ANA SƏHİFƏ » Qərarlar » 20.04.15 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

 

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

20 aprel 2015-ci il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov,  İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin  hakimi Xəyalə Cəmilovanın, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun, 

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyevanın,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyevin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi Samirə Musayevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 44-cü maddəsinin bəzi müddəalarının şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, iddiaçı “Halal” Mənzil Tikinti Kooperativi (bundan sonra – “Halal” MTK) 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Halal” MTK-nın vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri kimi onun bank hesablarına sərəncam qoyulmasının vergi orqanlarına qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, “Halal” MTK-nın bank hesablarına sərəncamların qoyulması vergi orqanlarına qadağan edilmişdir.

2 saylı Ərazi Vergilər Departamenti tərəfindən vəsatət verilərək həmin qərardadın  dəyişdirilməsi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qərardad qəbul olunması xahiş edilmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qərardadı ilə 2 saylı Ərazi Vergilər Departamentinin vəsatəti təmin edilməmişdir.

2 saylı Ərazi Vergilər Departamenti həmin qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir.

Müraciətdə həmçinin göstərilir ki, İnzibati Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər.

Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər.

Sumqayıt Apellyasiya Məhkəməsi hesab edir ki, məhkəmə təcrübəsində qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsinin “şəraitin dəyişməsi ilə bağlı” müddəasının, həmin Məcəllənin 44.1-ci maddəsinin “bunun üçün kifayət qədər əsaslar olduğu hallarda” müddəasının və 44.1-ci maddəsində nəzərdə tutulmuş qərardaddan şikayət verilməsinin mümkünlüyünün həmin Məcəllənin 83.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 60-cı maddələrinin tələbləri baxımından şərh edilməsinə ehtiyac vardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini,  hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir.

İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə müəyyən edilir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin şərh edilməsi üçün İnzibati Prosessual Məcəllənin məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərindən bəhs edən normalarının ətraflı açıqlanmasını zəruri hesab edir.

İnzibati Prosessual Məcəllənin VII fəslində yer alan və məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri institutu, ilk növbədə, iddiaçının hüquqi müdafiə vasitələrindən daha effektiv istifadə etməsini təmin etməyə yönəlmişdir.

İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur.

 Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

Müvəqqəti xarakterli müdafiə barədə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək və ya müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər (İnzibati Prosessual Məcəllənin 40.2 və 40.3-cü maddələri).

İnzibati Prosessual Məcəllənin 41-ci maddəsi inzibati aktın icrasının  dayandırılması məsələsini tənzimləyir. Həmin maddəyə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır.

İnzibati Prosessual Məcəllənin 41.5-ci maddəsində isə qeyd olunur ki, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

İnzibati Prosessual Məcəllənin qeyd olunan normasında yalnız inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında qərardaddan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin belə ərizələrin təmin edilməsi hallarında digər tərəfin apellyasiya şikayəti vermək hüququnun olub-olmaması barədə həmin normalarda heç bir müddəa mövcud deyildir.

Konstitusiya Məhkəməsinin Plenumu müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardaddan apellyasiya şikayət verilməsi məsələsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.       

Bununla yuanaşı İnzibati Prosessual Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İnzibati prosesdə  çəkişmə prinsipi tərəflərin mübahisəli bir prosesdə  iştirakını və prosesin ikitərəfli olmasını ifadə edir.

Qeyd olunduğu kimi, İnzibati Prosessual Məcəllənin 41.5-ci maddəsində inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında qərardaddan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin belə ərizələr təmin edildikdə, digər tərəfin şikayət vermək hüququ imperativ qaydada istisna edilməmişdir.

Eyni zamanda, qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətinə aid etmişdir. Belə ki, Məcəllənin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər.

Qeyd olunan maddədən görünür ki, qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.

Bununla yanaşı İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadın ləğv edilməsi üçün vəsatətin verilməsi hüququna inzibati prosesin hər bir iştirakçısı malikdir. Belə ki, həmin maddəyə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər.

Göründüyü kimi, qanunverici məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsinin 2 qaydasını müəyyən etmişdir.

Birincisi, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında qərardadın dəyişdirilməsi (İnzibati Presessual Məcəllənin   41.5-ci maddəsi);

İkincisi, şəraitin dəyişməsi ilə bağlı qərardadın dəyişdirilməsi (İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsi).

 İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsinin məzmunundan  göründüyü kimi, şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi barədə qərardaddan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmasa da, bu, imperativ qaydada istisna edilməmişdir.

İnzibati Prosessual Məcəllənin 81.1-ci maddəsinə görə inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 83.3-cü maddəsində müstəqil qaydada şikayət verilməsi qadağan olunmuş qərardadların siyahısı tam olaraq göstərilmişdir. Həmin maddədə müvəqqəti xarakterli müdafiə barədə qərardad qeyd edilməmişdir. Bununla belə, bu normaya əsasən müstəqil mübahisələndirilməsi qadağan edilməyən məhkəmə qərardadlarından apellyasiya şikayəti verilməsi mümkün sayılmalıdır.

  Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında  Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair”  2014-cü il 29 aprel tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada təsbit olunmuş ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərini, inzibati məhkəmə icraatının qanun və məhkəmə qarşısında bərabərliyi və çəkişmə prinsiplərini, İnzibati Prosessual Məcəllənin 81 və 83-cü maddələrini nəzərə alaraq, həmin Məcəllənin 41.5-ci maddəsində göstərilən inzibati aktın icrasının dayandırılması barədə ərizə üzrə qəbul edilən qərardaddan və həmin Məcəllənin 44.2-ci maddəsində nəzərdə tutulan şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısının apellyasiya şikayəti vermək hüququ istisna olunmamalıdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsinin “şəraitin dəyişməsi ilə bağlı” müddəasının, həmin Məcəllənin 44.1-ci maddəsinin “bunun üçün kifayət qədər əsaslar olduğu hallarda” müddəasının şərh edilməsi məsələsinə dair Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Qeyd edilməlidir ki, qanunverici məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsaslarını İnzibati Prosessual Məcəllənin 43-cü maddəsində dəqiq müəyyən etmişdir. Həmin maddəyə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.

Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmə müvəqqəti xarakterli müdafiə haqqında qərardadını şəraitin dəyişməsi ilə əlaqədar kifayət qədər əsaslar olduğu halda dəyişdirməyə haqlıdır. Məhkəmə həmin qərardadın dəyişdirilməsi ilə əlaqədar vəsatətə baxarkən İnzibati Prosessual Məcəllənin 43.1.1 və 43.1.2-ci maddələrində müəyyən olunan əsasları nəzərə alaraq, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarına hansı dərəcədə ziyan dəyəcəyini qiymətləndirməlidir.

Eyni zamanda, məhkəmə şəraitin dəyişməsinin baş verməsini işin faktiki hallarının araşdırılması və qiymətləndirilməsi nəticəsində müəyyən edə bilər. Müvəqqəti xarakterli müdafiə barədə qərardaddan şəraitin dəyişməsi ilə əlaqədar inzibati icraat iştirakçılarının vəsatətinə baxarkən məhkəmə, müvəqqəti xarakterli müdafiə tədbirinin secilməsi üçün əsas olan halların dəyişməsinə, aradan qalxmasına səbəb olmuş halları və sübutları dəqiq qiymətləndirməlidir.

Hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsi, aradan qalxması və ya həmin hallara əlavə sənədlər və ya ekspertin rəyi əsasında yenidən qiymət verilməsi və s. başa düşülür.

 Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:                                                                                                        

- İnzibati Prosessual Məcəllənin 41.5-ci maddəsində göstərilən inzibati aktın icrasının dayandırılması barədə ərizə üzrə qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısının apellyasiya şikayəti vermək hüququ istisna edilməməlidir;

- İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsində nəzərdə tutulan şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısı apellyasiya şikayəti vermək hüququna malikdir;

- İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsində nəzərdə tutulan “şəraitin dəyişməsi” müddəası müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsini, aradan qalxmasını və ya həmin hallara əlavə sənədlər və ya ekspertin rəyi əsasında yenidən qiymət verilməsini və s. halları ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.5-ci maddəsində göstərilən inzibati aktın icrasının dayandırılması barədə ərizə üzrə qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısının apellyasiya şikayəti vermək hüququ istisna edilmir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulan şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısı apellyasiya şikayəti vermək hüququna malikdir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulan “şəraitin dəyişməsi” müddəası müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsini, aradan qalxmasını və ya həmin hallara əlavə sənədlər və ya ekspertin rəyi əsasında yenidən qiymət verilməsini və s. halları ehtiva edir.

4.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

  

Sədr                                                                                           Fərhad Abdullayev