ANA SƏHİFƏ » Qərarlar » 11.02.15 A.Şoşanovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11/06/14-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
11 fevral 2015-ci il                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
ərizəçi Alı Şoşanovun vəkili Fərzəli Əliyevin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN  ETDİ:
 
A.Şoşanov cavabdehlər Mehriban Bağırovaya və Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, qeyri-qanuni hasarlamanın dayandırılması, tikilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır.
İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2005-ci il tarixli, 344 saylı sərəncamına və Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 26 dekabr 2005-ci il tarixli, 36682 saylı müqaviləyə əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində cavabdeh M.Bağırova tərəfindən qeyd olunan tikinti işləri aparılmışdır.
M.Bağırova isə qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, həmin bağ sahəsinə dair müqavilənin və plan-eskizin etibarsız hesab edilməsini xahiş etmişdir.
Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 7 noyabr 2013-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, A.Şoşanovun iddiası təmin edilməmiş, M.Bağırovanın qarşılıqlı iddiası təmin edilərək, A.Şoşanov ilə bağlanmış müqavilə əsasında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bağ sahəsinin plan-eskizi etibarsız hesab edilmişdir.  
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 11 iyun 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi M.Bağırovanın A.Şoşanova qarşı bağ sahəsinə dair bağlanmış icarə müqaviləsi əsasında verilmiş plan-eskizin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra  – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 156, 178.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə ) 9, 14, 77, 88, 416, 417 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə) 15 və 16-cı bəndləri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Ərizəçi hesab edir ki, bununla da onun Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.
Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).
Prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları təqdim edir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Mülki Prosessual Məcəllənin 64.1, 79.1, 88 və 97.1-ci maddələri).
Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri).
Qanunverici ekspertin rəyini iş üzrə sübut növü kimi müəyyən etdiyindən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması tələbi həmin sübut növünə də şamil edilir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
Məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra – DTXK) tərəfindən 14 dekabr 2012-ci il tarixli məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd edilir ki, mübahisə predmeti olan torpaq sahələri dövlət mülkiyyətində: saxlanılan torpaqlar kateqoriyasına aiddir və A.Şoşanovun təqdim etdiyi bağ sənədində göstərilən sahə (846f saylı 0,12 ha bağ sahəsi) ilə M.Bağırovaya 5 iyun 2007-ci il tarixli müqavilə ilə verilmiş 3600 kv.m torpaq sahəsi üst-üstə düşür.
Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi) tərəfindən məhkəməyə ünvanlanmış 19 yanvar 2013-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 846f saylı bağ sahəsinin keçmiş Bağ Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid əraziyə aiddiyyətinin olmadığı, həmin sahənin dovlət torpağı olduğu müəyyən olunmuşdur.
Bununla yanaşı, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 23 yanvar 2013-cü il tarixli məktubunda göstərilir ki, 846f saylı bağ sahəsinin keçmiş Bağ Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid əraziyə və bələdiyyə mülkiyyətinə aiddiyyətinin olmadığı, M.Bağırovanın adına Binəqədi Bələdiyyəsi tərəfındən verilmiş icarə müqaviləsinin DƏDRX-də qeydiyyatının aparılmadığı müəyyən edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra – MEM) 7 fevral 2013-cü il tarixli məktubla məhkəməyə göndərilmiş rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahələri dövlət mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aiddir. Qeyd olunmalıdır ki, həmin rəy DTXK-nin mütəxəssis rəyində və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 19 yanvar 2013-cü il tarixli məktubunda müəyyən edilmiş göstəricilər nəzərə alınmaqla hazırlanmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahəsi ilə bağlı mübahisələr həll edilərkən, torpaq sahələrinin hüquqi rejiminin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mütəxəssis və məhkəmə ekspertizasının rəylərinə hüquqi qiymət verilərək, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, məhz dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallara diqqət yetirməsi həmin halların prosessual qanunvericiliyə uyğun müəyyən edilib-edilməməsindən irəli gəlir. Həmçinin, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).   
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi iş üzrə keçirilmiş məhkəmə-hüquq ekspertizasının nəticələrinin ziddiyyətli olmasını, həmçinin iş üzrə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş müvafiq rəylərə və məktublara əsasən mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsinin mümkün olmamasını göstərmişdir.
Bakı Apellyasiya Məhkəməsinin MK M.Bağırovanın apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, onun bağ sahəsinə dair bağlanmış icarə müqaviləsi əsasında verilmiş plan-eskizin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasını təmin edərək, A.Şoşanova mübahisəli torpaq sahəsinə dair plan-eskizin mülki qanunvericiliyə uyğun verilməməsi və cavabdehin mülki hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə əsaslandırmışdır.
 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. (Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Həmin Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK ərizəçinin əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir.
Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Binəqədi Bələdiyyəsi ilə M.Bağırova arasında bağlanmış 5 iyun 2007-ci il tarixli 763 saylı icarə müqaviləsinə uyğun olaraq Novxanı bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona 0,36 ha torpaq sahəsi icarəyə verilmişdir.
Qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan torpaqların icarəyə verilməsi haqqında aktlar (qərarlar) qəbul edirlər.   
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.    
Mülki Məcəllənın 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur.
Mülki Məcəllənın 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət  tərəfindən tanınan və qorunan hüququdur. Bu mənada bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin icarəyə verilməsi, yəni həmin torpaq sahəsinə dair sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı qeyd olunmalıdır ki, mülkiyyət hüququna malik olmadan sərəncam hüququnun həyata keçirilməsi mülki qanunvericiliyin qeyd olunan norması ilə ziddiyyət təşkil edir.     
Bununla yanaşı, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən bələdiyyə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxarkən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilənlərə, eləcə də ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir.
Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi üzərində Binəqədi Bələdiyyəsinin mülkiyyət hüququnun olub-olmamasını, həmin sahənin M.Bağırovanın istifadəsinə icarə hüququ əsasında verilərkən yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə riayət olunub-olunmamasına dair A.Şoşanovun irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, məhkəmə ekspertizasının nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmiş və həmin nəticələrlə razılaşmamasının səbəblərini də məhkəmə aktında əsaslandırmamışdır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
Halbuki Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).      
Maddi hüquq normalarına gəldikdə isə Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
A.Şoşanovun kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmamasına lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 11 iyun 2014-cü il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüququnun pozulmasına gətirib çıxarmışdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçı A.Şoşanovun cavabdehlər M.Bağırovaya və Binəqədi Bələdiyyəsinə qarşı qeyri-qanuni hasarlamanın dayandırılması, tikilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 11 iyun 2014-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA  ALDI:
 
1. A.Şoşanovun cavabdehlər M.Bağırovaya və Binəqədi Bələdiyyəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, icarə müqaviləsinin etibarsız hesab edilməsi və digər iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədr                                                                                  Fərhad Abdullayev