ANA SƏHİFƏ » Qərarlar » 27.07.00 Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsi haqqında

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsi haqqında
 
 
27 iyul 2000-ci il                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), ha­kimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim) R.Qvaladze, E.Məmmədov, S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi V.Zeynalovun,
sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,
cavab verən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Babayevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2000-ci il tarixli 5-1-2000 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, sorğuverən orqanın qanuni nümayəndəsi B.Əsədovun, cavabverən orqanın qanuni nümayəndəsi İ.Babayevin çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin birinci hissəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Bu maddənin ikinci hissəsində isə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanın və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II və VII hissələrinə, 147-ci maddəsinin I hissəsinə, 149-cu maddəsinin III hissəsinə uyğunluğunun yoxlanmasını xahiş edir.
Məsələ ilə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 69, 70, 73, 75, 103-cü maddələrinin, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin, 28 dekabr 1999-cu il tarixdə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 296-cı maddəsinin Azərbaycan Respublikası Milli Məclisinin Aparatında təsdiq olunmuş rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin birinci hissəsində torpaq mübahisələri həll edən orqanlar sırasında müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə və məhkəmələr göstərilmiş, ikinci hissəsində isə icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən çıxarılmış qərarlarla tərəflər razı olmadıqda mübahisələrə məhkəmələrdə baxılması müəyyən edilmişdir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54, 69, 70, 73, 75-ci maddələrinin təhlili göstərir ki, torpaq sahələrinin verilməsi, geri alınması, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüququnun məhdudlaşdırılması, onlara xitam verilməsi, habelə digər mülki hüquq münasibətlərindən yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.
Bir tərəfin başqa tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak mübahisələrinin həll edilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır. Bununla əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin birinci hissəsində torpaq mübahisələrini həll edən orqanlar sırasında müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr də göstərilmişdir. Lakin yaranan torpaq mübahisələrinin həll edilməsi üçün hansı orqana – müvafiq icra hakimiyyəti orqanına, bələdiyyəyə və ya bilavasitə məhkəməyə müraciət etməsi şəxsin öz iradəsindən asılıdır.
Torpaq mübahisələrinə məhkəmələrdə baxılmasının müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə əlaqələndirməsi şəxsin birbaşa məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə məhdudlaşma hər kəsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində və 71-ci maddəsinin II və VII hissələrində göstərilən hüquqlarının tam həcmdə həyata keçirilməsinə maneə yaradır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin ikinci və beşinci hissələrindəki müddəaların hüquqi və fiziki şəxslərin ilk növbədə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət etmək şərti kimi qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin II hissəsinin və 149-cu maddəsinin III hissəsinin tələbləri ilə də uzlaşmır.
Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün şərt deyildir.
«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi isə Azərbaycan Respublikası Torpaq Məcəlləsindən zamanca daha sonra qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıdakiları nəzərə alaraq hesab edir ki, şəxs torpaq mübahisələri ilə bağlı hüquqlarının müdafiə edilməsi üçün bilavasitə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəməyə müraciət etmək hüququnun olması şəxsin torpaq mübahisələrini həll etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət etmək hüququnu da istisna etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və IV, VI hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A  A L D I:
 
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 71-ci maddəsinin II və VII hissələrinin, 147-ci maddəsinin I hissəsinin, 149-cu maddəsinin III hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müddəa şəxsin torpaq mübahisələrini həll etmək üçün bilavasitə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
2. Torpaq mübahisələri ilə bağlı hüquqlarının pozulduğunu hesab edən şəxs onun bərpa edilməsi üçün öz iradəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanına, bələdiyyə və ya bilavasitə məhkəməyə müraciət edə bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 Sədrlik edən                                                                                     Xanlar Hacıyev