ANA SƏHİFƏ » Qərarlar » 02.02.15 M.Həsənovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12/04/14 tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
 
M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
2 fevral 2015-ci il                                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi Mehriban Həsənovanın nümayəndəsi Aqil Layıcovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
M.Həsənova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin (bundan sonra – Məhkəmə tərkibi) 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi M.Həsənova cavabdeh G.Həsənovaya və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsinə, mənzil orderinin adına dəyişdirilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanında yerləşən binanın 10 saylı mənzilinə dair G.Həsənova və mənzilin əvvəlki sahibi arasındakı əqd yalan əqd olduğundan həmin mənzilə dair G.Həsənovanın adına verilmiş orderin əri T.Həsənovun birinci dərəcəli vərəsəsi olduğundan onun adına dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. M.Həsənova sonradan iddia tələbinin həcmini dəyişdirərək, cavabdeh G.Həsənovaya və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsini, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsini, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsini və maliyyə arayışının iddiaçının adına verilməsini məhkəmədən xahiş etmişdir.
Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli qətnaməsi ilə M.Həsənovanın iddiası təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 22 noyabr 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək M.Həsənovanın iddiası rədd edilmişdir.
M.Həsənova Ali Məhkəməyə ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. M.Həsənova yeni açılmış hal kimi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin 30 dekabr 2013-cü il tarixli cinayət işi üzrə çıxarılmış qərarına istinad etmişdir.
Məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı ilə M.Həsənovanın ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) baxışına çıxarılmasından imtina edilmişdir.
Məhkəmə tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin 30 dekabr 2013-cü il tarixli qərarı Ali Məhkəmənin MK-nın 22 noyabr 2012-ci il tarixli qərarından sonra qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 432.2.1-ci maddəsinə əsasən işə əvvəllər baxılarkən məlum olmayan həlledici material hesab edilə bilməz. Məhkəmə tərkibinin qənaətinə görə məhkəmə qərarı qəbul etdikdən sonra yaranmış yeni hal, hətta bu hal iş üçün həlledici olsa belə, yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Bu halda yeni halın mövcudluğu, məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas ola bilməz. Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin 30 dekabr 2013-cü il tarixli qərarı isə məhkəmə hökmü olmadığına görə MPM-in 432.2.3-cü maddəsində nəzərdə tutulan əsas kimi çıxış edə bilməz.
M.Həsənovanın qənaətinə görə, Məhkəmə tərkibi MPM-in 432.2.1-ci maddəsinin tələblərini nəzərə almadan, tətbiq edilməli olan qanun normasını tətbiq etmədən 12 aprel 2014-cü il tarixli qərardadı ilə ərizəçinin tələbini əsassız olaraq rədd etmiş, bununla da onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsi).
Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.
Beləliklə, işə yeni açılmış hallar üzrə yenidən baxılmasının məqsədi heç də məhkəmə səhvlərinin aradan qaldırılması deyil, qərar qəbul edildikdən sonra məlum olan hallar üzrə işə yenidən baxılmasıdır.
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları MPM-in 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir:
 məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;
 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;
 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;
 həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
MPM-in 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumu baxır.
MPM-in 432.2-ci maddəsində qeyd olunmuş əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə təqdim edilən ərizə MPM-in 434 və 435-ci maddələrinin tələblərinə cavab verdikdə, o, işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılır.
Konstitusiya Məhkəməsinin Plenumu A.Yəhyazadənin şikayətinə dair 2013-cü il 16 iyul tarixli Qərarında qeyd etmişdir ki,  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə bu səlahiyyətin yalnız Ali Məhkəmənin Plenumuna verilməsi məhkəmə qərarlarının stabilliyinin təmin edilməsinin qarantı olmaqla yanaşı, həm də mülki mühakimə sahəsində vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir.
MPM-in 437-ci maddəsinin tələbinə görə yeni açılmış hallar üzrə verilən ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır.
MPM-in 437.2-ci maddəsinə əsasən məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:
- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);
- bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda ərizənin rədd edilməsi haqqında;
- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında.
Məhkəmə tərkibi yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması üçün ərizənin Ali Məhkəmənin Plenumuna göndərilməsi barədə qərardad qəbul etdikdən sonra ərizəyə Plenumun iclasında baxılır. Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir, lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur. (MPM-in 437.4-cü maddəsi).
Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas kimi yalnız MPM-in 432.2-ci maddəsində sadalanan dörd müstəqil əsasdan birinə istinad edilə bilər. Mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır.
Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarlarından biri də son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda məhkəmədə işlərin baxılması əsassız uzana və ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə bağlı təcrübəsi ilə üst-üstə düşərək, axırıncı instansiya (kassasiya) məhkəməsinin qərarlarının mübahisələndirilməsindən çəkindirməkdən ibarətdir. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Hüquqi qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarında qeyd etmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.
Avropa Məhkəməsi hüquqi müəyyənlik prinsipinin qorunması baxımından artıq qüvvəyə minmiş məhkəmə qərarının mübahisələndirilməməsinə xüsusi önəm verir. Avropa Məhkəməsi bir sıra qərarlarında bildirmişdir ki, hüquq sistemində məhkəmə qərarlarına müddətsiz nəzarət institutunun mövcud olması məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il, Volkova Rusiyaya qarşı iş üzrə 2005-ci il, Kutepov və Anikeyenko Rusiyaya qarşı iş üzrə 2005-ci il tarixli Qərarlar).
Qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılması və ləğvi hüquqi müəyyənlik prinsipinin digər vacib ünsürü olan məhkəmə işlərinə “ağlabatan müddət”də baxılması şərtini də poza bilər. Avropa Məhkəməsi Koem və digərləri Belçikaya qarşı iş üzrə 2000-ci il 22 iyun tarixli Qərarında hüquqi müəyyənlik prinsipi baxımından işlərə “ağlabatan müddət”də baxılması şərtinin universal xarakter daşıdığını və hüquq sahələri baxımından istisnalıq təşkil etməməsini bildirmişdir. Bununla yanaşı, işə “ağlabatan müddət”də baxılması sübutların əhəmiyyətini itirməmək, onları düzgün və obyektiv qiymətləndirmək imkanını yaradır.
Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxılması yalnız MPM-in 432.2-ci maddəsində qeyd olunmuş əsaslardan hər hansı biri mövcud olduğu halda hüquqi müəyyənlik prinsipinin qorunması baxımından mümkündür.
M.Həsənovanın konstitusiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qətnamənin çıxarılmasına səbəb olmuş sənədin saxtalaşdırılmasına görə iş üzrə tərəf olmuş G.Həsənovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icraat başlanılmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Belə ki, şikayətçi tərəfindən yeni açılmış hal kimi qeyd olunan G.Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə barəsində başlanılan cinayət işinin icraatına xitam verilməsinin əsası kimi CM-in 15.2, 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41, 280 və 281-ci maddələrinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi göstərilmişdir.
MPM-in 432.2.2-ci maddəsinin tələblərinə görə, həmin maddədə nəzərdə tutulan hallar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyi təqdirdə müvafiq mülki iş üzrə yeni açılmış hallar üzrə yenidən baxılmasına səbəb ola bilər. Beləliklə, qanunvericinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məsələsinə xüsusi ehtiyatla yanaşmasının səbəbi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaqdan ibarətdir. 
Bununla yanaşı qeyd edilməlidir ki, müəyyən obyektiv səbəblərdən, məsələn, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur. Lakin şahidin bilə-bilə yalan ifadələr verməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması və ya MPM-in 432.2.2-ci maddəsində nəzərdə tutulan digər hallarda cinayəti törətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər. 
Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayətinə dair 2013-cü il 16 iyul tarixli Qərarında müqayisəli təhlil aparılaraq qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması institutu bir sıra ölkələrin (Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Gürcüstan) mülki prosessual qanunvericiliyində fərqli qaydada müəyyən edilmişdir. Belə ki, bu ölkələrin qanunvericiliyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məhkəmə aktını qəbul etmiş məhkəmənin səlahiyyətinə aid edilmişdir. Bu həm birinci instansiya məhkəməsi, həm də apellyasiya və kassasiya instansiyası məhkəmələri ola bilər.
Qeyd edilməlidir ki, M.Həsənova tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsas qismində təqdim olunan sənədin saxtalaşdırılmasına görə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməsi haqqında məlumat “əqdin yalan əqd hesab edilməsinə, mənzil orderinin adına dəyişdirilməsinə dair” iddia üzrə mülki işin araşdırılması və ədalətli həll olunması üçün əhəmiyyət kəsb edir.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 432.2.2-ci maddəsində göstərilən yeni açılmış hallar üzrə işlərə yenidən baxılması üçün əsasların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş müddəaları baxımından tətbiq edilməsini vacib hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu eyni hüquqi mövqeyi A.Yəhyazadənin şikayətinə dair 2013-cü il 16 iyul tarixli Qərarında da ifadə etmişdir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  M.Həsənovanın G.Həsənovaya və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iş üzrə Məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.  M.Həsənovanın G.Həsənovaya və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr                                                                             Fərhad Abdullayev