ANA SƏHİFƏ » Qərarlar » 12.03.15 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair

 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun
 
QƏRARI
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair
 
 
12 mart  2015-ci il                                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Teymur Ocaqverdovun,
maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Munis Abuzərlinin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
 İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektin nümayəndəsinin, ekspertin rəyini və mütəxəssislərin çıxışlarını, dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN  ETDİ:
 
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 449.2.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 20 may 2014-cü il tarixində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “İcbari sığortalar haqqında” Qanun) əsasən sığortalanmış “Mercedes” markalı avtomobil ilə “Nissan Juke” markalı avtomobil toqquşmuşdur. Bu barədə “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Sığorta Hadisələri Departamentinə (bundan sonra - “Azsığorta” ASC-nin SHD) məlumat verilmişdir.
Hadisə ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin (bundan sonra - Nəsimi RPİ TŞ) baş təhqiqatçısı tərəfindən araşdırma aparılaraq belə nəticəyə gəlinmişdir ki, “Mercedes” markalı sığortalı avtomobili sahibi deyil, digər şəxs idarə etmiş, yol nəqliyyat hadisəsi də onun yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Həmin şəxsin əməlində isə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçının 05 iyun 2014-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 151.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması qənaətinə gəlinmiş, material baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir.
Sığortaçının nümayəndəsi CPM-in 449.1 və 449.2.3-cü maddələrini rəhbər tutaraq, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçının 05 iyun 2014-cü il tarixli qərarının onun subroqasiya hüququnu pozduğunu əsas götürərək, həmin qərarın ləğv edilməsi və materialın təkrar araşdırılması üçün geri qaytarılması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişdir.
Nəsimi rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, şikayət mübahisə olunan qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir.
Nəsimi rayon Məhkəməsinin həmin qərarı ilə razılaşmayan sığortaçının nümayəndəsi apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2014-cü il tarixli qərarı ilə şikayət təmin edilərək, qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
İşə baxan Bakı şəhəri Nəsimi rayon Məhkəməsi əvvəlki nəticəyə gələrək bildirmişdir ki, yol nəqliyyat hadisəsi üzrə ilkin araşdırma aparan təhqiqatçının qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan “Azsığorta” ASC SHD-nin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ yoxdur.
Məhkəmənin qərarı ilə razılaşmayan sığortaçının nümayəndəsi yenidən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası “Azsığorta” ASC-ni maraqlarına toxunulan şəxs kimi qəbul edərək, təhqiqat orqanının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”ndan şikayət verə bilmə imkanı barədə birinci və apellyasiya instansiyası məhkəmələrində yaranmış yanaşma müxtəlifliyi baxımından CPM-in 449.2.3-cü maddəsinə şərh verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Müraciətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.2-ci maddəsinə görə normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.
Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır.
Məhkəməyədək araşdırma mərhələsində şikayət dedikdə, cinayət barədə ərizə və müraciətlərin yoxlanılması, həmçinin cinayət işlərinin istintaqı prosesində cinayət mühakimə icraatında iştirak edən şəxslərin prokuror, müstəntiq, təhqiqat orqanı (təhqiqatçı) tərəfindən həqiqətən pozulmuş və ya pozulması ehtimal edilən hüquq və qanuni mənafelərinin bərpa edilməsi barədə tələbi başa düşülür.
Prosesin məhkəməyədək mərhələsində icraatı aparan orqanların qərar və hərəkətlərindən şikayət verilməsi və bu şikayətlərə baxılması zamanı əmələ gələn münasibətlər öz hüquqi təbiətinə görə cinayət-prosessual xarakterlidir və şikayət- etmə sahədaxili cinayət-prosessual normalarla tənzimlənir. Belə münasibətlərin əmələ gəlməsinə səbəb olan hüquqi fakt kimi, yalnız səlahiyyətli dövlət orqanlarının məhkəməyədək icraat zamanı prosessual hərəkət və ya qərarlarından verilən şikayət çıxış edir.
Məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya qərarlar təşkil edir.
Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat və istintaq orqanlarının, prokurorun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Şəxsiyyətin, xüsusilə də cinayət prosesi iştirakçılarının hüquqlarına zəruri diqqət yetirmədən həqiqi ədalət mühakiməsini həyata keçirmək mümkün deyil.
Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiə və təmin edilməsi hüquqi dövlətin mühakimə icraatında yeritdiyi ədalət siyasətinin ana xəttidir və məhkəmə hakimiyyətinin həyata keçirilməsinin yeganə yoludur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə tam uyğundur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şərh olunan normanın təhlili üçün CPM-də insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən, cinayət prosesi iştirakçılarının statusuna aid olan bəzi maddələr nəzərdən keçirilməlidir.
