ANA SƏHİFƏ » Qərarlar » 29.07.16 K.Maraevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
 
K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
29 iyul 2016-cı il                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
­­məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi Khuseyn Maraevin nümayəndəsi Eldar Tanrıverdiyevin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında K.Maraevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
 
K.Maraev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətdən və iş materiallarından məlum olur ki, iddiaçı “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Bank Technique” ASC) cavabdehlər Səbail rayon İcra Şöbəsi, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “Bakı Fond Birjası” QSC), R.Kərimov, üçüncü şəxslər Milli Depozit Mərkəzi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qarşı keçirilmiş hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə “Bank Technique” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək “Bank Technique” ASC-nin iddiası təmin edilmiş, R.Kərimova məxsus “Mehmanxana-Bakı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Mehmanxana-Bakı” ASC)  853036 ədəd hər birinin nominal dəyəri 2 (iki) manat olan sənədsiz adi adlı səhmlərinin Səbail rayon İcra Şöbəsinin sifarişi ilə açıq hərracdan satılması ilə əlaqədar 14.08.2012-ci il tarixində keçirilmiş hərracın qanunsuz hesab edilməsi və həmin səhmlərin Bakı Fond Birjasında satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi qət edilmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarı ilə “Bakı Fond Birjası” QSC-nin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Mehmanxana-Bakı” ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin 27 avqust 2014-cü il tarixli qərardadı ilə K.Maraevin əlavə kassasiya şikayəti əsassız hesab edilərək Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.
K.Maraev Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində göstərmişdir ki,  “Mehmanxana-Bakı” ASC-yə məxsus səhmlərə mülkiyyət hüququ Səbail rayon İcra Şöbəsinin sifarişi ilə 14 avqust 2012-ci il tarixində keçirilən açıq hərracın nəticələrinə görə ona keçmişdir. Həmin hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi haqqında məhkəmə mübahisəsinin olmasından, eləcə də bu mübahisə üzrə hər üç məhkəmə instansiyası tərəfindən çıxarılmış məhkəmə aktlarından xəbəri olmamış, qanunda nəzərdə tutulmuş qaydada məhkəmənin vaxtı və yeri barədə ona məlumat verilməyərək məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.
Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 387.2.4, 416 və 418.4.6-cı maddələri düzgün tətbiq edilməmişdir.
K.Maraev hesab edir ki, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).
Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.
Mülkiyyət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
Bu konstitusiya prinsipləri öz əksini daha geniş şəkildə mülki prosessual qanunvericilikdə tapmışdır.
Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
Mülki Prosessual Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, məhkəmə bildirişi işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 138.3-cü maddəsinə görə, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Habelə, həmin Məcəllənin 168.1-ci maddəsində qeyd olunur ki, hakim iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir.
Qeyd olunduğu kimi,“Mehmanxana-Bakı” ASC-yə məxsus səhmlərə mülkiyyət hüququ Səbail rayon İcra Şöbəsinin sifarişi ilə keçirilən açıq hərracın nəticələrinə görə K.Maraevə keçmişdir.
Hərracı udmuş ərizəçi ilə Mülki Məcəllənin 414.1-ci maddəsinə uyğun müqavilə bağlandığı, o dövrdə həmin Məcəllənin 415-ci maddəsinə müvafiq olaraq hərracın keçirilməsi zamanı bu maddənin tələblərinin pozulmasını təsdiq edən halın müəyyənləşdirilmədiyi nəzərə alınaraq K.Maraevin səhmlər üzərində mülkiyyət hüququ tanınmışdır. Bu isə onun mülkiyyətçi kimi, əldə edilmiş əşyanın sonrakı məhkəmə mübahisələri zamanı müqəddəratının həll edilməsində müvafiq subyektiv hüquqlara malik olmasına dəlalət edir.
Lakin “Mehmanxana-Bakı” ASC-nin səhmdarı olduğu halda, K.Maraev işə tərəf kimi cəlb edilmədən yuxarıda göstərilən məhkəmə qərarları ilə keçirilən hərracın nəticələri ləğv edilmiş və ərizəçi əldə etdiyi mülkiyyətindən məhrum edilmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur.
Belə ki, Mülki Məcəllənin 1077.1-ci maddəsinə uyğun olaraq, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. 
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir.
Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və  qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır.
Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır.
İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır:
-  onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi;
- iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması;
- öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.
İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir.
Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsi ərizəçinin mülkiyyət hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyərək, K.Maraevi məhkəməyə tərəf (maraqlı şəxs) kimi cəlb etməmiş, məhkəmə proseslərində iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməsi qaydalarını pozmuşdur
 Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhv apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmaqla, işə bu məhkəmədə də K.Maraevin iştirakı təmin edilmədən baxılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 aprel 2013-cü il tarixli qətnaməsi ilə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, “Bank Technique” ASC-nin iddiasını təmin etməklə “Mehmanxana-Bakı” ASC-nin səhmdarı olan K.Maraevimülkiyyətindən məhrum etmişdir.
Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsini yoxlayır.
Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosesual Məcəllənin 417.1.3 və 418.1-ci maddələri).
Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bu da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Bank Technique” ASC-nin Səbail rayon İcra şöbəsi, “Bakı Fond Birjası” QSC və digərlərinə qarşı keçirilmiş hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416 və 418.4.6-cı maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
 
Q Ə R A R A    A L D I:
 
 
1. “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon İcra şöbəsi, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti və digərlərinə qarşı keçirilmiş hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.4.6-cı maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
  
Sədr                                                                                                 FərhadAbdullayev