ANA SƏHİFƏ » Qərarlar » 13.07.16 S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30.07.2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

13 iyul 2016-cı il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçilər Sevindik Xəlilov və Ələddin İbrahimovun vəkili Vidadi Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.Xəlilov və Ə.İbrahimovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin vəkilinin, cavabverən orqanın nümayəndəsinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

MÜƏYYƏN ETDİ:

 

 

S.Xəlilov və Ə.İbrahimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Hərbi Kollegiyası) 30 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayətdən və ona əlavə olunmuş materiallardan aydın olur ki, Bakı Hərbi Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmü ilə Anar İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmaqla A.İsmayılova cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin 4 iyun 2013-cü il tarixdən 8 noyabr 2013-cü il tarixədək həbsdə saxlanıldığı və 8 noyabr 2013-cü il tarixdən 10 aprel 2014-cü il tarixədək ev dustaqlığında olduğu müddət ona təyin olunan cəzadan çıxılmaqla qəti olaraq 6 il 8 ay 6 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. A.İsmayılov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir.

Bakı Hərbi Məhkəməsinin göstərilən hökmü ilə Namiq Cəfərov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla N.Cəfərova cinayətlərin məcmusu üzrə qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

Bakı Hərbi Məhkəməsinin qeyd olunan hökmündən S.Xəlilov və Ə.İbrahimov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Həmin şikayətdə onlar bildirmişlər ki, cinayət işi üzrə şahid qismində iştirak etmələrinə baxmayaraq, faktiki olaraq törədilmiş cinayət əməli nəticəsində onlara külli miqdarda maddi zərər vurulmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2014-cü il tarixli məktubu ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual Məcəlləsi) 385 və 386-cı maddələrinin tələblərinə əməl edilməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.

Bakı Hərbi Məhkəməsinin 22 aprel 2014-cü il tarixli məktubu ilə Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsinə istinad edilərək ərizəçilərin apellyasiya şikayəti vermək hüququ olmadığına görə şikayət geri qaytarılmışdır.

S.Xəlilov və Ə.İbrahimov Konstitusiya Məhkəməsinə şikayət verərək Bakı Hərbi Məhkəməsinin 22 aprel 2014-cü il tarixli məktubunun Konstitusiyaya və qanunlara uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Ərizəçilərin qeyd olunan şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Palatası 14 noyabr 2014-cü il tarixli qərardad qəbul etmişdir. Palata həmin qərardadda Konstitusiya Məhkəməsi Plenumunun 5 avqust 2009-cu il tarixli Qərarında şahid qismində iştirak etmiş şəxsin apellyasiya şikayətinin verilməsinin mümkün olması ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə qərarı ilə cinayət prosesində şahid qismində iştirak etmiş şəxsin hüquq və qanuni maraqlarına toxunulduğu halda, həmin şəxsin apellyasiya şikayətinin verilməsinin mümkünlüyü istisna edilmir.     

Bundan sonra Bakı Hərbi Məhkəməsinin 2 fevral 2015-ci il tarixli qərarı ilə iş üzrə şahidlər S.Xəlilov və Ə.İbrahimov tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzürlu səbəbdən buraxıldığına görə bərpa edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1 may 2015-ci il tarixli qərarı ilə Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsinə istinad olunaraq, S.Xəlilov və Ə.İbrahimov tərəfindən Bakı Hərbi Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.

Ali Məhkəmənin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1 may 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçilər S.Xəlilov və Ə.İbrahimov Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarı ilə konstitusiya hüquqlarının pozulduğunu göstərmiş, həmin qərarın qüvvədən düşmüş hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər.

Ərizəçilər hesab edirlər ki, kassasiya instansiyası məhkəməsinin qərarı ilə onların Konstitusiyanın 25, 26, 60, 68 və 71-ci maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsi düzgün şərh edilməmiş, tətbiq edilməli olan Cinayət Prosessual Məcəlləsinin 7.0.43, 87.1, 87.4, 87.6.14, 391.5-ci maddələri tətbiq edilməmişdir. Ərizəçilər həmçinin hesab edirlər ki, işə baxan məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” 29 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 5 avqust 2009-cu il tarixli və “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarlarında müəyyən edilmiş hüquqi mövqeləri nəzərə almamışlar.

