sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsidir.

Bununla əlaqədar qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən 3 sentyabr 2012-ci il tarixli qərarında mübahisəli topraq sahəsinin statusu ilə bağlı göstərmişdir ki, hər hansı bələdiyyənin ərazisinin hüdudları daxilində yerləşən torpaq sahələrinin öz statusuna müxtəlif təyinatlı torpaq sahələrinə, o cümlədən dövlətin mülkiyyətində olan torpaq sahələrinə aid olması istisna olunmamalıdır.

Eyni zamanda, kassasiya instansiyası məhkəməsi həmin qərarda iddiaçıların hüquqlarının və yaxud qanunla qorunan mənafelərinin pozulmasını müəyyən etmək üçün cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ümumi istifadədə olan topraq sahəsinə aid olub-olmamasının yoxlanılmasını göstərmişdir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

  Kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan göstərişlərinə uyğun olaraq işə təkrar (ikinci və üçüncü dəfə) baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan onun sərəncamçısı kimi dövlət orqanının müvəkkil etdiyi orqan –  ƏMDK çıxış edir və həmin orqan tərəfindən torpaq sahəsi cavabdehin (konstitusiya işində ərizəçinin) mülkiyyətinə qanunla nəzərdə tutulmuş qaydada verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçılar tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə mübahisəli torpaq sahəsinin Nəsimi Rayon Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi bildirilsə də, işdə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə heç bir sübut olmamışdır. Əksinə apellyasiya instansiyası məhkəməsinin iclasında bələdiyyənin nümayəndəsi bildirmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.

Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş bu hallara uyğun olaraq, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqların onun vahid torpaq fondunu təşkil etməsinə dair Torpaq Məcəlləsinin 9-cu maddəsini və torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət tərəfindən tənzimlənməni nəzərdə tutan həmin Məcəllənin 38-ci maddəsini tətbiq edərək, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun dövlətə məxsus olması qənaətinə gəlmişdir.

Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan torpaqların icarəyə verilməsi haqqında aktlar (qərarlar) qəbul edirlər.   

“Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndinə görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.    

Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu maddi hüquq normalarının tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçməsinə dair hal müəyyən edilməmişdir. 

Mübahisəli torpaq sahəsinin həmin ünvanda yerləşən binaların sakinlərinin ümumi istifadəsində olmasına dair dəlilə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin  sahənin yerləşdiyi ərazinin yaşayış məntəqəsinin baş planına əsasən əhalinin istirahəti və ümumi istifadəsi üçün nəzərdə tutulmasına dair sübut və ya hal müəyyən edilməmişdir.

Belə ki, Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

  Göstərilən maddi hüquq normaları yaşayış məntəqələrinin hər hansı torpaqlarının, o cümlədən əhalinin ümumi istifadəsində olan torpaqların yerləşdiyi ərazinin yaşayış məntəqəsinin baş planına uyğun istifadə edilməsini tələb edir.  

  Apellyasiya Məhkəməsi tərəfindən isə baş plana əsasən mübahisəli torpaq sahəsinin əhalinin ümumi istifadəsində olması müəyyən edilməmişdir.   

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında olduğu kimi xüsusi olaraq vurğulayır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun.

Kassasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən, mübahisəli torpaq sahəsinin dövlətə məxsus olması və sakinlərin ümumi istifadəsində olmaması barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halların nəzərə alınmaması nəticədə mübahisənin torpaq qanunvericiliyinin müddəalarına uyğun həll edilməməsinə gətirib çıxarmışdır. Bu isə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

Prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-ci il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il, 15 sentyabr 2014-cü il və s. tarixli qərarlarında da öz əksini tapmışdır.

Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək  bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa nəticələrə gəlmiş və son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.

Beləliklə, Ali Məhkəmənin MK tərəfindən Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə uyğun olmayan qərarın qəbul olunması S.Yaqubovanın Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçılar N.Pospix, X.Məmmədova və digərlərinin cavabdehlər S.Yaqubovaya və ƏMDK-ya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli torpaq sahəsinin iddiaçıların ümumi istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 5 sentyabr 2014-cü il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. N.Pospix, X.Məmmədova və digərlərinin cavabdehlər S.Yaqubovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli torpaq sahəsinin iddiaçıların ümumi istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədr                                                                                       Fərhad Abdullayev