Belə ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (CPM-in 12.3-cü maddəsi).
CPM-in 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.
Təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət verilməsi CPM-in 212.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu normada göstərilir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.
Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi isə CPM-in 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. CPM-in 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər:
- cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;
- tutulma və həbsdə saxlanması;
- tutulmuş şəxslərin hüquqlarının pozulması;
- həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;
- cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;
- məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi;
- təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri).
Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir.
CPM-in 449.2.3-cü maddəsindən göründüyü kimi, qanunverici məhkəmə nəzarəti qaydasında təhqiqatçının, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən yalnız prosessual qaydada proses iştirakçısı və ya tərəf kimi tanınmış şəxslərlə kifayətlənməmiş, bu şəxslərin proses iştirakçısı və ya tərəf kimi qanunla müəyyən edilmiş qaydada tanınmasını əsas götürməmiş, eləcə də bu qərarların qəbulu və ya hərəkətin edilməsi (edilməməsi) ilə digər şəxslərin hüquq və azadlıqlarının pozulmuş hesab edilməsini əsas götürmüşdür.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 449.2.3-cü maddəsinin tulan “digər şəxslər” müddəası elə şəxsləri nəzərdə tutur ki, onlar prosesdə iştirakçı və tərəf deyildir. Buna ilk növbədə, CPM-in X Fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslər; hal şahidi; şahid; mütəxəssis; ekspert; tərcüməçi və sair aiddir. CPM-in X Fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslərin siyahısını qəti siyahı hesab etmək olmaz. “Digər şəxslər”ə həmçinin törədilmiş və ya hazırlanan cinayət barədə məlumat verən şəxs (CPM-in 204.3-cü maddəsi); cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərən şəxs (zərərçəkmiş şəxsdən başqa) (CPM-in 148.2.2-ci maddəsi); meyitin müayinəsində iştirak edən həkim (CPM-in 238.4-cü maddəsi); eksqumasiya olunmalı olan şəxsin yaxın qohumları və ya onun qanuni nümayəndələri (CPM-in 237.2-ci maddəsi); şahidin nümayəndəsi (vəkili) (CPM-in 95.6.11-ci maddəsi); yetkinlik yaşına çatmamış şahidin qanuni nümayəndəsi (CPM-in 228.2-ci maddəsi); yetkinlik yaşına çatmayan şahidin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsində iştirak edən müəllim, həkim (psixoloq) (CPM-in 228.2-ci maddəsi); hərbi hissə komandiri (CPM-in 171-ci maddəsi); yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən şəxsin himayəsinə verildiyi etibar edilmiş şəxs (şəxsi zamin) (CPM-in 166.2-ci maddəsi); girov qoyan şəxs (təqsirləndirilən şəxsdən başqa) (CPM-in 164.3-cü maddəsi); tanınmaya təqdim olunan şəxs (CPM-in 239.5-ci maddəsi), həmçinin hər hansı bir formada özünün prosessual hüquq və ya vəzifəsini həyata keçirən bütün digər şəxslər aid edilir.
Vətəndaşların konstitusiya ilə təmin edilən hüquq və azadlıqlarının pozulması faktı xüsusi əhəmiyyət kəsb etdiyinə görə, məhkəməyədək icraat zamanı məhkəməyə müraciət etmək üçün kifayət qədər əsas verir.
Göstərilən xüsusiyyətlər(meyarlar) nəzərə alınmaqla qanunda şikayət vermək hüququ dəqiq qeyd edilmiş şəxslərlə yanaşı, şikayət vermək hüququ olan şəxslərə həmçinin cinayət-prosessual fəaliyyətin o iştirakçıları da aid edilmişdir ki, onların hüquqi statusu qanunda qismən tənzimlənmişdir.Yaxud da ki, qanunda onların adı çəkilsə də, hüquqi vəziyyətləri ümumiyyətlə müəyyən edilməmişdir. Göstərilən şəxslər  ibtidai araşdırma orqanının hərəkəti və ya qərarları ilə faktiki olaraq cinayət-prosessual münasibətlərinin subyekti vəziyyətinə düşürlər və bu münasibətlər gedişində onların hüquq və mənafeləri pozulur və ya pozula bilər.
 Bununla belə, “İcbari sığortalar haqqında” Qanunun 22.2.7-ci maddəsinə görə, sığortalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməməlidir.
 Sığortaçının sığorta ödənişini vеrdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası MM-in 936-cı maddəsində və “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır (“İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsi).
 “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Qanunverici “İcbari sığortalar haqqında” Qanuna əsasən sığortaçıya, sığorta hadisəsi ilə bağlı həqiqəti müəyyən etmək üçün hadisə yerinə gəlib bütün halların araşdırılması imkanını verməklə, faktiki olaraq onu cinayət-prosessual fəaliyyətin  epizodik iştirakçısına çevirmişdir.        
Bununla da, qanunverici digər tərəfdən sığortaçıya cinayət prosesində subroqasiya hüququnu reallaşdırmaq üçün təminat vermişdir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, CPM-in 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə  bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr                                                                                  Fərhad Abdullayev