ANA SƏHİFƏ » Qərarlar » 22.01.15 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair (QƏRARDAD)

 
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ
 
QƏRARDADI
 
 
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair
 
 
22 yanvar 2015-ci il                                                          Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Mahir Muradov (sədrlik edən), Rövşən İsmayılov (məruzəçi-hakim), Sona Salmanova və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Vüqar Zeynalovun iştirakı ilə
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli 2(103)-6356/14 nömrəli müraciətinə baxaraq
 
MÜƏYYƏN ETDİ:
 
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4-cü maddəsinin ikinci cümləsinin “müəyyən müddət” və “istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəaların şərh olunması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciətdə göstərilir ki, məhkəmənin icraatında Vüsalə Şıxbabayevanın Lyudmila Həsənovaya qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” barəsində ilkin, cavabdehin isə “mənzildən çıxarma” barədə qarşılıqlı tələbinə dair mülki işə baxılır.
İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, digər qohum kimi iddiaçı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbini, qarşılıqlı iddiaçı olan mülkiyyətçisi isə yaşayış sahəsindən çıxarma tələbini irəli sürmüşdür. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə onun keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Göstərilən maddənin məzmununda ifadə olunan “müəyyən müddət” və “istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəaları məhkəmələr arasında fikir ayrılığı yaratmaqdadır. Müraciətedən hesab edir ki bu müddəaları ilə əlaqədar məhkəmə təcrübəsində yaranmış çətinliklər Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə şərh verilməsini zəruri etmişdir.
Müraciətdə məhkəmələrin “istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”  müddəanın tətbiqi ilə əlaqədar mövcud mövqeləri bir neçə qrupa bölünmüşdür:
- keçmiş ailə üzvünün istifadə hüququnun saxlanması onun tərəfindən irəli sürülmüş istifadə hüququnun tanınmasına dair tələbinin yoxlanması zamanı həll edilməlidir;
- mülkiyyətçinin irəli sürdüyü mənzildən çıxarma tələbinin yoxlanılması zamanı həll edilərək müəyyən müddətə keçmiş ailə üzvünün mənzildə yaşaması təmin edilməlidir;
- mülkiyyətçinin keçmiş ailə üzvü müstəqil iddia icraatı qaydasında müəyyən müddətə istifadə hüququnun saxlanması tələbini irəli sürmək hüququna malikdir;
- müəyyən müddətə yaşayış sahəsindən istifadə edilməni təmin etmək üçün mənzildən çıxarma ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təxirə salınması ilə bağlı qərarın qəbul edilməsi ilə mümkündür.
Bu yanaşmanı dəstəkləyən məhkəmələr öz mövqelərini oxşar vəziyyəti tənzimləyən “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsi ilə əsaslandırırlar. Həmin maddənin tələbinə görə tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər.
Müraciətdə daha sonra qeyd olunur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin “müəyyən müddət” müddəası məhkəmələr arasında digər fikir ayrılığına səbəb olmuşdur. Belə ki, məhkəmələr bu müddətin “ömürlük”, “keçmiş ailə üzvünün himayəsində azyaşlı uşağının olduğu hallar uşağın 3 (üç) yaşına çatanədək”, “mülkiyyətçinin hüququnun daha çox məhdudlaşdırılmaması üçün konkret olaraq 1 (bir) il və ya 2 (iki) il və s.” kimi müəyyən edirlər.
Müraciətedən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 228-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrini müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, göstərilən hüquqi məqamlara aydınlıq gətirilməsi vahid məhkəmə təcrübəsinin formalaşması, hüquq münasibətləri iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin daha səmərəli və dürüst təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, aşağıda göstərilənlərə əsasən müraciət icraata qəbul edilə bilməz.
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin tələblərinə görə məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Qeyd olunmalıdır ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində qanunun normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məsələsinin Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunması mümkünlüyü istisna edilməməlidir.
Bununla belə, məhkəmələr öz səlahiyyət hədlərində qanunun normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasının mümkün olmadığını hesab etdikdə, Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər
Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd edir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı apellyasiya instansiyası məhkəməsi işin konkret hallarından asılı olaraq vətəndaşların hüquq və azadlıqlarını təsbit edən Konstitusiyanın müvafiq müddəalarına uyğun və hüquq münasibətlərini tənzimləyən hüquq normalarının mətn və məzmununa riayət etməklə müəyyən nəticəyə gələ bilər (Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Mülki Məcələsinin 421, 423 və 430.1-ci maddələrinin şərh edilməsi ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə dair” 22 oktyabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin şərh edilməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair” 11 sentyabr 2013-cü il tarixli Qərardadları).
Müraciətdə qaldırılan birinci məsələ faktiki olaraq kimin və hansı anda Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması (xitamı) tələb etmək hüququna malik olmasına aiddir. Məhkəmələr bu məsələnin həlli zamanı Konstitusiya Məhkəməsi Plenumunun əvvələr formalaşdırdığı hüquqi mövqeyələr nəzərə almalıdır.
Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.
Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər.
Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir.
Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari).
Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, hazırki vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən geniş müzakirəsinə ehtiyac olmadığından icraatına qəbul olunmasından imtina edilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 37.0.2, 60.1, 60.2 və 68.1-ci maddələrini rəhbər tutaraq
 
QƏRARA ALDI:
 
1.        Qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin “müəyyən müddət” və “istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəalarının şərh olunması ilə bağlı 11 dekabr 2014-cü il tarixli 2(103)-6356/14 nömrəli müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilsin.
2.        Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
3.        Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
 
 
Sədrlik edən                                                                           Mahir Muradov