ANA SƏHİFƏ » Qərarlar » 03.07.15 S.Ələkbərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

     

 AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

    

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun 

 

Q Ə R A R I 

 

S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının  14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

   

3 iyul 2015-ci il                                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

ərizəçi Səbinə Ələkbərovanın nümayəndəsi Xanlar Aydınbəyovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiriElxan Kazımovun,

mütəxəssislər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsinin baş məsləhətçisi vəzifəsini icra edən Tural Ələkbərovun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin Mülkiyyət mübahisələrinin tənzimlənməsi sektorunun müdiri Cabbar Bayramovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

   

MÜƏYYƏN  ETDİ: 

 

 “KAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra– “KAT LTD” MMC) direktoru S.Ələkbərova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin MK) 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “Qartal” firmasının cavabdehlər “KAT LTD” MMC-yə, Bakı şəhəri İcra Hakimiyyətinə (bundan sonra – Bakı şəhəri İH) və C.Sultanova qarşı Bakı şəhəri İH-nin 7 iyun 2006-cı il tarixli, 146 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın əvəzinin ödənilməsinə dairiddia tələbləri təmin edilməmişdir.

Həmin qətnamədən “Qartal” firması tərəfindən verilmiş apellyasiya şikayətiBakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK)24 iyun 2014-cü il tarixli qətnaməsi ilə qismən təmin edimiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qismən,yəni Bakı şəhəri İH-nin 7 iyun 2006-cı il tarixli, 146 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması və maddi zərərin ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia qismən təmin edilmişdir.

“KAT LTD” MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin MK-nın 14 oktyabr 2014-cü il tarixli qərarı ilə təmin olunmamış və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Ali Məhkəmənin MK-nın 14 oktyabr 2014-cü il tarixli qərarının Konstitusiyanın 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139, 146.1, 146.2 və 146.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)88, 217 və 218-ci maddələrinə uyğun olmayan hesab edilməsini və həmin işə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsihər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

Bununla əlaqədar qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsimübahisəni həll edərkənbelə qənaətə gəlmişdir ki, iddiaçı “Qartal” firması tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir.     

Lakinapellyasiya instansiyasıməhkəməsi iddiaçının apellyasiya şikayətiəsasında heç bir yeni və ya əlavə sübutları araşdırmadanvə hər hansı maddi hüquq normasına əsaslanmadan, 24 iyun 2014-cü il tarixli qətnaməsində “Qartal” firmasının mübahisəli torpaq üzərində xüsusi mülkiyyət hüququnu və həmin torpağın ona məxsusluğunu tanımışdır. Halbuki, həmin məhkəmə qərarlarındagöstərilmişdir ki, mübahisənin predmeti olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri ilə bağlanmış icarə müqavilələri 11 iyun 2007-ci il tarixində ləğv edilmişdir.

Burada həmçinin nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallara görəmübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış və digər mülkiyyət növünə keçməmişdir. Bu torpaq sahəsi əvvəllər tam dövlət mülkiyyətli müəssisə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyinin balansında olmuş, həmin Birlik ləğv edildikdən sonra isə mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmışdır. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanları olan Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) və Bakı şəhəri İH həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, torpaq sahəsinə dairsərəncam vermək, habelə torpaq sahəsindən çıxarılma məsələsinin həllinə dair məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması zamanı torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin, habelə dövlət mülkiyyətində olan torpağın hüquqi əsaslarının təhlili zəruridir.

Konstitusiyanın 13-cü maddəsinin II hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur.

Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya)  1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.

Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır.

Mülkiyyətin bu növləri bazar dövriyyəsində olan torpaqlara da aiddir. Belə ki, torpaq alqı-satqının, icarənin, istifadənin və digər əqdlərin predmeti ola bilər. Azərbaycan RespublikasındaXX əsrin 90-cı illərinin ortalarından başlanan torpaq islahatı torpaqların fərqli mülkiyyət növlərindəistifadəsini mümkün etdi.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının1996-cı il 16 iyul tarixli Qanununa (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) əsasənvahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

Həmin Qanunun 6-cı maddəsinə görə dövlət mülkiyyətində mütləq qaydada saxlanılan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Bu icra hakimiyyəti orqanları sırasında, ilk növbədə, Nazirlər Kabineti nəzərdə tutulur.

Belə hüquqi tənzimləmə “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının1999-cu il 7 may tarixli Qanununun 8-ci maddəsinin dördüncü hissəsindəmüəyyən edilmişdir.

“Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsində müəyyən edilən mütləq qaydada dövlət mülkiyyətində saxlanılan torpaq sahələri ilə yanaşı, digər ictimai əhəmiyyətli torpaq sahələrinin də dövlət mülkiyyətindən çıxarılmasına məhdudiyyət qoyulur. Dövlət mülkiyyətində olan bu cür ictimai əhəmiyyətli torpaq sahələri daimi istifadəyə verilir.

Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 50-ci maddəsinin 2-ci hissəsinə görə müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına verilir.

Bununla dövlət mülkiyyətində olan torpaq sahələri çoxmərtəbəli yaşayış evlərinin inşasına ayrılaraq müddətsiz istifadəyə verilir və həmin binaların çoxmülkiyyətliliyininəzərə alaraq və ictimai maraqları rəhbər tutaraq torpağın mülkiyyətçisi dəyişdirilmədən saxlanılır.Bu cür torpaqlar müvəqqəti və ya daimi istifadədə, habelə icarədə olduqda belə şəxsi mülkiyyət predmeti kimi mübahisələndirilə bilməz.

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququnun təmin olunması ilə əlaqədar bildirmişdir ki, istifadə olunan vasitələrlə nail olunan məqsəd arasında ağlabatan mütənasiblik qorunmalıdır.

Avropa Məhkəməsi Gauşin Fransaya qarşı iş üzrə 19 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dövlət, məcburetmə vasitələrinin və qanunun məqsədlərinə nail olmaq üçün ictimai maraqların təminatında özünü doğruldan məcburetmənin tətbiqinin müəyyən edilməsində geniş səlahiyyətlər seçiminə malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, Fransa qanunvericiliyi əsasında xüsusi təyinatlı torpaqlara ictimai maraqların təmin olunması məqsədi ilə müddətli icarə müqavilələrinin bağlanması və bu müqavilənin xüsusi mülkiyyət hüququnun yaranmasına əsas olmamasıKonvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməməlidir.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyənmüvafiq hüquq normalarının təhlilini zəruri hesab edir.

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biriTorpaq Məcəlləsidir.

Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır.

Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasınınqanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları).

Göründüyü kimi,torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən tətbiq edilməli olanmaddi hüquq normalarınıtətbiq etməməklə“Qartal” firmasının mübahisəli torpaq sahəsinə dair artıq bitmişicarə hüququnuheç bir əsas gətirmədən mülkiyyət hüququ kimi qiymətləndirmişdir.

Mülki Prosessual Məcəllənin76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh “KAT LTD” MMC tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədinin olmaması və bununla da “Qartal” firmasının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulmaması barədə irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələbləri ilə uzlaşmayan 24 iyun 2014-cü il tarixli qətnamə qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında ədalətli məhkəmə araşdırılması hüququnun təminatı baxımından məhkəmələr tərəfindən qəbul edilən aktların qanuni və əsaslı olmasının vacibliyini göstərmişdir.

Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə üzrə30 dekabr 2008-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il və N.Manafovun şikayəti üzrə 13 iyul 2009-cu il tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumuİ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarındaxüsusi ilə bildirmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələri).

Lakin Ali Məhkəmənin MKMülki Prosessual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməyərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş,14 oktyabr 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 24iyun 2014-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlamaqla S.Ələkbərovanın Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozmuşdur. 

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Qartal” firmasının mübahisəli torpaq sahəsi üzərində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinə dairmülkiyyət hüququnun tanınması və onların sökülməsi ilə bağlı kompensasiyanın alınması barədə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Qartal” firmasının cavabdehlər “KAT LTD” MMC-yə, Bakı şəhəri İH-yə və C.Sultanova qarşı Bakı şəhəri İH-nin 7 iyun 2006-cı il tarixli, 146 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinə dair mülki iş üzrə“KAT LTD” MMC-nin kassasiya şikayəti əsasında qəbul edilmişAli Məhkəmənin MK-nın 14 oktyabr 2014-cü il tarixli qərarıKonstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

  

QƏRARA ALDI:

  

1.“Qartal” firmasının cavabdehlər “KAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri İcra Hakimiyyətinə və Cavanşir Sultanova qarşı Bakı şəhəri İcra Hakimiyyətinin 7 iyun 2006-cı il tarixli, 146 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinə dair mülki iş üzrə “KAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti əsasında qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarıAzərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

     

 

Sədr                                                                                                   Fərhad  Abdullayev