ANA SƏHİFƏ » Qərarlar » 12.07.00 «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında»
Azərbaycan Respublikası Qanununun
8-ci maddəsinin üçüncü bəndinin şərh edilməsinə dair
 
 
12 iyul 2000-ci il                                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,
İ.İsmayılovun katibliyi ilə,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi E.Əskərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 14 iyun tarixli 5-1/2000 saylı sorğusuna baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri B.Əsədov və E.Əskərovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda göstərilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndində şəxsin yaşayış yeri üzrə  qeydiyyata alınmasından imtina edilməsi əsasları sırasında ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olunmaqla, həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az sahə düşdüyü hallar da nəzərdə tutulmuşdur. Qanunda bu müddəanın hansı mülkiyyət növündə olan yaşayış sahələrinə şamil edilməsi göstərilmədiyindən həmin bəndin şərh edilməsi xahiş olunur.
Baxılan məsələ ilə əlaqədar iş materiallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40, 118-ci maddələrinin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinə əsasən şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olunmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə müvafiq dövlət orqanı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mənzil sahəsi norması adambaşına on iki kvadrat metr müəyyən edilmişdir. Təcrübədə həmin müddəanın həmçinin xüsusi mülkiyyətdə olan mənzillərə (evlərə) də şamil edilməsi istisna olunmur.
Xüsüsi mülkiyyətçinin ona məxsus olan yaşayış sahəsinə başqa şəxslərin köçürülməsinin mənzil sahəsi norması ilə məhdudlaşdırılması və köçürülən şəxslərin qeydiyyata alınmasından bu əsasla imtina edilməsi vətəndaşların mülkiyyət və azadlıq konstitusiya hüquqları ilə ziddiyyət təşkil edir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından  ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının bu normasına əsaslanan «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində də qeyd edilir ki, mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsi onun xüsusi əmlakı olduğundan, o həmin əmlaka sahib olmağa, ondan istifadə etməyə və onun barəsində sərəncam verməyə haqlıdır. Əmlakdan istifadə etmək hüququ vətəndaşa məxsus olan yaşayış sahəsinə başqa şəxslərin köçürülməsinə də aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuşdur ki, xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər.
Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
Hər bir insanın hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququ İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 13-cü maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və digər beynəlxalq aktlarda da öz əksini tapmışdır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinin müddəalarının xüsusi mülkiyyətdə olan mənzillərə (evlərə) aid edilməsi əsasında mülkiyyət və azadlıq konstitusiya hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin  II  hissəsinə də uyğun deyil. Həmin maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə etmək hüququ, o cümlədən həmin sahəyə başqa şəxslərin köçürülməsi qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla mülkiyyətçinin arzusundan asılıdır və mənzil sahəsi norması ilə məhdudlaşdırıla bilməz. Öz növbəsində köçürülmüş şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edilməsinin mənzil norması ilə əlaqələndirilməsi həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına da səbəb olduğuna görə yolverilməzdir.
Bununla belə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onu da göstərməyi vacib bilir ki, mülkiyyət və azadlıq konstitusiya hüquqlarının təmin edilməsi digər şəxslərin hüquqlarına, ictimai mənafelərinə də xələl gətirməməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının və onun əsasında qəbul olun­muş bir sıra qanunların müddəalarını nəzərə almaqla xüsusi mülkiyyətdə olan mənzillərdə (evlərdə) yaşayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasından sonra yaranan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və digər hüquqi münasibətlərin tənzimlənməsinə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
 
Q Ə R A R A   A L D I:
 
1. Şəxsin mülkiyyət və azadlıq konstitusiya hüquqlarının təmin edilməsi baxımından «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinin müddəaları xüsusi mül­kiy­yətdə olan mənzillərdə (evlərdə) yaşayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması hallarına şamil edilə bilməz.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, bu qərarın 1-ci bəndinə və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən xüsusi mülkiyyətdə olan mənzillərdə (evlərdə) yaşayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasından sonra yaranan  mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların  uçotu və digər  hüquqi münasibətlərin  tənzimlənməsi üçün zəruri tədbirlər görsün.
3. Qərar dərc edildiyi gündən qüvvəyə  minir.
4. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                          Xanlar Hacıyev