ANA SƏHİFƏ » Qərarlar » 28.12.15 T.İdrisovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN  

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

28 dekabr 2015-ci il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

ərizəçi Tariyel İdrisov və onun nümayəndəsi Dünyamin Novruzovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ:

 

 Tariyel İdrisov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İİK) 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Nazim Quliyev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (bundan sonra – Nərimanov Rayon İcra Hakimiyyəti) və üçüncü şəxslər T.İdrisova, Natiq Hacıyevə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 22 may 2008-ci il tarixli 225 saylı sərəncamın (bundan sonra – sərəncam) etibarsız hesab edilməsi, T.İdrisova və N.Hacıyevə məxsus Bakı şəhəri, Həsən Əliyev küçəsi, ev 63/2 ünvanında yerləşən tikilinin sökülməsi barədə iddia tələbi irəli sürmüşdür.  

İddia onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən ünvanda mülkiyyət hüququ üzrə N.Quliyevin adına 85.8 kv.m ümumi, 53.1 kv.m yaşayış sahəsindən ibarət olan iki otaqlı mənzil qeydə alınmışdır. Sərəncama əsasən N.Quliyevin qonşuluğunda yerləşən T.İdrisov və H.Hacıyevin mülkiyyətində olan 1 saylı 1 mərtəbəli ev sökülərək yerində 4 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin evin tikintisinə icazə verilərkən və layihə-smeta sənədləri hazırlanarkən qanunvericiliklə müəyyən olunmuş şəhərsalma norma və qaydalarının tələbləri pozulmuş, tikilən hündür mərtəbəli evin çıxıntıları N.Quliyevin mülkiyyətində olan evin və istifadəsində olan torpaq sahəsinin üstünə çıxarılmışdır. Belə olan halda N.Quliyevin evinə giriş-çıxışı çətinləşmiş, evdən təyinatı üzrə istifadə edilməsi mümkünsüz hala düşmüş və bunun nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

  Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin İİK) 13 avqust 2014-cü il tarixli qərarı ilə N.Quliyevin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı sərəncamın etibarsız hesab edilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi Nərimanov Rayon İcra Hakimiyyətinin tikinti işlərinin aparılmasına dair sərəncam vermək səlahiyyətinin olmaması qənaətinə gələrək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.1-ci maddəsinə əsaslanaraq həmin orqanın sərəncamını etibarsız hesab etmişdir.

  Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 13 avqust 2014-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarı tikilinin sökülməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia mümkün sayılmamışdır.

Ali Məhkəmənin İİK-nin 9 dekabr 2014-cü il tarixli qərarı ilə cavabdeh Nərimanov Rayon İcra Hakimiyyəti, 3-cü şəxslər T.İdrisov və Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayətləri təmin edilməmişdir.

 Ali Məhkəmə iddiaçının öz əmlakından maneəsiz və təhlükəsiz istifadə etmək hüququna müdaxilə olunduğu qənaətinə gələrək, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tətbiq edilən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 19-cu maddəsinə istinad etmiş və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

Ərizəçi şikayətində qeyd etmişdir ki, məhkəmələr iddiaçı tərəfindən qaldırılan iddianı mübahisələndirmə iddiası kimi qəbul etmişlər. Lakin kassasiya instansiyası məhkəməsinin qərarında iddiaya tanınma haqqında iddia növü kimi qiymət verilmişdir. Nəticə etibarilə mübahisələndirmə və tanınma barədə iddialara dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 32, 36 və 38-ci maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi mümkünlük şərtlərinin tələbləri nəzərə alınmamışdır. Bu da öz növbəsində ərizəçinin Konstitusiyanın  60-cı maddəsinin tələblərindən irəli gələn ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.    

Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələ ilə bağlı qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün maddi və prosessual hüquq normaları məcmu şəklində nəzərdən keçirilməlidir.

İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

İnzibati Prosessual Məcəlləyə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi). Bununla yanaşı, Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Birinci instansiya məhkəməsində inzibati icraat İnzibati Prosessual Məcəllənin VIII fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir.

Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir.

İnzibati Prosessual Məcəllənin “Məhkəmə baxışının hədləri” adlanan 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.

Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Prosessual Məcəllənin göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir.

İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır.

İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur.

Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər.

Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə  hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

İş materiallarından göründüyü kimi, iddiaçının 2008-ci ilin avqust ayından aparılan tikinti işləri barədə xəbərdar olması məhkəmələr tətərəfindən müəyyən edilmişdir. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli tikinti işləri ilə bağlı 2008-ci ilin avqust ayından 2011-ci ilin iyun ayına kimi iddiaçının çoxsaylı müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırılmışdır.

Bununla bağlı, T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21).

Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

T.İdrisovun kassasiya şikayəti əsasında inzibati işə baxmış Ali Məhkəmənin İİK apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə lazımi diqqət yetirməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 91 və 96-cı maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, N.Quliyevin Nərimanov Rayon İcra Hakimiyyətinə və digərlərinə qarşı sərəncamın etibarsız hesab edilməsi və tikintinin sökülməsi tələbinə dair iş üzrə qəbul olunmuş Ali Məhkəmənin İİK-nin 9 dekabr 2014-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96-cı maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. N.Quliyevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və digərlərinə qarşı sərəncamın etibarsız hesab edilməsi və tikintinin sökülməsi tələbinə dair iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96-cı maddələrinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

      

Sədr                                                                                   Fərhad  Abdullayev