Bununla yanaşı, ərizəçilər şikayətdə bildirmişlər ki, cinayət işi ilə əlaqədar məhkəmə proseslərində dəfələrlə zərərçəkən şəxs kimi tanınmalarını tələb etsələr də, heç bir əsas olmadan bundan imtina edilməsi nəticəsində yuxarıda göstərilən hüquqları pozulmuş, eyni zamanda vurulmuş zərəri tələb etmək hüququndan məhrum edilmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən isə məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda əks olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun ayrılmaz tərkib hissəsidir. Bu hüquq bir sıra elementləri əhatə edir və geniş hüquqi məzmuna malikdir.  Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Şikayət vermək hüququ şəxsiyyətin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsidir, dövlət fəaliyyətinin hər hansı sahəsində qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı, dövlət hakimiyyəti orqanları və ya onların vəzifəli şəxsləri ilə münasibətlərə girən hər bir insan üçün təmin olunmalıdır.

Bu hüquq cinayət mühakimə icraatının bütün mərhələlərində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 5  avqust  2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şikayət hər bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək,  digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır. Bununla yanaşı qeyd olunmalıdır ki, obyektivlik nöqteyi-nəzərindən şikayət hətta qanuna uyğun hərəkətlərdən və kifayət qədər əsaslı olan qərarlardan verilə bilər, çünki onların qanunsuzluğu və ya əsassızlığı nəticəsinə gəlmək yalnız müvafiq araşdırma aparıldıqdan sonra mümkündür.

Eyni zamanda, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən müvafiq prosessual qanunvericilik normasının mövcud olmamasına görə verilmiş şikayətin qəbul edilməməsi və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.

Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (hökmünə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda  məhkəməyədək və ya birinci instansiya məhkəməsində icraat zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymət verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində buraxılmış məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır.

Apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması apellyasiya şikayətinin və ya protestinin olduğu zaman mümkündür. Apellyasiya müraciəti etmək hüququnun subyektləri və onların bu hüququnun həcmi Cinayət Prosessual Məcəlləsinin 383.1 və 383.2-ci maddələri ilə tənzimlənir. Hər bir subyekt öz hüquqları barəsində müstəqil sərəncam vermək hüququna malikdir. Belə ki, hökmdən hansı qaydada şikayətin verilməsi (qismən, tam, cinayət prosesinin digər iştirakçıları ilə birlikdə və ya müstəqil olaraq) və bunun üçün hansı əsasların (dəlillərin) göstərilməsi yalnız bu subyektin özündən asılıdır.

 Cinayət Prosessual Məcəlləsinin 9.1.2-ci maddəsinə uyğun olaraq, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Məcəllənin 12.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

Cinayət prosesinin iştirakçılarının dairəsi Cinayət Prosessual Məcəlləsinin II bölməsində açıqlanmışdır. Həmin bölmədə cinayət prosesində iştirak edən şəxslər dörd qrupa bölünmüşdür: ittiham tərəfi (84-89-cu maddələr); müdafiə tərəfi (90-93-cü maddələr); cinayət prosesində iştirak edən digər şəxslər (94-99-cu maddələr); nümayəndələr və hüquq varisləri (100-106-cı maddələr).

Şahidin cinayət prosesində hüquqi vəziyyətini müəyyənləşdirən Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsi bu Məcəllənin “Cinayət prosesində iştirak edən digər şəxslər”dən bəhs edən X fəslinə daxil edilmişdir. Həmin maddədə şahidin cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ birbaşa göstərilməsə də, Məcəllənin 95.6.12-ci maddəsinə görə, onun bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək  hüququ müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, konstitusiya hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ziyan vurulmuş prosessual statusa malik şəxslərin, o cümlədən zərər çəkmiş şəxsin yalnız formal prosessual vəziyyəti deyil, həm də onun faktiki vəziyyəti nəzərə alınmalıdır.

Belə yanaşma, məhkəmələrdən işin tam və hərtərəfli həll edilməsi üçün bütün halların araşdırılmasını, o cümlədən hər hansı proses iştirakçısının baxılan cinayət işi üzrə statusu ilə bağlı irəli sürdüyü dəlillərinə dair əsaslandırılmış qərar qəbul edilməsini tələb edir.  

