ANA SƏHİFƏ » Qərarlar » 04.03.15 M.Hüseynovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
 
M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
4 mart 2015-ci il                                                                                  Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
ərizəçi Məhərrəm Hüseynov və onun vəkili Bəylər Məmişovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı M.Hüseynovun cavabdeh “Dərəçiçək” Mənzil Tikinti Kooperativinə (bundan sonra – “Dərəçiçək” MTK) qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Təbriz küçəsi ev 21 ünvanında inşa edilmiş binada 3 otaqlı mənzilin M.Hüseynova təhvil verilməsi vəzifəsi “Dərəçiçək” MTK-ya həvalə edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 17 fevral 2014-cü il tarixli qətnaməsi ilə üçüncü şəxs Esmiralda Bağırlının apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi həmin mənzilin M.Hüseynova təhvil verilməsi vəzifəsinin “Dərəçiçək” MTK-ya həvalə edilməsi hissəsində ləğv edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 16 iyul 2014-cü il tarixli qərarı ilə M.Hüseynovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
M.Hüseynov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə əməl edilməmiş və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmamışdır.
Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri).
Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.
Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır.
Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması bəyan edilmişdir.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, M.Hüseynov ilə “Dərəçiçək” MTK arasında 1 may 2005-ci il tarixində iki alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən “Dərəçiçək” MTK inşa etdiyi yüksək mərtəbəli binada 2 və 3 otaqlı iki mənzilin M.Hüseynova təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Eyni zamanda, “Dərəçiçək” MTK tərəfindən verilmiş 1 may 2005-ci il tarixli maliyyə arayışına əsasən M.Hüseynov mənzillərin dəyərini tam ödəmişdir.
Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Dərəçiçək” MTK mənzilləri M.Hüseynova satmış, sonuncu isə mənzillərin dəyərini tam ödəmişdir.
Birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklərin icra edilməməsini əsas götürərək “Dərəçiçək” MTK tərəfindən 3 otaqlı mənzilin M.Hüseynova təhvil verilməsini qət etmişdir.
Birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunan qətnamə hüquq və vəzifələrinə toxunan şəxs E.Bağırlı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən M.Hüseynov ilə “Dərəçiçək” MTK arasında alqı-satqı müqaviləsinin 1 may 2005-ci il tarixdə bağlanmasını, lakin həmin müqavilədə M.Hüseynova Gəncə şəhəri Nizami RPİ tərəfindən 13.06.2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin seriyasının və nömrəsinin yazıldığını əsas gətirmişdir. Bununla da Bakı Apellyasiya Məhkəməsinin MK həmin müqavilənin şəxsiyyət vəsiqəsinin verilməsindən əvvəl tərtib olunmasının qeyri-mümkün olduğu və bu müqavilənin M.Hüseynova şəxsiyyət vəsiqəsinin verilməsindən sonra tərtib edildiyi qənaətinə gəlmişdir.
Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, müqavilənin hansı tarixdə tərtib edilərək imzalandığını müəyyən etmək mümkün olmadığından, onun bağlandığı tarix qeyri-müəyyən hesab edilməlidir. İmzalandığı tarix qeyri-müəyyən olan sadə yazılı formalı müqavilə əhəmiyyətsiz əqddir, çünki belə müqavilənin qüvvəyə minmə anı məlum olmur.
Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin MK M.Hüseynova 13.06.2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini əsas götürərək 1 may 2005-ci il tarixli müqavilənin bağlanması tarixinin qeyri-müəyyən olması qənaətinə gəlmiş və həmin müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından onu etibarsız hesab etmişdir.
Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).
Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.
Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.
Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir:
- tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi;
- öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi;
- öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası.
Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir.      
Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. (Mülki Məcəllənin 418.1-ci maddəsi).   
Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etməmək haqqında qərara gəlməlidir.
Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə “Dərəçiçək” MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxil edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz.
Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh “Dərəçiçək” MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh “Dərəçiçək” MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh “Dərəçiçək” MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh “Dərəçiçək” MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır.
Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, “Dərəçiçək” MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir.
Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin  425-ci maddəsi).
Mülki Məcəllənin  385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi).
Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır.
Göründüyü kimi, satıcı “Dərəçiçək” MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, “Dərəçiçək” MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.  
M.Hüseynovun kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 16 iyul 2014-cü il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə “Dərəçiçək” MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Dərəçiçək” MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür.
Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz “Dərəçiçək” MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, M.Hüseynovun “Dərəçiçək” MTK-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi, müqavilə predmetinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 16 iyul 2014-cü il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. M.Hüseynovun “Dərəçiçək” Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi, müqavilə predmetinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədr                                                                                   Fərhad Abdullayev