ANA SƏHİFƏ » Qərarlar » 30.03.15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

  

QƏRARI

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair

  

30 mart 2015-ci il                                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Astara rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Fərid Nağıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Astara rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Astara rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra –  Cinayət Məcəlləsi)  188-ci maddəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 70-ci maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, məhkəmənin icraatında Z.Cabbarovun meşə fonduna aid 0,6 ha torpaq sahəsini qanunsuz zəbt edib özbaşına fərdi yaşayış evi tikərək torpaq üzərində mülkiyyət hüququnu pozması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır.        

Müraciətedən hesab edir ki, qanunvericilikdə eyni əmələ görə iki növ məsuliyyət nəzərdə tutulduğundan, meşə fonduna aid torpağın zəbt edilməsində  təqsirli olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi məsələsində məhkəmə təcrübəsində qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə Cinayət Məcəlləsinin 188-ci maddəsinin İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi baxımından şərh edilməsinə ehtiyac vardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra – Torpaq Məcəlləsi) Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir (Torpaq Məcəlləsinin 2-ci maddəsi).

Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür.

Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Eyni zamanda, Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi əhəmiyyətinə görə dəqiq və ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;  xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları;  ehtiyat fondu torpaqları.

Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

torpaq sahələrinin özbaşına tutulması;

torpaq sahələrində qanunsuz tikinti aparılması;

torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s.

Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Meşə Məcəlləsi (bundan sonra – Meşə Məcəlləsi)    Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir (Meşə Məcəlləsinin 4-cü maddəsi).

Meşə Məcəlləsinin 6-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir (Meşə Məcəlləsinin 11-ci maddəsi).

Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər (Meşə Məcəlləsinin 79-cu maddəsi).

 Beləliklə, torpaq və meşə qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq kateqoriyaları dövlət tərəfindən müdafiə olunur.  

Belə müdafiə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, mülki və cinayət məsuliyyəti növlərində müəyyən olunmuşdur.

Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

İlk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur.

Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması  mülkiyyət hüququnun hər bir  elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir.

Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir.

Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır).

Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir.

Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür.

Bununla yanaşı, torpaq və meşə qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində də  məsuliyyət nəzərdə tutulmuşdur.

İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir. 

Cinayət Məcəlləsinin 188-ci maddəsindən fərqli olaraq, İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyekti Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar deyil, yalnız meşə fondu torpaqlarının mühafizəsi və onlardan səmərəli istifadə olunması sahəsində yaranan ictimai münasibətlərdir.

İnzibati Xətalar Məcəlləsinin göstərilən maddəsi ilə inzibati məsuliyyəti yaradan əməllər - meşə fondu torpaqlarının özbaşına tutulması, istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılması və ya digər işlərin görülməsi bu xətanın obyektiv cəhətidir.

Cinayət və inzibati xətalar qanunvericiliyinin təhlil olunan normalarından görünür ki, hər iki Məcəllə ilə qorunan obyekt Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən torpaqlarla bağlı yaranan ictimai münasibətlərdir. Cinayət qanunvericiliyində bu obyektə bütün kateqoriya torpaqlar, inzibati xətalar qanunvericiliyində isə yalnız meşə fondu torpaqları aid edilmişdir. Beləliklə, hər iki norma (Cinayət Məcəlləsinin 188-ci və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələri) mahiyyət etibarı ilə meşə fondu torpaqlarını hüquqazidd qəsdlərdən mühafizə edir.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 188-ci maddəsində və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsində hüquqazidd əməllərin bəzi obyektiv cəhəti də üst-üstə düşür. Qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulması, yəni cinayətin obyektiv cəhəti, torpaq sahəsini özbaşına tutmada, dəyişdirmədə və becərmədə ifadə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsində də meşə fondu torpaqlarının özbaşına tutulması, istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılması və ya digər işlərin görülməsi bu xətanın obyektiv cəhəti hesab edilir.

Qeyd edilməlidir ki, cinayət və inzibati xətalar qanunvericiliyi ilə qorunan obyektə yönələn hüquqazidd əməllərin obyektiv cəhətlərinin üst-üstə düşməsi həmin əməllərin tövsifində qeyri-müəyyənliyə səbəb olur və hüquqtətbiqetmə təcrübəsində çətinliklər yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət və inzibati xətalar qanunvericiliklərinin məsuliyyət nəzərdə tutan normaları birmənalı, aydın, ardıcıl və başadüşülən olmalı, eyni hüquqazidd əmələ görə məsuliyyət nəzərdə tutan hüquq normalarının tərkibi qanunverici tərəfindən dəqiq və bir-birindən fərqli müəyyən olunmalıdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquqtətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər. 

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin  Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq, qanunda dəqiq və aydın göstərilməlidir.   Eyni zamanda, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.  

Konstitusiyanın 94-cü maddəsi qanunvericilik sahəsində Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərini müəyyən etmişdir.  Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi qanunvericilik hakimiyyəti orqanının müstəsna səlahiyyətinə aid edilmişdir.

Qeyd olunmalıdır ki, qanunverici meşə fondu torpaqlarının cinayət və inzibati hüquq-müdafiə tədbirlərini tənzimləyərkən bu hüquq müdafiə tədbirlərinin doğurduğu nəticələrlə hüquq pozuntusu nəticəsində dəymiş zərər arasında mütənasiblik tələbini nəzərə almalıdır. Bu, cinayət tərkiblərinin müəyyən edilməsi zamanı konstitusiyaya əsaslanan məqsədəmüvafiqliyi istisna etmir, habelə vətəndaşların bu və ya digər hüquqlarının və qanuni maraqlarının daha səmərəli müdafiəsini zəruri edən konkret şəraitdə ictimai münasibətlərin faktiki vəziyyətinin nəzərə alınmasına, bərabərlik və ədalət konstitusiya prinsiplərinə riayət edilməklə, cinayət məsuliyyətinin cinayət qanunu ilə qorunan dəyərlərə mütənasibliyinin təmin olunmasına əsaslanır.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,  Cinayət Məcəlləsinin 188-ci və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin tərkiblərinin dəqiq və bir-birindən fərqli müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Bununla yanaşı, Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi zamanı  mülkiyyətçiyə, ətraf mühitə və s. dəyən zərərdən asılı olaraq, vurulmuş zərərin miqdarı baxımından əməlin və onun doğurduğu nəticələrin ictimai təhlükəliliyi nəzərə alınmalıdır. Əks hal bərabərlik və ədalət konstitusiya prinsiplərinin pozulmasına, mülkiyyət hüququnun, ətraf mühitin cinayət və inzibati hüquqi müdafiəsinin zəifləməsinə, cinayət əməlindən zərər çəkmiş şəxslərə münasibətdə diskriminasiyaya səbəb olar.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət qanunu öz hüquqi təbiəti baxımından dövlətin hüquqazidd əmələ reaksiyasının ən son vasitəsi olaraq öz təsirini ictimai münasibətlərə yalnız o halda göstərir ki, digər sahəvi, o cümlədən inzibati məsuliyyəti müəyyən edən hüquq normaları vasitəsilə onların tənzimlənməsi kifayət etmir. Belə ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.

 Yuxarıda qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- Cinayət Məcəlləsinin 188-ci və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

- cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.     

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

  5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                   Fərhad Abdullayev