Lakin sözügedən işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçilərin apellyasiya şikayətlərində cinayət işi üzrə zərərçəkən şəxs kimi tanınmaları barədə irəli sürdükləri dəlillərinə dair heç bir araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir. Bu isə Konstitusiyada və cinayət prosessual qanunvericiliyində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini şübhə altına alır.

Konstitusiya Məhkəməsinin Plenumu artıq formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, cinayət prosesinin iştirakçısı olan şahidlər məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə qərarından şikayət vermək hüququna o halda malikdirlər ki, qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirsin və yaxud  ədalət mühakiməsinə müraciətini çətinləşdirsin.

  Lakin məhkəmələr tərəfindən yuxarıda göstərilənlərin, xüsusilə bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinin nəzərə alınmaması ərizəçilərin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və 68-ci maddəsində təsbit olunmuş huquqlarının həyata keçirilməsini mümkünsüz etmişdir.  

Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki,Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər sırasında şahid göstərilməmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə, Konstitusiya Məhkəməsinin Qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Lakin Konstitusiya Məhkəməsi Palatasının  qərardadı ilə S.Xəlilov və Ə.İbrahimovun şikayətinin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir.                                                               

Kassasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının gəldiyi nəticəni düzgün hesab etməklə yanaşı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin şahidlərin nümayəndəsi ilə birlikdə verdikləri apellyasiya şikayətini hüququ olmayan şəxslər tərəfindən verilmiş şikayət kimi qiymətləndirib öz icraatına qəbul etməkdən imtina etməsi cinayət prosessual qanunvericiliyin tələblərindən irəli gəlir.

Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi konstitusiya şərhini ehtiva etməklə, ümumi və məcburi xarakterli, maddi və prosessual istiqamətli olmaqla, qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir və məhkəmənin qərarlarının əsasını təşkil edir. Həmin mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.         

Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Həmçinin, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.

Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi əvvəlki hüquqi mövqelərinə yalnız Plenum qərarlarında deyil, həmçinin Palata tərəfindən qəbul edilmiş “pozitiv izah yönümlü”qərardadlarında da istinad edilməsi təcrübəsi mövcuddur.

Belə qərardadlarda Konstitusiya Məhkəməsi sorğuda, müraciətdə və ya şikayətdə qaldırılan məsələləri əvvəlki hüquqi mövqeləri nəzərə almaqla qiymətləndirir və bu, nəticə etibarı ilə iş üzrə maddi-hüquq məsələlərinin həllinə yönəlmiş olur (Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq razılaşması üzrə icra vərəqəsinin verilib-verilməməsinin mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadı; Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan  Respublikası Prokurorluğunun 6 may 2011-ci il  tarixli 08/296 saylı sorğusuna dair” 25 iyul 2011-ci il tarixli Qərardadı).

Eyni zamanda, Konstitusiya Məhkəməsi Palatasının qərardadında da faktiki olaraq müəyyən ictimai münasibətləri tənzimləyən hüquqi mövqelər formalaşdırılmışdır (Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli Qərardadı).  

Cinayət prosessual qanunvericiliyində apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsinin əsasları müəyyənləşdirilmişdir (Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi).

Belə əsalardan biri də apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qəbul edilmiş qərardır (Cinayət Prosessual Məcəlləsinin 391.3.5-ci maddəsi).

Lakin kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hazırki cinayət işi üzrə qərarında maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlamamış, əksinə həmin məhkəmə tərəfindən buraxılmış səhvləri təkrarlayaraq Cinayət Prosessual Məcəlləsinin 416.0.20-ci maddəsinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Kassasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasını nəzərə almamış, bu da ərizəçilərin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Xəlilov və Ə.İbrahimovun Bakı Hərbi Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmündənapellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Ali Məhkəmənin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Cinayət Prosessual Məcəlləsinin 416.0.20-ci maddəsinə uygun olmayan hesab edillməli və işə bu Qərara uygun olaraq Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi       

 

 

QƏRARA  ALDI:

 

 

1.Sevindik Xəlilov və Ələddin İbrahimovun Bakı Hərbi Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30 iyul 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 416.0.20-ci maddəsinə uyğun olmayan hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə  yenidən baxılsın.

 2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

 

Sədr                                                                                          Fərhad Abdullayev