ANA SƏHİFƏ » Qərarlar » 08.09.00 «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin şərhinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
«Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası
Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin şərhinə dair
 
 
8 sentyabr 2000-ci il                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Ba­bayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova və Ə. Sultanovdan ibarət tərkibdə,
İ.İsmayılovun katibliyi,
maraqlı subyektlər:
Konstitusiya Məhkəməsinə müraciət etmək huququ verilmiş subyektin nümayəndəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi hüquqpozmalarının təhqiqatı və istintaqı baş idarəsinin məhkəmə aidiyyəti üzrə işlərin təşkili şöbəsinin rəisi R.Ağayev;
Sorğu ilə mənafelərinə toxunulan orqanın nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşı Z.Göyüşovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV-cü hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyul tarixli 18/15-83 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri R.Ağayev və Z.Göyüşovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarına baxaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
 «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndində xüsusi razılıq (lisenziya) alınması tələb olunan və belə razılıq (lisenziya) olmadan göstərilən fəaliyyətin nəticəsində gəlir əldə edilməsinə görə rəsmi xəbərdarlıq edilməklə həmin gəlirin məbləği, rəsmi xəbərdarlıqdan sonra  iki il ərzində  buna təkrar yol verildikdə – bu məbləğin iki misli, bundan sonra il ərzində təkrar yol verildikdə – üç misli miqdarında maliyyə sanksiyası  tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Təcrübədə qanunun bu norması tətbiq olunarkən anlaşılmazlığa yol verildiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti sorğuda həmin normanın şərh olunmasını xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü və doqquzuncu bəndlərinin, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin, «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin rəsmi mətnləri vardır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, sorğuda qaldırılan məsələ bilavasitə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi faliyyət növü ilə bağlıdır.
Azad sahibkarlıq fəaliyyəti iqtisadiyyatın formalaşmasının və inkişafının əsas şərtlərindən biridir. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının bir sı­ra normalarında azad sahibkarlığın qorunmasına və inkişafına təminat verilir.
Belə ki, Konstitusiyanın 59-cu maddəsinə görə hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsində təsbit edilmişdir ki, Azərbaycan dövləti iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir.
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuşdur ki, mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliyində sahibkarlığın inkişafına və fəaliyyətinin dövlət tərəfindən müdafiə olunmasına xüsusi diqqət yetirilir.
Bununla yanaşı qanunverici sahibkarın  üzərinə də müəyyən vəzifələr qoymuşdur. Belə ki, «Sahibkarlıq fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsində sahibkarın vəzifəsi kimi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi icazə (lisenziya) alması nəzərdə tutulmuşdur.
«Dövlət vergi xidməti haqqında» Qanunun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndində isə xüsusi razılıq (lisenziya) alınması tələb olunan və belə razılıq (lisenziya) olmadan göstərilən fəaliyyətlə məşğul olmağa görə müəyyən maliyyə sanksiyalarının tətbiq edilməsi müəyyənləşdirilmişdir. Həmin maddədən göründüyü kimi müəssisələrə və vətəndaşlara qanunsuz fəaliyyət göstərməsi nəticəsində gəlir məbləğində maliyyə sanksiyası tətbiq edilməsi birinci hissənin doqquzuncu bəndində də nəzərdə tutulmuşdur. Adı çəkilən bənddə göstərilir ki, müəssisələrə və vətəndaşlara vergi orqanlarında uçota durmadan və ya vaxtında uçota durmadan fəaliyyət göstərilməsinə görə, bu fəaliyyət dövründə əldə edilmiş gəlir məbləğində maliyyə sanksiyaları tətbiq edilir.
Göründüyü kimi yuxarıda göstərilən Qanunun 6-cı maddəsinin birinci hissəsinin üçüncü və doqquzuncu bəndlərində tətbiq olunan sanksiyalar fiziki və ya hüquqi şəxslərin qanunsuz fəaliyyət göstərmələrinin qarşısını almağa yönəlir. Lakin doqquzuncu bənddə əlavə olaraq «bu gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər çıxılmaqla» sözləri göstərildiyi halda, üçüncü bənddə belə dəqiqləşdirmənin aparılması təcrübədə həmin normanın tətbiq edilməsində müəyyən çətinliklər yaradır.
Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, «Dövlət vergi xidməti haqqında» Qanunun bir maddəsinin ayrı-ayrı bəndlərində (6-cı maddənin birinci hissəsinin üçüncü və doqquzuncu bəndləri) müəssisələrə və vətəndaşlara qanunsuz fəaliyyət nəticəsində gəlir əldə edilməsinə görə müxtəlif sanksiyalar tətbiq edilir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsində təsbit edilmiş normativ-hüquqi aktların huquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipinə uyğun deyildir. Bundan başqa maliyyə sanksiyalarının birinci halda bütün gəlir məbləğinə, ikinci halda isə gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər çıxılmaqla tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququ ilə də uzlaşmır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndində nəzərdə tutulmuş «gəlirin məbləği» dedikdə bu gəlirin əldə edilməsinə çəkilmiş xərclər çıxdıqdan sonra qalan gəlir başa düşülməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanunun 65, 66, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A  A L D I:
 
1. «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndində nəzərdə tutulmuş «gəlirin məbləği» dedikdə onun əldə edilməsi üçün çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir başa düşülməlidir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetndə dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
 Sədrlik edən                                                                               Xanlar Hacıyev